Elmir Hüseynov: Məqsədimiz Azərbaycan sirkinin layiq olduğu yerini və mövqeyini təmin etməkdir

Elmir Hüseynov: Məqsədimiz Azərbaycan sirkinin layiq olduğu yerini və mövqeyini təmin etməkdir

Bakı, 13 iyun, AZƏRTAC

Bu il Azərbaycanın ilk milli sirk truppası kimi yaranan Bakı Dövlət Sirki özünün 75 yaşını qeyd edib. Bu yubiley milli sirk ənənələrinin yeni, həm də perspektivli formada inkişafına yönələn çağırışlara uyğun bərpası fonunda baş verdiyi üçün xüsusilə əlamətdar olub.

AZƏRTAC xəbər verir ki, bu fikri Bakı Dövlət Sirkin direktoru Elmir Hüseynov sirkin 75 illiyinə həsr olunan tədbirdə deyib.

O bildirib ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşan strategiya bütün sahələrdə olduğu kimi, Azərbaycan mədəniyyəti və incəsənətində də köklü dəyişikliklərlə müşayiət olunur. Bu müsbət dəyişikliklər mədəniyyətimizdə önəmli yeri olan, forma və məzmunca yenilənən milli sirkimizə də özünün müsbət təsirini göstərir.

“Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş strateji plan Azərbaycan sirkinin yeni inkişaf səviyyəsinin əldə olunmasını hədəfləyir. Böyük inamla qeyd etməliyik ki, ümumən dünyamız üçün çətin olan 2021-ci il milli sirkimizin, sirkin milli truppasının və sirk orkestrinin də yenidən formalaşması kimi önəmli hadisə ilə yadda qalacaq. Qeyd edək ki, Bakı Dövlət Sirki yaxın zamanlarda tamaşaçılarımızla görüşə məhz milli sirk nümunələri ilə gələcək.

Sirk müasirliklə klassik milli ənənələrin sintezi əsasında qurulur. Məqsədimiz Azərbaycan sirkinin dünya sirkində layiq olduğu yerini və mövqeyini təmin etməkdir. Milli truppası 4-cü dəfə formalaşan Bakı Dövlət Sirki proqramlarının süjet xəttində milli elementlərin olmasına üstünlük verməyə çalışır. Bu məsələ bizim üçün prioritetdir”, – deyə Elmir Hüseynov qeyd edib.

Mənbə: azertag.az