“Danciri” festivalının əsas ayini Yaponiyanın Kişivada şəhərində yenidən keçirilir

Yaponiyanın qərbində yerləşən Osaka prefekturasının Kişivada şəhərində qədim ənənəvi “Danciri” festivalının əsas ayini yenidən küçələrə dönüb.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, koronavirus pandemiyasına görə təxirə salınan festival bir illik fasilədən sonra ilk dəfə təşkil edilib. Bildirilir ki, “Danciri” festivalı Kişivada şəhərində 300 il əvvəl, Edo dövründə keçirilməyə başlanıb.

Festival zamanı yerli sakinlər bol məhsul toplamaq üçün dualar edirlər. Bayramın “Yarimavaşi” adlanan əsas adətlərindən biri təqribən hərəsi 4 ton ağırlığında olan arabaların – “Danciri-quruma”ların şəhər küçələri boyunca gəzdirilməsidir.

Koronavirus pandemiyasına görə ötən il “Yarimavaşi” ayininin icrası qadağan edilib. Cari ildə isə festival təşkilatçıları onun iki gün – şənbə və bazar günləri təşkilinə qərar veriblər.

Bununla yanaşı, şəhərin hakimiyyət orqanları virusun yayılmasının qarşısını almaq üçün təşkilatçıları ciddi tədbirlər görməyə çağırıblar.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə azərbaycanlı qadın qonaq getdiyi evdə öldürüldü

SONRAKI XƏBƏR

Braziliyada koronavirus: son bir gündə 150 mindən çox yoluxma aşkarlanıb