“Şuşada çalınacaq Zəfər nəğməsi Xankəndiyə yayılacaq, düşmənə göz dağı olacaq” - Fərhad Bədəlbəyli

“Cənab Prezidentin Şuşanı mədəniyyət paytaxtı elan etməsi tarixi və ədalətli sənəddir. Çünki Şuşa buna layiqdir. Şuşa yüz illər ərzində Xan qızı Natəvan, Üzeyir Hacıbəyov, Niyazi, Soltan Hacıbəyov, Fikrət Əmirov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov, Xan Şuşinski kimi dahilər yetişdirib. Bilirsiniz, bu insanların hamısı Şuşanın rəmzidir. Şuşa doğrudan da həmişə mədəniyyətlə bağlı şəhər idi. Şuşa ustadların şəhəri idi. Şəhərin hər bir sakini bir ustad idi, kimisi xalçaçı idi, kimisi papaqçı, kimisi tar-kamança düzəldirdi. Bütün işlər mədəniyyətlə bağlı idi”.

 

Bunu Modern.az-a açıqlamasında əslən Şuşadan olan bəstəkar, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli ölkə başçısının Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsilə bağlı danışarkən bildirib.

 

F.Bədəlbəylinin sözlərinə görə, ölkə başçısının son sərəncamı həm də düşmən üçün göz dağıdır:

“Bu o deməkdir ki, onlar gələcəkdə bir də Azərbaycana göz tikməsinlər və birdəfəlik məsələ bağlansın. Gələcək nəsillər biz çəkdiyimiz dərdi çəkməsinlər. 28 il idi ki, bu dərd bizi içimizdən yeyirdi, bu dərd bizi qocaltdı. Amma indi əksinə, Şuşanın azadlığı ilə cavanlaşacağıq. Allah qoysa, Şuşada bir-birindən gözəl musiqi festivalları, Vaqif poeziya günləri, Üzeyir bəyin doğum gününü keçirəcəyik. Biz həmişə deyirdik o gün olsun Şuşada “Koroğlu” uvertürasına qulaq asaq, artıq o gün bu gündür. Musiqi böyük silahdır, Şuşada çalınacaq zəfər nəğmələrinin səsi Xankəndiyə yayılacaq. Cıdır düzündə simfonik orkestrin ifası düşmənə bir işarə verəcək ki, ağıllı olun, qurtarın oyunları. Ya Azərbaycan vətəndaşı olun ya da bu torpaqdan rədd olun.

Vaxtilə Vasif Adıgözəlov “Laylay Şuşa”nı yazanda, biz hamımız ağlayırdıq, dərdləşirdik. İnşallah, 3-4 gün sonraonun “ Qarabağ aratoriyası” Cıdır düzündə Dövlət Simfonik Orkestri Dövlət Kopellası ilə ifa olunacaq. Dirijor isə onun oğlu, Xalq artisti Yalçın Adıgözəlov olacaq. Bu, simvolik konsert olacaq. Mən həmişə deyirdim ki, ən böyük arzum Cıdır düzündə ifa etməkdir. Çünki biz, vaxtilə Maestro Niyazi ilə birlikdə Şuşada çıxış edirdik. İndi yenə o vaxt gəldi. Bu, böyük bayramdır, mən hər bir Azərbaycanlını təbrik edirəm”.

 

Bəstəkar Şuşa ilə bağlı arzularını da dilə gətirib:

“Mənim arzumdur ki, Şuşada Akademiyamızın filialını açaq. Yay fəslində orada ustad dərsləri keçək. Ən yaxşı professorlar, ustadlar Akademiyaya dəvət olunsun. Şuşa beynəlxalq statusa layiqdir. Turistlər gəlməlidir, simpoziumlar, şahmat yarışları keçirilməlidir. Niyə şahmat? Çünki vaxtilə Xan Qızı Şuşada Aleksandr Düma ilə şahmat oynayıb. Şuşa belə şəhər idi. Bir sözlə, Şuşa ilə bağlı saysız-hesabsız planlarımız var. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaq”.

Modern.az

ƏVVƏLKİ XƏBƏR

“WhatsApp” yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçiləri deaktiv etməyəcək

SONRAKI XƏBƏR

Radioaktiv zəhərli göldə şəkil çəkdirdilər - Xəbərdarlıq edilsə də... / FOTOLAR