XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTO

İyulun 31-də Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, təhsil və mədəniyyət nazirliklərinin, Bakı Musiqi Akademiyasının və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimi olub.

APA-nın yerli bürosunun xəbərinə görə tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub. Məktubda deyilir:

“Xanımlar və cənablar! Sizi – XII Qəbələ Musiqi Festivalının bütün iştirakçılarını və qonaqlarını ürəkdən salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə ən xoş arzularımı çatdırıram. 2009-cu ildən etibarən ənənəvi olaraq təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfəsini verən musiqi bayramı kimi ölkəmizin hüdudlarından kənarda da şöhrət qazanmışdır. Bütün dünyanın mübarizə apardığı koronavirus pandemiyası səbəbi ilə festivalın təşkil olunmadığı 2020-ci il xalqımızın yaddaşına və tarixinə 44 günlük Vətən müharibəsi və müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri ilə əbədi həkk olundu. 30 ilə yaxın işğal altında olan əzəli Azərbaycan torpaqları azad olundu və ölkəmizin ərazi bütövlüyü bərpa edildi! Qarabağın tacı olan Şuşa şəhərini ölkəmizin mədəniyyət paytaxtı elan edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu ilin may ayında “Xarıbülbül” Musiqi Festivalı bərpa olundu. Əfsanəvi Cıdır düzündə Azərbaycan musiqisini dinləmək arzusunda olan sənətsevərlərin uzunillik həsrətinə son qoyuldu.
Əziz dostlar!
Qloballaşan dünyada müxtəlif sivilizasiyalar və xalqlar arasında mədəniyyətlərarası dialoqun qurulması və inkişafı dövrümüzün ən vacib tələblərindən biridir. Beynəlxalq aləmdə mövcud olan problemlərin, münaqişələrin həll edilməsində, ayrı-ayrı xalqlar arasında qarşılıqlı hörmətin təşviqində dialoq ən gözəl vasitədir. Əsrlər boyu mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan da tarixən müxtəlif millətlərin mədəniyyət və incəsənətinin qarşılıqlı zənginləşməsinə, xalqlar arasında olan birliyin daha da gücləndirilməsinə səy göstərib. Bu baxımdan, artıq illərdir ki, təşkil olunan Qəbələ Musiqi Festivalının rolunu yüksək qiymətləndirirəm. Builki festival müsəlman Şərqinin yeni tipli ali musiqi təhsili ocağı olan Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin qeyd olunduğu ilə təsadüf edir. Milli musiqi sənətimizi bütün dünyada uğurla təmsil edən və yaradıcılığı Azərbaycan musiqisinin qızıl fonduna daxil olan görkəmli sənətkarların, tanınmış ifaçıların bir neçə nəsli məhz Bakı Musiqi Akademiyasının yetirmələridir. Təsadüfi deyil ki, XII Qəbələ Musiqi Festivalının iştirakçıları da, əsasən, peşəkar musiqiçi kadrların hazırlanmasına və klassik musiqi irsimizin öyrənilməsinə xidmət edən Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti və onun məzunlarıdır.
Mən festivalın bütün iştirakçılarına uğurlar arzu edirəm! Əminəm ki, tamaşaçılara maraqlı və rəngarəng musiqi proqramı təqdim olunacaq XII Qəbələ Musiqi Festivalı hər zaman olduğu kimi qonaqlarımızın yaddaşında, Azərbaycan musiqi mədəniyyəti tarixində mənalı səhifələrdən biri kimi qalacaqdır”

Sonra mərasimdə Bakı Musiqi Akademiyasının rektoru, festivalın bədii rəhbəri, xalq artisti Fərhad Bədəlbəyli, təhsil naziri Emin Əmrullayev çıxış edib. Bildirilib ki, builki musiqi festivalı əlamətdar hadisəyə - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunub. Yubileyin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il mayın 26-da Sərəncam imzalayıb. Bununla bağlı respublikamızın bir çox bölgələrində, musiqi-tədris ocaqlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. XII Qəbələ Musiqi Festivalı da yubileyə həsr olunmuş tədbirlərdən biridir. Musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanan Qəbələ Musiqi Festivalının proqramı bu il də çox zəngindir. Avqustun 4-dək davam edəcək festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil olunacaq. Festivalda respublika və beynəlxalq müsabiqələr laureatı olan musiqiçilər çıxış edəcəklər. Festival günlərində musiqisevərlər Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin "Bakı Kamera orkestri"nin, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimlərinin, muğam ifaçılarının, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə tanınmış musiqiçilərin çıxışlarını izləmək imkanı əldə edəcəklər. Festivalın açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva və mədəniyyət naziri Anar Kərimov da iştirak edib.
Rəsmi hissədən sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Orkestrin dirijoru ömrünün 50 ilini bu işə həsr edən və ölkədə hərbi orkestr məktəbini yaradan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr xidmətinin rəisi, general-mayor, xalq artisti Yusif Axundzadə olub. Konsertdə Azərbaycan Respublikasının Dövlət Himni, "Koroğlu" uverturası, "Sarı gəlin" mahnısı və digər musiqi əsərləri səsləndirilib.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Qubada taxıl sahələrinin biçilməsində çətinliklər yaranıb - FOTO

SONRAKI XƏBƏR

Pul yox, təhlükəsizlik yox, burada həyat yoxdur - Qəddafinin oğlu