“Fulya” filmindən İLK GÖRÜNTÜLƏR - FOTO/VİDEO

“Fulya” filmindən İLK GÖRÜNTÜLƏR - FOTO/VİDEO

Bir neçə gündür ki, ölkə mediasında müharibə reportyoru, 44 günlük Vətən savaşında Azərbaycanın yanında olan “CNN Türk”ün reportyoru Fulya Öztürk haqqında çəkiləcək “Fulya” filmi ilə bağlı söz-söhbətlər səngimək bilmir. Filmin çəkilişini tənqid edənlər də var, təqdir edənlər də…

Publika.az-ın əməkdaşı “Fulya” filminin çəkiliş meydançasından ilk görüntüləri əldə edib. Çəkilişlərin iştirakçısı, Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zabil Paşayevlə söhbətləşib.

Həmin müsahibəni təqdim edirik:

- Zabil bəy, jurnalistlər müharibə dövründə Tərtərə nə zaman gəldi? Sizin fəaliyyətiniz həmin dövrdə nədən ibarət idi?

- Sentyabrın 27-də 44 günlük Vətən müharibəsi başladı. Müharibənin ilk günü yerli media orqanlarımız cəbhə bölgəsi olan Tərtərə gəldilər. Xarici media orqanlarının gəlişi isə 28 sentyabrdan sonrakı dövrə təsadüf etdi. Xarici jurnalistlər birbaşa Tərtər Rayon İcra Hakimiyyətinə üz tutdular. Həmin dövrdə təkcə Tərtərə 16 800 mərmi atılıb. Düşmən ən ağır silahlardan Tərtəri atəşə tuturdu. Hətta “Smerç” belə atılmışdı. Yüngül silahlardan deyil, ən ağır, bina dağıdan silahlardan Tərtərə qarşı istifadə edirdilər. Həmin günlərdə Tərtər Rayon İcra Hakimiyyəti sığınacağa köçmüşdü. Bu da təbii məsələdir. Sığınacaqda fəaliyyət göstərirdi. Fəaliyyətimiz o idi ki, insanlarımız həlak olan, dağıdılan obyektlərə gedirdik. Dağıntılar haqqında hər gün mərkəzi aparata məlumatlar ötürülürdü. Hərbçilərimizə mülki sahədə nə köməklik lazım olurdusa, onu da biz göstərirdik. Həmin dövrdə insanlarımız sağ olsunlar, çalışırdılar ki, Tərtərə gələlər, sakinlərimizə dayaq duralar. Sözün həqiqi mənasında Tərtər camaatı rayondan çıxmamışdı. Media nümayəndələrinə biz bələdçilik edirdik. Bu işdə tək mən deyildim. Qruplar halında bölünürdülər və onlara icra başçısının göstərişinə əsasən bələdçilər ayrılırdı. Bələdçi kimi Tərtərin ucqar nöqtələrinə - Qazyan, Seydimli, Qaynaq kəndlərinə gedirdik.

- Bəs Fulya xanımla ilk tanışlığınız nə vaxtdan və haradan başladı?

- “CNN Türk”ün əməkdaşları da mənə təhkim olunmuşdular. Fulya xanım Tərtərə savaşın ən ağır günlərində gəldi. Biz onu qarşıladıq. Mənə bir az pis təsir elədi ki, ermənilər buraya ən ağır silahlar atırlar, bu insan da xanımdır, ona çətin olacaq – deyə düşündüm. Yəni, mənə pis təsir elədi. Öz-özümə fikirləşdim ki, bu qadın bu işi bacarmayacaq. Öz əzizlərimi Fulya xanımın yerinə qoyub fikirləşdim. Bir-iki gün sonra tam əksini gördüm. Bacara bilməyəcək – dediyim qadın mənə dedi ki, birbaşa bombardmanın altına girib çəkiliş edək. Ən qaynar nöqtələrə getməyimizi istəyirdi.

- Ən yaddaqalan və qaynar nöqtələrdə baş verən hadisələri, həmin xatirələri yenidən yaşamağınızı və oxucularımıza da çatdırmağınızı istərdik…

