“Taliban” mənim ruhumu öldürdü” - Əfqanıstan musiqiçiləri alətsiz və işsiz qalıb - VİDEO

“Taliban” mənim ruhumu öldürdü” - Əfqanıstan musiqiçiləri alətsiz və işsiz qalıb - VİDEO

“Taliban” Əfqanıstanda yenidən hakimiyyətə qayıdandan sonra Milli Musiqi İnstitutuna əsgərlərini yerləşdirib, musiqiçiləri işlərindən uzaqlaşdırıb və radioda musiqi yayımını qadağan edib. Moderator.az “France 24” telekanalına istinadla xəbər verir ki, bir çox əfqan musiqiçi özlərinin və ailələrinin həyatını təhlükəyə atmamaq üçün alətlərini ya sındırıb, ya da gizlədib.

Əfqanıstan Milli Musiqi İnstitutunda hökm sürən sükut ölkənin yeni hökumətinin ciddi nəzarəti altındadır. Burada heç bir musiqi səslənməməli və şagirdlər görünməməlidir – bura yalnız musiqi mərkəzini yataqxanaya çevirmiş “Taliban” əsgərləri girə bilər.

1996-cı ildə radikal islamçılar birinci dəfə hakimiyyətə gələndə musiqini və qadınların təhsil almasını qadağan etmişdilər. İndi bir çox musiqiçi belə terrorun qayıtmasından ehtiyat edir.

ƏFQAN QADINI: “Taliblər gəldikdə violamı institutda qoyub ən qısa müddətdə oradan ayrılmalı oldum – bura onların tutduqları binalar siyahısının əvvəlində idi. Əminəm ki, taliblər mənim violamı məhv edib. Mən sağam, amma “Taliban” ruhumu öldürdü”.

İnstitutun yeni gözətçisi binadakı hər şeyin dağıldığı barədə xəbərləri təkzib edir. O təsdiq edir ki, “Taliban” bu alətlərin saxlanılmasını əmr edib.

GÖZƏTÇİ: “Baxın, hamısı buradadır. Heç bir şeyə toxunmamışıq”.

Hakimiyyətə qayıtdıqdan sonra “Taliban” bu dəfə mülayim siyasət yürüdəcəyinə söz verdi, lakin yenə də şəriət qanunları ilə məhdudlaşdı. Ancaq musiqiçilər mülayim siyasətin tezliklə dəyişəcəyindən qorxurlar.

MUSİQİÇİ: ““Taliban” gələn kimi, vəziyyətin pis olduğunu hiss etdim. Alətlərini məhv edən və ya gizlədən dostlarım kimi mən də öz alətlərimi məhv etməyə başladım. Çox sevdiyim gitaranı gizlətdim, amma başqa alətləri evdən çıxarmalı oldum, çünki evə gəlsələr, mənim və ailəmin həyatı təhlükə altına düşər”.

Ölkənin bəzi bölgələrində, məsələn, “Taliban”ın yarandığı Qəndəhar şəhərində radioda musiqi yayımı qadağan edilib. Əfqanıstanda iyirmi illik rifahdan sonra musiqiçilər hazırda işsizdirlər və yenidən qorxu içində yaşayırlar.

moderator.az

Mənbə: ednews.net