Firəngiz Mütəllimova: “Şuşada hər şeyi xatırladım”

Firəngiz Mütəllimova: “Şuşada hər şeyi xatırladım”

May ayının 12-i və 13-də Şuşada Heydər Əliyev fondunun təşkilatçılığı ilə “Xarıbülbül” festivalı baş tutdu. İki gün davam edən möhtəşəm konsert proqramı “Cıdır düzündə” keçirildi. Burada həm milli musiqimizin inciləri, həm də Azərbaycanda yaşayan millətlərin xalq mahnıları nümayiş olundu. Festivalda prezident İlham Əliyev, vitse-prezident Mehriban Əliyeva və qızları Arzu, Leyla Əliyevalar da iştirak etdi. Həmçinin sevilən sənətkarlar, ictimai xadimlər və media nümayəndələri də orada idi. Gecə isə mədəniyyətimizin paytaxtında atəşfəşanlıq oldu. Bu da düşmənə göz dağı, bizə fəxarət gətirdi.
 

Eyni zamanda festivalın iştirakçıları və qonaqları Şuşadan foto-videoları sosial şəbəkələrdə paylaşdılar. Onların içərisində ən diqqət çəkən və göz yaşardan xalq artisti Firəngiz Mütəllimovanın paylaşımı idi. Əslən şuşalı olan aktrisa ata yurduna ayaq basan kimi əyilib torpağı öpdü. İllərdir doğma Şuşasından ayrı düşən sənətkar sevincini belə dilə gətirdi. Elə konsertdə də göz yaşlarını saxlaya bilmədi. Firəngiz xanımla Şuşanın işğaldan qurtuluşundan sonra həmsöhbət olduq və sevincini bizimlə bölüşdü. İndi isə Şuşadan gələn kimi ona göz aydınlığı verib, təəssüratlarını öyrəndim.

Xalq artisti “Sherg.az”a qürur duyduğunu söylədi:

“Sevinc göz yaşları axıtdım. Uşaqlıq illərimi, evimizi, ana-atamı, yaxın rəfiqələrimi, hər şeyi xatırladım. Mayın 12-i anamın ad günü idi . O indi dünyada yoxdur. Həmin gün Şuşa torpağına ayaq basdım, Qarabağa getdim.

Onun səhəri Ramazan bayramında Cıdır düzündə gəzirdim. Şuşadan sevincli qayıtmışam.

Prezident İlham Əliyevə təşəkkür edirəm. Onu da deyim ki, “Xarıbülbül” otelini çox gözəl hazırlayıblar. Şuşanın əksər yeri gözəlləşib, yaşıllıqdır. Sanki cənnətdir. Festival yüksək səviyyədə keçirildi. Azərbaycanda yaşayan xalqlar da milli mahnıları ilə çıxış etdilər. Birinci konsert Polad Bülbüloğlunun ifası ilə yekunlaşdı. İkincisi isə Azərbaycan klassikasina həsr olunmuşdu. Prezidentimiz də çıxış etdi. Ali Baş Komandanın prinsipiallığına heyran qalmışam.

Allah onu qorusun. Şuşa abadlaşır,gözəl və müqəddəs şəhər olacaq”.

Mənbə: sherg.az