"Xoşbəxtəm ki, qızım bu yaşda məni nənə etdi" - Rəqqasə Fatimə

"Bu gün qızımın həyatından çox rahatam. Onlardan danışanda kövrəlirəm. Oğlumda yox, min şükür. Amma Aydanı böyüdəndə çox əziyyətlər çəkdim. O mənim bacım, dostum oldu. Qızımın çox gözəl ailəsi var, kürəkənimdən də razıyam. Düzdür, aralarında hərdən inciklik olanda Aydana deyirəm ki, hər ailədə olur. Qızım yoldaşından bir neçə yaş kiçikdir, bir az kaprizləri ola bilər. Xoşbəxtəm ki, qızım bu yaşda məni nənə etdi".

Metbuat.az xəbər verir ki, bu sözləri "MTV Azərbaycan" telekanalında yayımlanan "Üzə-düz" verilişinə qonaq olan rəqqasə Fatimə Fətəliyeva deyib. Rəqqasə verilişdə bir çox məqamlara aydınlıq gətirib. O, "xoşbəxtsənmi?" sualına belə cavab verib:

"Mən özümü tam da xoşbəxt insan saymıram, saymamışam da, bu hiss an kimi ola bilər. Söhbət, pul, vardan getmir. Kiməsə bəxtəvərçilik yağdıran insanlardan da qaçıram. Bəxtəvər görünən insanın da öz dərdi var. Onun villası da olsa, o tam xoşbəxt ola bilməz".

Fatimə atası ilə bağlı xatirələrini də bölüşüb:

"İndi həyatım nə qədər yolunda olsa da, atama hər zaman ehtiyac duyuram. Bu gün də belə. Düşünürəm, hardasa məni izləyir. Tez-tez gedib məzarını ziyarət edirəm, ürəyimi açıb, onunla danışıram. Deyirəm kaş ki, o olaydı, bu problemimi həll edərdi. Evdə atanın nəfəsi gəlməlidir. Atanın öz yeri var, ananın öz yeri. Valideynin yerini heç kim sənə vermir. Onları seçmirlər. Onu itirəndə 19 yaşım var idi. Atama çox bağlı idim, o mənim sirdaşım idi. Xəstə olanda o qədər uşaqlaşmışdı ki, bizdən üzümüzə baxıb kömək istəyirdi. O rəhmətə gedəndə mən onun yanında ola bilmədim, mənə demədilər. Dedilər, get evə, halı pisləşib, səni gəlib götürəcəyik. Aldatdılar məni. Kirayə qalırdım, bütün işıqları söndürmüşdülər. Bilmədim, qaranlıqda qapını necə bağladım, şam yerə düşdü, uşağın barmağını dişlədim. Xəstəxanaya zəng edəndə, mənə kobud şəkildə dedilər ki, nə istəyirsən, apardılar! O səsi eşidəndə məni görəydiniz. Səsimə qonşular gəldi. Atamı itirəndən sonra həyatım tamam dəyişdi, sanki bir divarı, dayağımı itirdim. Çox çətinliklər gördüm amma bərkidim. Onu indi uzaqdan görsəydim çox söz deyərdim. Kövrəlir... Çox ehtiyacım var ona..."

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

Koronavirusdan sağalan uşaqlarda hələ də simptomlar qalır - Araşdırma

SONRAKI XƏBƏR

Bakı enerji rəqabətində irəli çıxdı