Nəriman Əbdülrəhmanlı: “Erməni bəlasının kökü Şah Abbas hakimiyyətinə çatır”

Nəriman Əbdülrəhmanlı: “Erməni bəlasının kökü Şah Abbas hakimiyyətinə çatır”

Publisist-yazıçı Nəriman Əbdülrəhmanlı Report Media Məktəbinin tələbələrinin suallarını cavablandırıb.

Birgül Aydınlı

- Mən sizin “Yolçu”, “Yalqız”, “Könül elçisi” əsərlərini oxumuşam. “Yalqız” romanında vahid süjet xətti yoxdur, ona görə də başa düşmək çətindir. Nə üçün üslub bu qədər ağırdır?

- Ədəbiyyatda iki yol var: dialoq və monoloq. Dialoqda 2 insanı qarşılaşdırırlar, onlar söhbət edir. Mənim üçün ədəbiyyat monoloqdur. Yəni mən öz düşüncəm haqqında kimsəni nəzərdə tutmadan danışıram. Yeganə dialoq əsasında yazdığım əsər "Könül elçisi"dir. Bu əsəri yazarkən, çox əziyyət çəkmişəm. Bu da mənim dünyagörüşümü ifadə etmək üslubumdur. Qəbul edən də, etməyən də sağ olsun.

- Nəyə görə əsərlərinizin baş qəhrəmanı kimsəsiz, tənha şəkildə dünyadan köçür?

- İnsanın doğum günündən ölənə kimi yaşadığı uğuru və uğursuzluğu var. Tam xoşbəxt adam haqqında yazmaq olmaz. Çünki o xoşbəxt yaşayır, nəyindən yazmaq olar axı? Əslində, ədəbiyyat insanın əzablarına, yaşantılarına, başına gələn, ağlagəlməz əhvalatlara bağlıdır. L.Tolstoyun bir cümləsi var, bütün xoşbəxt insanlar bir-birinə oxşayır, bədbəxtlərin hərəsi bir cür bədbəxtdir. Roman bədbəxt insanlar haqqında yazılır, bu tarixin qaydasıdır. Xatırlamağa çalışın, xoşbəxt adam haqqında nə vaxtsa roman oxumusunuz? Oxusanız da, çox az sayda ola bilər.

- “Yolçu”nun baş qəhrəmanı Mirzə Yusif istəsə öz sevgisinə qovuşa bilərdi. Bəs nəyə görə qovuşa bilmədi?

- Yusif sevgisinə qovuşsa, əsərin heç bir marağı olmazdı. Leyli Məcnunla qovuşsaydı, onlar haqqında əsər yazılmazdı. Mirzə Yusif tarixi şəxsiyyətdir. Gürcülər onu gürcü kimi, fransızlar isə fransız kimi tanıyır. Mirzə Yusif həqiqətən Şəkidə Karvansarada rəhmətə gedib. Üç dəfə cəhd edib, amma Tiflisə gedib çata bilməyib. Ölüm səhnəsini yazanda Şəkiyə getməliydim, ancaq gedə bilmədim. Kitabım çap olunduqdan sonra mümkün oldu. Gedəndə gördüm ki, ilahi iradəylə Karvansaranı düzgün təsvir etmişəm.

- Mirzə Yusif öz taleyinə nəyə görə boyun əydi?

- Tale insanın iradəsindən asılı olmayan bir məqamdır, sən istər-istəməz ona boyun əyməlisən. İlahi iradənin diktə etdiyi bir şeydir. Onun da alın yazısı belə yazılmışdı. Heç kəs deyə bilməz ki, bir az sonra nə olacaq.

Arif Rəhimli

- Uşaqlıqdan kitab oxumağa həvəsim olmayıb. Sizcə, bədii kitab oxumağa davam edim, yoxsa öz marağıma görə kitab oxumalıyam?

- Ümumiyyətlə, hər bir insan kitab oxumağı bir vərdişə, ehtiyaca çevirməlidir. Özündə o ehtiyacı, vərdişi formalaşdırmalısan. Əgər bədii ədəbiyyat oxumağa həvəs yoxdursa, ictimai-siyasi, eyni zamanda, fəlsəfi mövzuda gözəl memuarlar, bioqrafiyalar oxumaq məsləhətdir. Kitab oxumaq cır ağacı sulamaq kimi bir şeydir. Əgər ona yaxşı qulluq edə bilsən, o bar verəcək, çox şey əldə edəcəksən. Beləliklə, dünyagörüşün formalaşacaq, sanballı müzakirələrdə iştirak edə biləcəksən. Bunu etməsən, itki çox olacaq.

Günel Ayxan

- Hansı əsərinizdə öz həyatınızdan kiçik də olsa bir epizod var?

