Bülbülün Şuşadakı ev muzeyi və büstü bərpa edilir

Bülbülün Şuşadakı ev muzeyi və büstü bərpa edilir

Bülbülün Şuşa şəhərindəki ev muzeyi yenidən bərpa edilir.

Bu barədə Azvision.az -a Şuşa Elmi Bərpa İstehsalat Birliyinin rəisi İlhami Fətəliyev məlumat verib. Onun sözlərinə görə, işğal dövründə ermənilər tərəfindən yararsız vəziyyətə salınan Bülbülün büstü də bərpa olunur. "Biz iki gün əvvəl Şuşaya gəlmişik. Şuşa şəhərinin abadlaşdırılması ilə bağlı aparılan işlər çərçivəsində Bülbülün ev muzeyi, büstünün rekonstruksiya və bərpası işlərinə də başlanılıb", - İlhami Fətəliyev bildirib.

Qeyd edək ki, Bülbülün ev muzeyi 1992-ci ildə Şuşa şəhəri işğal edildikdən sonra ermənilər tərəfindən təcavüzə məruz qalıb. Muzeydə olan eksponatlar oğurlanıb, ev anbar kimi istifadə olunub. Bundan əlavə, Bülbülün büstü də ermənilər tərəfindən tanınmaz hala salınıb.

1992-ci ilə qədər Bülbülün Şuşada yerləşən ev muzeyi iki otaq və eyvandan ibarət olub. Bülbül həmin evdə anadan olub və uşaqlıq illərini orada keçirib. Muzeydə Bülbülün uşaqlıq illərindən bəhs edən foto-şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilirdi.

Aytən Zəhra
 

Mənbə: azvision.az