- Müharibə dövründə qəbiristanlığı atəşə tutdular. Mülki şəxslər şəhid oldu. Oradan da ilk çəkilişləri Fulya xanım elədi. Hətta Tərtərin mərkəzində “Smerç” raketi vurulanda çəkinmədən oraya getdi. Mən onunla yoldaş oldum, mərdliyini gördüm. Mən çalışırdım ki, qardaş dövlətin mətbuat işçisinin salamat geri qayıtmasını təmin edim, onu qorumağa çalışırdım. Bir hadisə olsa, mən məsuliyyət daşıyırdım. Fulya xanım isə durmadan “məni odlu-atəşli yerə apar” – deyirdi. Müharibə qurtarana qədər mən Fulya xanımla Tərtərin mərkəzi ilə yanaşı kəndlərində oldum. Çəkilişləri mənim gözümün qabağında idi. Qorxmurdu, çəkinmirdi. Tərtərin yuxarı hissəsində həkimlərin evlərini vurmuşdular. Fulya xanım həmin vəziyyətdə həkimlərə ürək-dirək verirdi. Hətta orada Ayna adlı bir həkim xanım həlak oldu. Deməli, Fulya xanımla bizim durduğumuz yerlə Ayna xanımın şəhid olduğu yerin arası heç 70 metr deyildi. Dedim ki, gəl gedək, razılaşmadı, çəkilişə davam elədi. Hətta meyitlərin çıxarılmasına qədər çalışırdı ki, öz köməkliyini göstərsin. Yaralıların hər birinin çəkib göstərilməsinə çalışırdı. Kəlbəcərdən Sahib adında məcburi köçkün var idi. Tərtərdə yaşayırdı. Onun evinə “Smerç” raketi düşmüşdü. Yerlə bir eləmişdi. İndi həmin evi xatirə muzeyi edəcəklər. Həmin evdə də çəkilişlər aparıldı. Filmin əsas məqsədi ermənilərin müharibə dövründə mülki insanlara və obyektlərə vurduğu ziyanı göstərməkdir. Başqa bir hadisəni də danışım…

- Buyurun…

- Deməli, bizdə bazar var idi. Ermənilər “Qrad”larla oranı atəşə tuturdular. Orada çəkiliş vaxtı mən onu daha təhlükəsiz bir yerə çəkib apara bilmirdim. Deyirdim ki, mərmi gəlib düşsün, sonra çək… razı olmurdu… Bu insanda qorxu yox idi, deyirdi ki, səs gəldisə, deməli, partladı… Fulya xanım mənə danışırdı ki, Suriyada, Türkiyənin cənub-şərqində də qaynar nöqtələrdə olub. CNN rəhbərliyindən özü xahiş edib ki, Qarabağa getmək istəyirəm və israrla Azərbaycana gəlib.

- Bəs çəkilişlər harada oldu?

- Fulya xanım haqqında film çəkilişləri Tərtərdə də oldu. Sənədli filmdir. Gəncə terroru ilə bağlı çəkilişləri bitirib Tərtərə gəlmişdilər. Mən Fulya xanımın bələdçisi kimi filmdə çəkilmişəm. Film çəkilişləri Tərtərdə dağılan evlərdə, ermənilər tərəfindən müharibə günlərində yandırılan pambıq zavodunda aparıldı. Müharibə günlərində həmin pambıq zavoduna 63 top mərmisi düşdü. Alışıb yanırdı. Həmin yanan zavoda birinci Fulya xanım daxil olub, sonra Rəşad adlı sürücümüz və mən. Orada insan yox idi. Pambıq da tezalışan məhsuldur. Fulya xanım alovun içinə tullandı. Mən icazə vermədim, çünki qısa zamanda yanğın hər yeri bürüdü. Ağlaya-ağlaya dedi ki, mən oraya daxil olmalıyam və həqiqətləri göz yaşları içində dünyaya çatdırırdı. Özü də mənim yanımda…

- Filmlə bağlı başqa hansı məlumatlar var sizdə?

- Filmin adı “Fulya” olacaq. Amma həmin filmdəki qəhrəmanlar zərərçəkənlərdir. Gəncə terrorunda zərərçəkənlər, qurbanlar… Bərdədə mülki şəxslərin ermənilər tərəfindən qətli işıqlandırılacaq. Tərtərdə 16 mülki şəxs dünyasını dəyişdi. Bütün bunlar həmin sənədli filmdə dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq. Mən də Tərtərdə onun bələdçisi olduğum üçün filmin çəkilişlərinə dəvət almışam. Çörək-su da içmirdi həmin günlərdə, elə deyirdi ki, “repörtaj yapalım, repörtaj yapalım”…

- Bəs jurnalist Turan İbrahimovun Fulya Öztürk haqqında çəkiləcək filmə bu qədər əks bəyanatlar verməsinə münasibətiniz necədir?

- Son günlər Turan İbrahimovun ona qarşı addımlarını dəstəkləmirəm. Ona görə ki, Fulya Öztürk ən azından Tərtərimizin, Azərbaycanımızın haqq səsini dünyaya çatdırıb. Bütün jurnalistlərlə bərabər… Biz tərtərlilər müharibə dövründə bizim yanımızda olan bütün jurnalistlərə minnətdarıq. Amma Turan İbrahimov bir dəfə də olsun həmin günlərdə Tərtərə yaxın gəlməyib. Mən həmin dövrdə Tərtərin hər yerinə gedirdim, hətta kənarlarını da gəzirdim. Bu adam heç Tərtərin sərhədinə də gəlməyib. Nəinki Tərətərə, bəlkə heç Yevlaxa, Goranboya da ayaq basmayıb ki, çətin durumda olan bir mülki sakin var, gedim ona təsəlli verim, gəlməyib…

Tural Turan,

Foto-video montaj: Pərviz Həşimi

Mənbə: publika.az