Narkotikaya qurşandı, cibindən 11 min manat oğurladılar, küçədə ağlaya-ağlaya pul diləndi

Narkotikaya qurşandı, cibindən 11 min manat oğurladılar, küçədə ağlaya-ağlaya pul diləndi

Xalq artisti Səyavuş Aslanın səfil həyatı keçirdiyinə görə medianın gündəminə gələn oğlu Çingiz Aslanla bağlı faktları təqdim edirik

Xalq artisti Səyavuş Aslanla sıravi, heç bir adı, təltifi olmayan, amma rolları, ifaları, səsi ilə tamaşaçılara sevdirən Ofeliya Aslan Quba Teatrında tanış olublar. Əsgərlikdən qayıdan Səyavuş Aslanı Quba Teatrına göndərirlər. Rza Əfqanlının və Bədurə Əfqanlının qızı Ofeliya isə orada işləyən anasının yanına gəlir, rejissorların ona verdiyi xırda rolları ifa edirmiş.

Səyavuş Aslan Ofeliyanı teatrda görüb ona vurulur. Bədurə xanım isə qızının aktyorla ailə qurmasına razı olmur. “Mən artistə qız vermərəm” deyib, qızını Qubadan Bakıya qaçırır. Səyavuşun ailəsi də oğullarının aktrisa ilə evlənməsinə razılıq vermirlər. Lakin o, “ya Ofeliya ilə evlənəcəm, ya da heç kimlə” - deyib inad edir və istədiyinə nail olur.

Səyavuş Aslan və Ofeliya Aslan "Hicran" tamaşasında

Səyavuş sevdiyi qızın ardınca Bakıya gəlir. Onu evliliyə razı salır. Ancaq deyilənə görə o vaxtlar o qədər kasıbçılıq imiş ki, Səyavuş Aslanın toy günündə əyninə geyinməyə bəylik paltarı olmur. Musiqili Komediya Teatrının direktoru Şəmsi müəllimin tapşırığı ilə Səyavuşa teatrın paltar sexindən bəylik kostyumu tapırlar.

***

Bu evlilikdən onların Çingiz və Eldar adlı iki oğlu olur. Ana olduqdan sonra Ofeliya xanım uzun müddət işləmir. 1997-ci ildən yenidən teatra qayıdır. Övladlar böyüdükcə, hər iki sənətkarın şöhrəti artdıqca, söz-söhbətlər də çoxalmağa başlayır. Deyilənə görə, Səyavuş Aslan bir neçə məşhur qadınla Ofeliya xanıma xəyanət edir. Aktrisa özünə qapanır, sakitliyə, öz dünyasına çəkilir. Hətta onun bir ara baxıcılıqla da məşğul olduğu, qeybdən xəbərlər verdiyi qeyd olunur.

Bütün bunlar Səyavuş Aslanla onun ailə yollarını ayırmağa qədər gətirib çıxarır. Onlar ayrılsalar da bir evin altında yaşamağa davam edirlər. Daha dəqiqi, evi ortadan bölüb, bir-biri ilə heç bir ünsiyyət qurmadan yaşayırlar.

***

Günlərin birində hansı zərurətdənsə Səyavuş Aslan Ofeliya xanımın psixi problemləri olduğunu bildirir və onu ruhi xəstəxanaya göndərir. Bununla da onların arasındakı bütün əlaqələr qırılır.

***

Ailənin bu cür parçalanması onların övladlarının taleyinə də təsirsiz ötüşmür. Böyük oğlu Çingiz ailə qursa da, ailə həyatı uğurlu olmur. Onun pis vərdişlərə mübtəla olması ailəsinin dağılmasına gətirib çıxarır. Ailəsindən ayrılan Çingiz gün keçdikcə daha acınacaqlı duruma düşür.

Ofeliya Aslan 18 may 2010-cu ildə - 71 yaşında ürək tutmasından dünyasını dəyişir. Yasamal qəbiristanlığında dəfn olunur.

***

Ayrılsalar belə bir evin altında sevdiyi qadının, uşaqlarının anasının hənirini alan Səyavuş Aslan bu ayrılığı həzm edə bilmir. Gün-gündən sozalır. Ömrünün sonuna yaxın, elə son müsahibəsində o, keçmiş günlərini xatırlayıb hönkür-hönkür ağlayır: “Köhnə sənət dostlarım üçün darıxıram. Teatr əvvəlki teatr deyil. Öləndən sonra istəmirəm desinlər ki, kimdənsə nəsə istədi, kiməsə ağız açdı, kömək istədi. Mənə bu yaşda yaraşmaz ki, gileylik edib, kimdənsə kömək istəyim. Səhvlərim çox olub. Günahlarımın olduğunu bilirəm. Amma peşmanam. Həyatımdakı yaşananlar üçün bu gün daha çox peşmanam. Amma çox gecdir.”

***

Böyük aktyor bu sözlərdən az sonra - 2013-cü ilin isti bir yay günündə yaşadığı evdə dünyasını dəyişir.

Aktyorun kiçik oğlu Eldar Bakıda olmadığı üçün özünü yalnız ertəsi gün, atası dəfn olunandan sonra çatdırır.

