Rəmiş əvəzedilməzdi? - Deputat “hə” dedi, tanınmış gitaraçı RAZILAŞMADI

Rəmiş əvəzedilməzdi? - Deputat “hə” dedi, tanınmış gitaraçı RAZILAŞMADI

Zaman-zaman məşhur ifaçılar musiqi alətlərinə öz möhürlərini vurublar. Onların bu musiqi alətləri ilə adı qoşa çəkilib. Saz deyəndə Aşıq Ədalət, kamança deyəndə Habil Əliyev, gitara deyəndə Rəmiş göz önünə gəlirdi. İndi onların hər biri haqq dünyasına qovuşub.


Modern.az indiki dövrdə Rəmişi əvəzləyəcək və ya onun yolu ilə gedən gitaraçılarımızın olub-olmadığına aydınlıq gətirib.


Tanınmış gitaraçı Rəhman Məmmədli sənətin bir nəfərlə bitmədiyini qeyd edib:


“Bir nəfərlə bitsəydi Cabbar Qaryağdı oğlundan sonra Arif Babayev, Yaqub Məmmədov oxumazdı. Birmənalı olaraq gitaranı Azərbaycana Rəmiş sevdirdi, amma Rəmiş olan zamanda da çox böyük musiqiçilərimiz var idi. Sənət çox ali səviyyədə davam edir və edəcək. Əsrimiz elə əsrdi ki, inkşaf, tərəqqi çox yüksək səviyyədədir. Rəmişin çox gözəl davamçıları var və olacaq.

Mən hər zaman əlimdə olan faktlara əsaslanaraq danışıram. “Qarabağ şikəstəsi”ni mənim ifamda eşidiblər və ABŞ-ın Texas ştatının Dallas şəhərinə dəvət edilmişəm. Orada Azərbaycan gitara ifasını təbliğ etmişəm. Amma məndən də güclü gitaraçılar var və gələcək. O güclü gitaraçılardan da güclüləri gələcək, çünki sənət bu üslubda davam edir”.


Milli Məclisin deputatı Aqil Abbas gitaranı milliləşdirənin Rəmiş olduğunu vurğulayıb:


“Vaxtilə Süleyman Abdullayev də 7 simli xüsusi gitarada ifalar edib və gitaranı azərbaycanlılaşdırıb. Lakin elektron gitaranı Azərbaycana Rəmiş gətirib. Məsələ gitaranı ümumiləşdirmək deyil, onu qeyri-adi ifa etməkdir. Gözəl gitara çalan yaşlılar da, gənclər də var. Gitara Rəmişin atasından qalmayıb, necə ki Vaqif Mustafazadə, Bülbül, Rafiq Babayev əvəzedilməzdirsə, eləcə də Rəmiş də əvəzedilməzdir”.


Mehri QURBAN

Mənbə: modern.az