Qədim Şahbulaq qalası yeni baharını yaşayır

Qədim Şahbulaq qalası yeni baharını yaşayır

Qarabağ ərazisindəki ən məşhur abidələrdən biri Ağdam rayonunun ərazisindəki XVIII əsə aid Şahbulaq qalasıdır. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən bu qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib. Qalanı seyr etdikcə qədim bir el bayatısı yada düşür:

Bu qala bizim qala,

Həmişə bizim qala.

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala.

Ermənilər 1993-cü ildə Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər. Ancaq erməni vandalları nə qədər çalışsalar da, bizə məxsus olanları özününkü edə bilməyiblər. 270 yaşlı bu qala illərin acı yellərinə sinə gərərək özünü də qoruyub, tarixini, izini də.

İndi füsnkar təbiətin qoynunda yerləşən bu qocaman qala yamyaşıl ağacların, al-əlvan çiçəklərin əhatəsində yeni baharını yaşayır. Qalanın yaxınlığında axan bulağın göz yaşı kimi dupduru suyu artıq yad tapdağından azad edilmiş torpağın sinəsinə axaraq təbiəti canlandırıb. Ağaclara, çiçəklərə, otlara təravət verərək ətrafı sözün əsl mənasında gözəlliklər məskəninə çevirib. Ərazidəki əsrarəngiz mənzərə, quşların səsi, bulağın şırıltısı insanın ruhunu oxşayır, qəlbə sakitlik gətirir. Vaxtilə ağdamlıların və rayonun qonaqlarının ən sevimli istirahət yeri olan bu mənakın qonaqlı-qaralı günləri artıq uzaqda deyil.

Mənbə: azertag.az