"Toylar əvvəlki qaydada bol göstərişlə davam edir"

"Toylar əvvəlki qaydada bol göstərişlə davam edir"

"Bəs deyirdiniz pandemiya dərs oldu, bir daha toylarda əvvəlki göstəriş və israfçılıq olmayacaq? Toylar müğənnilərin paradına çevrilməyəcək. Yalan imiş hamısı. Toylarımız əvvəlki qaydada, bol israflı və bol göstərişli şəkildə, qaldığı yerdən, tam sürətlə davam edir".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Turan İbrahimov sosial şəbəkədə yazıb. O, toylarda yenə də əvvəlki kimi çox müğənnilər olduğundan, israfçılığa yol verildiyindən bəhs edib.

Turanın yazdıqlarına müğənni Murad Arif də reaksiya verib. İfaçı aparıcının dedikləri ilə razılaşmadığını bildirib:

"Zamanla düzənə düşəcək. 100-150 nəfərlik məclis ənənələri məsrəfi əslində azaldıb. Sadəcə, əvvəlki niyyət, dəbdəbə ilə 150 nəfərlik məclis keçirdirlər. Zaman lazımdır ki, o dəbdəbəni azaltsınlar, lazımsız, izafi, xərcləri azaltsınlar, bir məclisə 6 müğənni deyil, 2-sini çağırsınlar, 500 nəfərlik salonları deyil, 100 nəfərlik salonları icarə etsinlər. Düzəlib artıq. Demək 2-3 məclis vardı ki, pandemiyadan öncə 5-6 müğənniylə planlanırdı. Məkan da dəyişdi, dekor da, məsrəf də, müğənni də mənim ansamblım və cəmi 1 ulduz qonaq. Yəni, proses gedir. İstisnalar da var təbii... Düşünürlər ki, hər şeyə rəğmən əvvəlki ssenariylə edəcəm. Pulum var, bircə balamdır... Amma gedişatda bu özünü doğrultmur. İstər-istəməz 2 il sonra eyni adam başqa cür istəyəcək. Baxırsan ki, 100 nəfərlik qonaq üçün şou-proqram düzüb. Yersiz görünür".

T.İbrahimov isə qarşı tərəfə "Çətin düzəlsin. Amma hər halda bu özü də bir növ sənayedi, adama təsəlli verən bircə odur. Sən deyirsənsə, elədir, qardaş. Sən mənim üçün mötəbər mənbəsən. Özüm şahid olduğum toylarda isə hər şey əvvəlkindən də betərdir" cavabını verib.

Milli.Az

Mənbə: news.milli.az