“The Times”: “Xəyallar fabriki”nin çirkin astarı..

“The Times”: “Xəyallar fabriki”nin çirkin astarı..

Amerika film sənayesində səhnə işçiləri arasında yorğunluq adi hala çevrilib. Moderator.az “The Times” qəzetinə istinadla xəbər verir ki, gərgin iş qrafiki bir çoxlarını çəkiliş meydançasında qalmağa vadar edir. Onlar təkrar tualetə getmək imkanı olmadan səhər tezdən gecəyarısına qədər işləyirlər. Onların bir çoxu evə gedərkən avtomobillərinin sükanı arxasında yuxuya gedir və tez-tez qəzaya düşürlər.
Şou-biznesdəki işlər məhz belə görünür. Ən azı Hollivud filmləri və seriallarının istehsalı ilə məşğul olan çəkiliş qruplarının üzvləri bunu təsdiqləyən ifadələr səsləndirirlər.
Səhnə işçiləri 27 yaşlı işıqlandırma mütəxəssisi Ben Qottlibin İnstagram səhifəsində anonim şəkildə hekayələrini paylaşırlar. Qottlib də abunəçilərlə öz yorucu iş qrafikini bölüşüb: 12 saatlıq çəkilişdən sonra avadanlıq yığmaq üçün əlavə vaxt sərf etməli olub.
Əksəriyyət pandemiyanın səbəb olduğu fasilədən sonra bu iş saatlarına qayıtdı. “Normal iş qrafikimiz olsaydı, bir çoxumuz evə gəlib ailə və ya dostlarımızla vaxt keçirərək həyatdan zövq alardıq”, - deyə Qottlib yazıb.
O, həmkarlar ittifaqının şərəfinə Beynəlxalq Teatr İşçiləri Alyansının IATSE Stories adlı səhifəsini yaradıb. Bəzi yazılarda ciddi hadisələr barədə məlumat verilir. Məsələn, belə bir hadisə nəql olunur: seriallardan birinin çəkilişində alovla atəş açan top yanlış istiqamətə döndü və gücləndirici transformatoru partlatdı. Ancaq rəhbərliyi yalnız qaçan texniki qrup üzvlərinin kadra düşməsi narahat etdi və montaj zamanı bu hissələr kəsilib atıldı.
Ancaq ən çox şikayətlər iş saatlarına, xüsusən də cümə axşamından şənbə səhərinə qədər aparılan çəkilişlərə aiddir. Qottlibin bloqunda yol qəzalarına düşən səhnə işçilərinin hekayələrinə də müntəzəm rast gəlinir. Bəzi hallarda belə qəzalar ölümlə nəticələnir.
1997-ci ildə Brent Herşman adlı operator köməkçisi “Plezantvil” filmində 19 saatlıq iş növbəsindən evə gedərkən yuxuya gedərək, 2014-cü ildə isə “Lonqmayr” serialında çalışan çəkiliş qrupunun üzvü 18 saatlıq iş növbəsindən sonra qəza nəticəsində ölmüşdü.
“Əvvəllər bu iş mövsümi idi və gərgin iş fəaliyyəti uzun yay tətilləri ilə balanslaşdırılırdı. Serialların çoxluğu üzündən hazırda daim çəkilişlər gedir”, - deyə Beynəlxalq Teatr İşçiləri Alyansının üzvü Marisa Şipli yaranmış vəziyyətə aydınlıq gətirir.

Mənbə: teref.az