- Ümumiyyətlə, hər bir yazıçının yazdığı əsərlərində özündən nəsə var. Bunu heç cür gizlədə bilmərik. 18-ci əsrdən bəhs edən "Yolçu" əsərində də mən varam. Mirzə Yusif mənim içimdən keçir. Çox məqamları özümün düşüncə süzgəcimdən keçirib yazmışam. Elə əsər də var ki, real yaşadığım həyatla bağlıdır. "Yalqız", "Yolsuz" və sair əsərlərimdə müəyyən epizodlar özümün, dostlarımın başına gəlib.

- Əsərlərinizin belə maraqla oxunmasına səbəb bədbin sonla bitməsidirmi?

- Ədəbiyyat insan faciələrini təsvir edən bir söz sənətidir. İnsanın yaşantılarını, əzablarını, əziyyətlərini, keçdiyi maneələri, bu zaman nəyisə itirdiyini və nəyisə qazandığını təsvir etmək üçün ədəbiyyat əvəzsiz vasitədir.

Bəyim İsmayıl

- Sizin romanların heç birini oxuya bilməmişəm. Həm səbrim çatmayıb, həm də dil-üslub baxımından ağırlıq yaradırdı. Əsərlərinizin dilində və üslubundakı ağırlıq nədən qaynaqlanır?

- Mən öz düşüncə strukturumu qəbul etdiyimə görə elə yazıram. Bu mənim düşüncə tərzim, dünyaya baxışım, dünyada baş verənləri ifadə etmək tərzimdir. Təbii ki, heç bir yazıçı hamının xoşuna gələ bilməz. Bu bir aksiomadır. Sizin düşüncə strukturunuz bir az fərqlidir. Beyniniz daha qısa və aydın cümlələrə köklənib. Oxuculara çox böyük hörmətim var, amma yazarkən oxucuya oriyentasiya etmək düzgün deyil. Sən özünü, öz düşüncələrini yazmalısan. Qəbul edib etməmək oxucunun öz işidir.

- Tənqidçi Əsəd Cahangir sizin tərcümələrinizin daha uğurlu olduğunu deyib. O, qeyd edib ki, Nəriman Əbdülrəhmanlı tərcüməçi kimi işləsə, daha yaxşı olar. Bu fikirlə nə dərəcədə razısınız?

- Fikrinə hörmətlə yanaşıram. Ancaq Əsəd Cahangir tənqidçi olmağına baxmayaraq mənim bir kitabımı belə oxumayıb. Ona görə o sözü deyə bilməz. Tənqidçinin borcudur ki, ədəbiyyatın ümumi mənzərəsini bilsin. Xoşuna gəlməsə də, mənim kitabımı oxumalıdır. Niyə xoşuna gəlib-gəlməməsini izah etməlidir.

Nəcməddin Quluzadə

- Hüseynəli bəyin başçılıq etdiyi səfər heyətində ən yaxın adamlarının xristianlığı qəbul etməsinin səbəbi islam dinindəki qadağalar, yoxsa səfər etdikləri ölkələrdəki açıq-saçıqlıq olmuşdur?

- Səbəb qadağalar deyildi. O başa düşürdü ki, Şah Abbas ən zalım şahlardan biri olub. Onu da bilirdi ki, əgər geri qayıtsa, dar ağacından asıla bilər. Həmin qorxudan, məcburiyyət üzündən qalıb orada xristianlığı qəbul edir. Düzdür, ona bir qədər Qərb həyatının cah-calalının, gördüyü açıq-saçıqlığın təsiri olsa da, əsas səbəb geri qayıtdığı zaman düçar olacağı bəlaları başa düşməsidir.

- Şah Abbasın Bayatları və bir çox türk tayfalarını özündən uzaqlaşdırıb ermənilərə və farslara etibar etməsinin səbəbi nə idi?

- Birincisi, Şah Abbasın anasının qanında erməni qanı var idi və dayəsi erməni olmuşdu. Ona görə də, hakimiyyətə gələndən sonra ən əsas vəzifələrin sahibləri ermənilərdən ibarət idi. Xəzinədar və Allahverdi xan erməni idilər. Onlar Şah Abbasın ətrafında tor qurmuşdular və öz istəklərini anası vasitəsilə beyninə yeridib həyata keçirirdilər. Onlar Şah Abbasda Bayat tayfalarına qarşı nifrət oyatmışdılar. Şah Abbas Azərbaycan tarixində ona ziyan vuran hökmdarların ən birincisidir, çünki erməni bəlasının kökü Şah Abbas hakimiyyətinə çatır.

