Səudiyyə Ərəbistanında 7 min il əvvələ aid qayaüstü dəvə heykəlləri tapılıb

Səudiyyə Ərəbistanında 7 min il əvvələ aid qayaüstü dəvə heykəlləri tapılıb

Səudiyyə Ərəbistanında təqribən 7 min il əvvələ aid olduğu bildirilən qayaüstü dəvə heykəlləri tapılıb. Bu tapıntı 3 il öncə İordaniyada aşkar edilən 21 relyefdən daha qədimdir.

AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanı və Avropanın arxeologiya institutlarının x-ray texnologiyasının köməyi ilə apardıqları tədqiqat yeni tapıntının 7 min il tarixi olduğunu müəyyən edib. Səhrada yerləşən və “Dəvə şəhəri” adlanan ərazidəki qayaların üzərində dəvənin təbii ölçüsündə qazılan böyük heykəllər ən qədim qayaüstü abidələrdən biri hesab olunur. Arxeoloqlar hesab edirlər ki, 7-8 min il əvvəl bu səhra yaşıl vadi olub. Bəşəriyyət Tarixi üzrə Maks Plank İnstitutunun rəyinə görə, dəvə burada yaşayan insanların həyatının ən mühüm parçası kimi, qayaüstü rəsmlər və heykəllərdə də təsvir edilib.

Səudiyyə Ərəbistanının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə aparılan tədqiqatın nəticələri arxeologiya elmi jurnalında (“Journal of Archaeological Science”) dərc olunub. Məqalənin müəllifi Mariya Quaqnin bildirib ki, “Dəvə şəhəri” iqlim dəyişikliyi nəticəsində ərazilərin eroziyaya uğraması ilə bağlı tədqiqatlar aparan alimlər üçün də faydalıdır.

Oqtay Bayramov

 

Mənbə: azertag.az