Son bir ayda dünyasını dəyişən incəsənət xadimləri - SİYAHI - VİDEO

Son bir ayda dünyasını dəyişən incəsənət xadimləri - SİYAHI - VİDEO

Azərbaycanda baş verən ölüm halları incəsənət xadimlərindən də yan keçməyib. Ölümlərin əsas səbəbi dünyanı əsirinə alan koronavirus infeksiyasıdır. Son bir ayda Azərbaycan mədəniyyəti 6 tanınmış simasını itirib.

Xalq şairi Musa Yaqub bu gecə 84 yaşında dünyasını dəyişib. Musa Yaqub İsmayıllı rayonu Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə alırdı və vəziyyəti ağır idi.

Öz vəsiyyəti bundan ibarət idi ki, Buynuz kəndində həyat yoldaşının yanında dəfn edilsin". Xalq şairi Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Ötən gün həm də koronavirusdan müalicə olunan Xalq artisti Arif Quliyev dünyasını dəyişib. Bir müddət əvvəl koronavirusa (COVID-19) yoluxan Xalq artisti "Yeni Klinika"da müalicə olunurdu.

Dünyasını dəyişən aktyor süni tənəffüs aparatına qoşulmuşdu. Onun ağ ciyərlərinin 90 faizi buzlaşmışdı.

İki gün əvvəl isə Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq şairi Fikrət Qoca 86 yaşında vəfat edib. F.Qoca səhər saatlarında-evində dünyasını dəyişib.

Mayın 4-də müğənni Aslan Hüseynov dəhşətli yol qəzasında həyatını itirib. Mərhum Gəncədə anasının məzarının yanında torpağa tapşırılıb.

Azərbaycanın Əməkdar artisti Baloğlan Əşrəfov da koronavirusdan dünyasını dəyişən incəsənət nümayəndələrindəndir.

Bir müddət əvvəl infeksiyaya yoluxan Baloğlan Əşrəfov evində müalicə alırdı. Qeyd edək ki, sənətkar 2007-ci ildə qaraciyər serrozundan əziyyət çəkdiyi üçün Türkiyədə əməliyyat olunmuşdu. Uzun müddət orada müalicə alan B.Əşrəfova qaraciyər köçürülmüşdü.

Aprelin 5-də Azərbaycanın Xalq artisti, gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) vəfat edib. Rafiq Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranıb. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. Gitaraçı Rəmiş də koronavirusdan həyatı itirib.

Alçina Amilqızı

Mənbə: bizim.media