Naxçıvanda “Qadın – gözəllik və tarixin sədası” adlı fərdi yubiley sərgisi açılıb

Naxçıvanda “Qadın – gözəllik və tarixin sədası” adlı fərdi yubiley sərgisi açılıb

Naxçıvan, 10 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Allahverdiyevanın “Qadın – gözəllik və tarixin sədası” adlı fərdi yubiley sərgisi açılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bu il Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin təntənə ilə qeyd olunduğunu deyib. Bildirib ki, yubiley çərçivəsində keçirilən növbəti tədbirlərdən biri – açılışına toplaşdığımız fərdi yubiley sərgisi özünəməxsusluğu və rəngarəngliyi ilə seçilir. Sərgi salonunda nümayiş olunan, fırçanın gücü ilə təsvir edilmiş müxtəlif qadın obrazlarının hər birinin dərin mənası vardır və ilk baxışdan insanı özünə cəlb edir.

Qeyd olunub ki, rəssamlığın müxtəlif janrlarında çalışan rəssamın mənzərə, portret, natürmort janrlarındakı, eləcə də dekorativ tətbiqi sənət əsərləri onun peşəkarlığından, rəssam gücündən xəbər verir. Həbibə xanımın bir sıra fərdi sərgiləri keçirilib. O, təkcə muxtar respublikada deyil, xarici ölkələrdə keçirilən sərgilərdə də iştirak edərək, Naxçıvanı uğurla təmsil edib. Həbibə Allahverdiyeva 2010-cu ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olub, 2014-cü ildə “Naxçıvan Muxtar Respublikası Əməkdar rəssamı” fəxri adına layiq görülüb.

Ülviyyə Həmzəyeva çıxışının sonunda Həbibə Allahverdiyevanın 40 illik yubileyi və yeni sərgisinin açılışı münasibətilə təbrik edib, rəssama yaradıcılıq uğurları arzulayıb.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında vurğulayıb ki, muxtar respublikada hər bir sahəyə olduğu kimi rəssamlığa da diqqət və qayğı göstərilir. Muxtar respublika rəssamlarının mütəmadi olaraq fərdi sərgiləri keçirilir. Həbibə Allahverdiyeva da öz qabiliyyəti, məharəti ilə seçilən rəssamlarımızdandır. Yeni sərgisində bu, daha aydın görünür. İnsan xarakterini açmaq, təhlil etmək, onun üz cizgilərini olduğu kimi vermək, tarixləşmiş insanları rəsmə köçürmək böyük məharət tələb edir. Həbibə xanımın yaradıcılığı çoxşaxəlidir və işlədiyi hər bir rəsm əsərini diqqətlə izləyirik. O təkcə rəssam deyil, həm də müəllimdir. İncəsənət, mədəniyyət, rəssamlıq sahəsini, vətənpərvərliyi, milli dəyərləri öz tələbələrinə aşılayır. Həbibə Allahverdiyeva həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır, ictimai fəaliyyətlə də məşğul olur. Deməli, o, həm rəssam, həm müəllim, həm də ictimai xadimdir və hər bir sahədə özünü doğrulda bilib. İsmayıl Hacıyev rəssamı bölmənin kollektivi adından təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Xalq rəssamı Hüseynqulu Əliyev, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova, Naxçıvan Dövlət Universitetinin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Sevda Xəlilova, rəssamın atası Rəşad Allahverdiyev çıxış edərək rəssamın yaradıcılıq keyfiyyətlərindən danışıb, onu fərdi yubiley sərgisi münasibətilə təbrik edib, bundan sonrakı yaradıcılıq fəaliyyətində uğurlar arzulayıblar.

Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyeva yaradıcılığına göstərilən diqqət və qayğıya, fəaliyyətinə verilən dəyərə görə minnətdarlıq edib.

Sonda təbir iştirakçıları sərgi ilə tanış olublar. Qeyd edək ki, sərgidə qrafika və yağlı boya ilə çəkilmiş 40 qadın obrazı və qadın kompozisiyası nümayiş olunub.

Mənbə: azertag.az