“15 cütlüyün toyu olacaqdı, pandemiyada ayrıldılar”

“15 cütlüyün toyu olacaqdı, pandemiyada ayrıldılar”

“Toylara qadağa ötən ilin martından başladı. Pandemiyadan öncə toylar üçün mənə beh verilmişdi. Ən azı 10-15 toy ləğv olundu. Buna həmin cütlüklərin qohum-əqrabalarının müdaxilələr etməsi, bununla da münasibətlərin korlanması və ayrılma ilə nəticələnməsi səbəb olub. Uzun illər sevgili olmağın önəmi yoxdur. Bir gün eyni evdə yaşasalar, hər şey pozular”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli “10-da görüşək” proqramında qonaq olarkən deyib.

İbrahimli nə vaxt evlənəcəyi barədə verilən sualı belə cavablandırıb:

““Evlənmək fikrim yoxdur” desəm, qeyri-səmimi olaram. İstəyim var, planım yoxdur. Hazırda işim mənim üçün önəmlidir. Ailənin möhkəm olmağı üçün bəzi məqamlar var. Ailə quranda çox düşünməlisən, sonra qərar verməlisən ki, möhkəm olsun. Təmtəraqlı toy edib 1 günə ayrılanlar var. Hörmət, sayğı olmalıdır”.

Bundan əlavə, gənc ifaçı Azərbaycan şou-biznesində ilk üçlükdə olması barədə fikirlərinə aydınlıq gətirib: “Düşünürəm ki, müğənni öz yerini tapmalıdır. Şou-biznesdən gedib sonra qayıdanda belə yerinin dolmadığını görməlisən. 15 ildir sənətdəyəm, öz yerimdəyəm, işimlə məşğulam. Aygün Kazımova və Röya Ayxanın da öz yerləri var. Yaxşı müğənnilər çox azdır, barmaqla sayılacaq qədərdilər”.

Müğənni şou aləmində onu qıcıqlandıran məqamlardan da danışıb: “Yersiz müğənnilər ortaya çıxıb. Televiziyalar həmin müğənnilərə “zapret” qoymalıdır. Keyfiyyətli musiqiyə dəyər verənlər küsürlər, efirlərdən uzaqlaşırlar. Bayağı musiqi yoxdur, bayağı ifaçı var. Təqdim etməkdən çox şey asılıdır. Bayağı mahnının birini mənə verin, fərqli bir iş görüb təqdim edərəm”.

Mənbə: qafqazinfo.az