"Arif Quliyev sovet yumorunun qəlibi idi, yeni epoxada ona artıq yer yox idi"

"Arif Quliyev sovet yumorunun qəlibi idi, yeni epoxada ona artıq yer yox idi"

Arif Quliyevi ilk dəfə deyəsən uşaq vaxtı “Səhər görüşləri”ndə görmüşdüm. Səndələyə-səndələyə gələn, saçları pırpız qalxmış, qəmli gözləri ilə araq butulkasını qucaqlayan Arif evdə şən qəhqəhələrə səbəb olmuşdu.
Mən də gülürdüm. Sonra həmişə TV-də onun oynadığı səhnəcikləri maraqla gözləyərdim.

Onun parlayan zəfəri, qurub edən şöhrəti ağrılı-acılı ömrünün kədərli səhifəsidir.

Arif sovet yumorunun usta sənətçisi idi. “İcazəli gülüş” dövranın satira qəhrəmanları Arifin ifasında xüsusi koloritdə görünürdü. İmtahanda rüşvət alan müəllimin, tapşırılan tələbənin, yerində olmayan işçinin replikaları gülüş yaradırdı, hamının əzab çəkdiyi probelmlər səhnədə yumorla baxılırdı.
Onun konsertləri daim anşlaq olurdu. Bir-birini təkrarlayan yumoru onu sevənləri bezdirmirdi.

Sovet tamaşaçıları üçün Arif Quliyev antidesprant idi. Hamının yüz dəfə ölçüb biçərək elədiyi hərəkət, dediyi sözləri Arif səhnədən tam sərbəst deyir və edirdi.

Arif uşaq evində böyümüşdü. Çox çətin keçən uşaqlıq onun ömründə qorxu dolu izini qoymuşdu. Arif sanki əldə etdiklərinə inana bilmir, hər şeyin bir anda itirəcəyindən ehtiyat edirdi.
İddiasız idi Arif. Böyük səhnələrə, böyük rollara iddia etmirdi. Amma səhnədən şövqlə danışırdı.

Qəmli gözləri ilə sanki rejissorlara onu niyə “kəşf edə” bilmədiklərindən şikayət edirdi.
Ürəyində gizlətdiyi kədərin bir epizodu yadımda qalıb. Sumqayıtın kimya cəhənnəminə həsr olunmuş “Mənim ağ şəhərim” filmində Arifin sovet kimya zavodlarının fəsadından yaranmış uşaq qəbristanlığında körpə qəbirləri qarşısında hönkür-hönkür ağlaması epizodu məni kövrəltmişdi.

Onun qurubu 1990-cı illərdən başladı.

Bünövrəsindən dağılan sovet yumoru Arifi yeni dövranın cəngəlləyndə itirdi. Yeni dövrün yumorunda Arif “yad” görünürdü. “Beşmərtəbəli söyüşün”, qurşaqdan aşağı zarafatların başladığı bu dövranda Arif hövüllü halda çırpınırdı. Yerini axtarırdı. İndi onun zarafatları adamı əsəbləşdirir, qəhrəmanları, yumoru dəbdən düşmüşdü.

Arif təslim olmaq istəmirdi.
Amma tamaşaçı qəddar idi. Ondan dövrana uyğunlaşmağı tələb edirdi.

Arif bunu bacarmırdı.

Arif Quliyev sovet yumorunun qəlibi idi. Yeni epoxada ona artıq yer yox idi.
Arif Quliyev bununla barışdı. TV-lərdə epizodik görüntülər, “fon görüntüsü”, dövlət təminatı onun son sığınacağı oldu.
Arif Quliyev sırtıq və həyasız yumora məğlub oldu.

Aktyor xalqımızda milli yumorun necə deformasiyaya uğramasının canlı barometrinə çevrilmişdi.

İndi onun yumoru kədər doğururdu, qüssəli gözləri ilə danışdığı lətifələr isə adamlara uşaqlıqlarını, dünyadan köçmüş ata-analarını, onların şən qəhqəhələrini xatırladırdı.

Arif Quliyev isə bunların fərqində deyildi sanki...Elə eyni zarafatlarını təkrar-təkrar deyirdi.

Sonuncu dəfə onu 2019-cu ildə, nəşriyyatda gördüm...Qocalmış və elə bil bürüşmüş canını götürüb ayağını sürüyə-sürüyə gedirdi.

Arif Quliyev bu dövrdə qərib idi. Dövran onun deyildi.

O özü də bunu bilirdi.

Xəqani Səfəroğlu

Mənbə: pravda.az