Hüseyn Cavidin irsi türkiyəli tədqiqatçıların maraq dairəsində

Hüseyn Cavidin irsi türkiyəli tədqiqatçıların maraq dairəsində

Bakı, 24 iyun, AZƏRTAC

Ankara Universitetinin Dil, tarix və coğrafiya fakültəsinin əməkdaşı, gənc türkoloq Atabəy Barış Hüseyn Cavidin ev-muzeyində olub.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, gənc tədqiqatçı Atabəy Barışa böyük şair və dramaturq Hüseyn Cavidin həyatı, yaradıcılığı, əsərləri, faciəli taleyi, xatirəsinin əbədiləşdirilməsi, Bakıda ev-muzeyinin yaradılması və s. haqqında ətraflı məlumat verilib.

Azərbaycan ədəbiyyatı nümayəndələrinin yaradıcılığından tərcümələr etdiyini bildirən Atabəy Barış Hüseyn Cavidin ev-muzeyinin nəşrləri ilə tanış olub.

Hüseyn Cavidin əsərlərini də müasir türk dilinə uyğunlaşdırmaq və tədqiq etmək istədiyini deyən türkiyəli tədqiqatçıya görkəmli şair və dramaturqun muzey tərəfindən nəşrə hazırlanan külliyyatı hədiyyə olunub.

Eyni zamanda, əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qeyd edək ki, Atabəy Barış bu vaxta qədər Əbdürrəhim bəy Haqverdiyevin dram əsərlərini türk dilinə uyğunlaşdırıb, Xəlil Rza Ulutürk və Bəxtiyar Vahabzadənin yaradıcılığını tədqiqata cəlb edib.

Mənbə: azertag.az