***

Valideynlərinin ayrılığı, onların bir-birinə olan münasibəti övladlarının hər ikisinin yaddaşında ağır izlər buraxır. Oğlu Eldar müsahibələrinin birində deyir: “Atamla anam ayrılan zaman əsgərlikdə idim. Mən bu xəbəri eşidəndə şok keçirdim. Böyük qardaşım da, mən də istəmirdik ki, ailəmiz dağılsın, atamla anam ayrı yaşasın. Qarşısını ala bilmirdik. Övladın əlindən bu cür şeylər gəlmir. Övlad valideynlərinə hökm edə bilməz. Mən bu ərəfədə atamla qalırdım. Qadağalar yox idi, amma hər kəs öz tərəfindən, öz "damının" altından qərarlar verirdi. Ata bir söz deyirdi, ana bir söz. Mən bunların arasında bir poçtalyon kimi münasibət qururdum. Bəzən qadağalar da olurdu. Anam atama bir söz çatdıranda atam deyirdi ki, sən ona qulaq asma, bu belə deyil, elədir, sən ona belə de. Mənə çox ağır gəlirdi bu cür yaşamaq. Heç cürə bu vəziyyətlə razılaşa bilmirdim. Çox çalışırdım onları barışdırım. Bir neçə dəfə ciddi cəhdlər etdim, amma fayda vermədi. Anam özünü müdafiə etmək üçün səbəblər gətirirdi, öz arqumentlərini deyirdi mənə. Atam da özünü müdafiə edirdi. Hər kəs özünü haqlı sayırdı.”

Eldardan fərqli olaraq Çingiz tamam ayrı həyat sürür. Onun zərərli vərdişlər üçün xərclədiyi pulları Səyavuş Aslan hələ sağkən qarşılaya bilmir. Aktyor dünyasını dəyişəndən sonra isə Çingiz şəhərin mərkəzindəki valideynlərindən qalan evi satır və küçələrə düşür. Onun sözlərinə görə pulun bir hissəsini dərmanlara xərcləyir. Yerdə qalan on bir min məbləği isə bulvarda halı pisləşən zaman cibindən oğurlayırlar.

***

Səyavuş Aslan vaxtıyla oğlu Çingizlə bağlı belə bir açıqlama vermişdi: "Yubileyimlə əlaqədar teatrın kollektivi mənə böyük bir plazma televizor hədiyyə etmişdi. Heyifim gəldi balaca evdə açıb işlətməyə, fikirləşdim, prezidentin verdiyi evdə təmir gedir, ora köçəndə təzə evdə açıb işlədərəm. Bir gün gəldim ki, televizor yoxdur, bildim Çingizin zibilidir. Düşdüm üstünə ki, tez ol de görüm neynəmisən mənə verilən hədiyyəni? Boynuna aldı ki, bir nəfərə satmışam. 500 manata. Dedim, ay avara, 5 min manata alınan şeyi necə əlin gəlib dəyər-dəyməzinə satmağa? Gəl düş qabağıma, gedək kimə satmısan pulunu verim, qaytarsınlar televizoru, ayıbdır aktyor yoldaşlarımdan”.

 

Həmin ünvana gələndə isə Çingiz atasını evə girməyə qoymur, deyir, səninçün ayıb olar, day sən qalxma, beşinci mərtəbədir, pulu ver, özüm danışım, gəlirəm. Çingiz 500 manatı da götürüb girir bloka, 20 dəqiqə oğlundan xəbər almayan Səyavuş müəllim narahat olub qalxır Çingizin dediyi ünvana. Qapını açırlar, hörmət-izzətlə ustadı içəri dəvət edirlər. Söhbət əsnasında məlum olur ki, Çingiz televizoru o adamlara 500 manata yox 2 min manata satıbmış. Burdan da atasından aldığı 500 manatı götürüb heç o ünvana baş çəkmədən damdan keçib digər blokdan çıxıb gedib.

***

Atası dünyasını dəyişəndən sonra Çingiz ona zəng vuran jurnalistə deyir: “Atam gənc ikən qibtə olunası həyatımız vardı. Amma həyat sərt tərəfini bizə də göstərdi. Bir neçə il atam xəstə yatdı. Onun müalicəsini, qulluğunu çəkdim. Təbii ki, bu, övlad olaraq borcum idi. Atamı itirdikdən sonra isə tamamilə tək qaldım. Bu yaşda yetimliyin ağır olduğunu dərk etdim. Ailəm yoxdur, illər öncə həyat yoldaşımdan ayrılmışam. Uşaqlarım məni axtarmır. Mənimlə heç kim maraqlanmır. Yəni həyatı dağılan insanam. İndi bir isti ocağa, bir qab isti yeməyə möhtacam.”

 

Sonralara Çingiz daha acınacaqlı vəziyyətə düşür. Mediada yayılan məlumatlara və fotolara görə bir neçə gün əvvəl Çingiz küçələrdə ağlaya-ağlaya adamlardan pul dilənir, kömək istəyirmiş.

***

Dünən isə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin rəsmi nümayəndəsi Murad Həşimov öz sosial hesabında paylaşım edərək bildirib ki, Çingiz Aslanov daha əvvəl həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsində olub. Orada yaşayış üçün zəruri xidmətlərlə əhatələnib. Lakin şəxsi seçimləri səbəbindən öz istəyi ilə sığınacağı tərk edib. Onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlbi üçün əməkdaşlarımıza təlimat verilib. Və artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları əraziyə göndəriliblər. Çingiz Aslanovun özünün də razılığı olarsa yenidən müəssisəyə cəlbini həyata keçirməyə hazırıq.

Kulis.az

Mənbə: pravda.az