Aysel İbrahimli

- Sizin “Yolçu” romanınızı oxuyub, zövq almışam. Əsəri oxuduqca beynimdə düşüncələr fırtınası yaranırdı. Öz həyatımla qarşılaşdıraraq nəticə çıxarmağa çalışırdım. Əsərdə fatalizm mövcuddur. Əgər biz hər şeyi taleyin hökmünə buraxırıqsa, ağıl harada qalır? Ümumiyyətlə həyatımızda bu balansı necə tənzimləyə bilərik?

- Şəmsi Təbrizinin bir ifadəsi var. O deyir ki, taledən qaçmağın özü də taledir. Məncə, taledən qaçmaq mümkün deyil. Dünyada baş verən heç nə təsadüfən olmur. Hər şey ilahi zərurətdən yaranır. Ona görə də, fatalizm mənim əsərlərimin hər birində var. Yazdığım əsərlərin hər biri taleyə inam əsasında qurulub.

- Əgər heç nə bizim iradəmizdə deyilsə, onda yol verdiyimiz hər hansı hərəkətə görə niyə mühakimə edilməliyik?

- İnsan həyatının mahiyyəti taleyə düzəliş etmək cəhdlərindən ibarətdir. Uğurlarımız və uğursuzluqlarımız da bizim düzəliş etmək uğrunda mübarizələrimizin nəticəsidir. Əslində, bütün insanlar dünyaya ağ kağız kimi gəlir. Formalaşma prosesinə isə yaşadığı mühit və genləri təsir edir.

Günel Abbas

- Gənc yazıçı Nicat Kazımov “Yolçu”nu oxuyandan sonra sizi Azərbaycanın Amin Malufu adlandırıb. Sizi sözügedən fransız yazıçıdan fərqləndirən tək cəhət əsərlərinizin xaricdə dərc olunmamasıdır. Bununla bağlı hər hansı təşəbbüs varmı?

- Bizim ən böyük bəlalarımızdan biri əsərlərimizi dünyaya çıxara bilməməyimizdir. Nicat hazırda Fransada fəaliyyət göstərir. Amma onun özü də bu romanı çap etdirməyə cəsarət etmədi. Çünki orda ermənilər haqda bir neçə fikir, fakt var. Digər xarici ölkələrdə çap etdirmək üçün isə böyük vəsait tələb olunur.

- "Yolçu"da ermənilərə qarşı hədsiz aşağılayıcı ifadələr olduğunu da deyirlər. Bəlkə sizdə milliyyətçilik normadan bir qədər artıqdır?

- Bu əsəri yazmaq üçün 30 il hazırlaşmışam. "Yolçu"nu yazanda bütün tarixi mənbələri oxumuşam. Hər şeyi dəqiq öyrənmədən əsərə köçürməmişəm. Orada yazılanların heç biri şişirtmə deyil. Ermənilərin Azərbaycana gəlişi Şah Abbasın onları İsfahan ətrafındakı Culfa şəhərinə köçürməsindən başlayır. Sonra ermənilər Eçmiədzini qurublar. Nadir şaha qədər olan Azərbaycan hökmdarlarına müxtəlif bəxşişlər verərək ərazilərini böyüdüblər. Nəticədə isə başımıza bu bəlalar gəlib. Tolstoy da “Hərb və sülh” romanında fransızları mələk donunda göstərmir. Buna görə Tolstoyu günahlandıran varmı? Yazdıqlarımın hər biri faktlara əsaslanır. Əksini iddia edənlərə həmin faktlarla sübut edə bilərəm.

- Naşirlər, əsasən, insanlarla ünsiyyətdə olmağı sevir. Düşünürlər ki, hər ünsiyyətdən, hər adamdan başqa bir enerji, ideya alırlar. Siz isə insanlarla mümkün qədər ünsiyyətdən uzaq durursunuz. Bunun səbəbi nədir?

- Mənim üslubum müşahidə və monoloq əsasında formalaşıb. Ona görə də kimləsə ünsiyyətə girmədən onların həyatını, əməllərini müşahidə edərək oxucuya çatdırıram. Mənə görə dialoq naşir üçün vəziyyətdən çıxış yolu axtarmaqdır. Öz fikrini ifadə etməyə gücü çatmayanda artıq personajların dili ilə çatdırır. Ancaq nə demək olar, onlar da öz üslublarını bu cür tapıblar.

Allahverdi Əliyev

- “Yazıçının qələmi iti olar” deyiblər. Günümüzdə kompüter, smartfon, planşet qələmi sıxışdırıb. Qələmlə yazmaq ənənəsi itib. Siz nə ilə yazırsınız?

- Bədii əsərləri yalnız qələmlə yazıram. Sonra əsərləri kompüterdə yığırlar.

Mənbə: report.az