Doğulduğu torpağa, sevdiyi sənətinə həsrət qalan aktyorun həyat hekayəsi - "Dəhlizdə"

Azərbaycan Demokratik Cümhuriyyətində nazir olmuş kişinin nəvəsi hələ ki doğulduğu torpağa qayıda bilməyib. Həyat hekayəsi filmə mövzu olan qəhrəman bu lentlə inqilab etmək istəməsə də, ülvi arzusu var.

BAKI, 22 sentyabr — Sputnik. Ötən gün Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində rejissor Amil Amalın "Dəhlizdə" filminin nümayişi baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, film aktyor Rauf Şahsuvarovun həyatından bəhs edir. Teatrdan uzaq olan aktyor pul qazanmaq üçün tikintidə işləyir. Baxmayaraq ki, ən böyük arzusu ADR dövründə Maarif və Dini Etiqad naziri işləmiş babası Nurməmməd bəy Şahsuvarov kimi böyük işlər görmək və 29 il sonra Laçın şəhərinə qayıtmaqdır. Amma o, müəyyən səbəblərə görə öz sevdiyi peşəsindən ayrı düşüb. Raufun arzusu doğulduğu Laçın şəhərinə qayıtmaq və orada teatr qurmaqdır. Ötən il Azərbaycan birinci Qarabağ müharibəsində itirdiyi ərazilərin böyük hissəsini geri aldı, lakin Raufun şəhərinə yol hələ də məhduddur. Həmin bölgəyə turist səfərləri təyin olunsa da filmin qəhrəmanı doğulduğu torpağa turist kimi getmək istəmir.

Kinematoqrafçılar İttifaqının Kino Evində rejissor Amil Amal

Rauf Şahsuvarov 16 fevral 1967-cı ildə Laçın şəhərində anadan olub. 1974–1984-cü illərdə Laçın şəhər 2 saylı orta məktəbində təhsil alıb. 1985-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram teatrı və kino aktyorluğu fakultəsinə daxil olub. 1985–1987-ci illərdə hərbi xidmətdə olub və hərbi xidməti bitirdikdən sonra 1987-ci ildən təhsilini davam edərək 1991-ci ildə aktyorluq ixtisasına yiyələnib.

"Dəhlizdə" filminin nümayişi

Uzun illər müxtəlif teatrlarda çalışan Şahsuvarov 2011-ci ildə teatrdan uzaqlaşdırılıb. Filmin qəhrəmanının ən böyük arzusu doğma torpağında teatr səhnəsinə çıxmaqdır. Rauf müəllimin özünün ata-baba evi Laçın dəhlizinin yaxınlığındadır. Sanki həyatı da dəhlizdə keçib. Filmin təqdimatından sonra Rauf bəylə həmsöhbət olduq:

- Mən bir dəfə müsahibələrimdə demişdim ki, biz də evimizdə dovşan saxlamırıq, övlad böyüdürük, onun qayğılarını, problemlərini həll etmək üçün işləməliyəm. Mən əslində bu filmlə inqilab etmək istəmirəm. Biz reallıqları göstərmək istəmişik. Mənim məqsədim çox pul qazanmaq deyil. Mən 1993-cü ildə gömrükdə işləyirdim, oradakı vəziyyəti görüb uzaqlaşdım ki, mənə belə bir çörək lazım deyil.

- Pandemiya vaxtı bəzi teatr aktyorları teatrların açılması üçün etirazlarını bildirdilər. Bəziləri də buna səssiz qaldılar. Bu müddət ərzində həmkarlanınızın bəziləri başqa sahələrdə çalışdılar. Sizin obrazınınz Azərbaycan teatr aktyorunun dramı ola bilərmi?

- Yox, çünki onlar sadəcə teatrların açılmasını istəyirlər. Onlar teatrda maaş alırlar. Drama gəldikdə isə, bunu dram hesab etmirəm. Çünki o qədər insanlar var ki, onlar da peşəsi üzrə çalışmırlar. Öz istedadını göstərmək üçün müəyyən maneələrlə qarşılaşırlar. Mən də o insanlardan biriyəm. Bunu dram hesab etmirəm. 2011-ci ildə teatrdan uzaqlaşdırılmışam. Sonradan İntiqam Soltanın Bakı Uşaq Teatrında çalışmışam. Sonradan gördüm ki, orada da qazancım azdır, İntiqama yük olmaq istəmədim və uzaqlaşdım. 2014-cü ildən uzaqlaşmışam. Sadəcə seraillarda çəkilirəm.

- Eyni sualı rejissora da ünvanlandırdıq. Rauf Şahsuvarovun yaratdığı obraz ümumən Azərbaycan aktyorunun dramı sayıla bilərmi?

- Tamamilə düz vurğuladınız. Rauf komediya aktyorudur. Mən komediya aktyorunun düşdüyü dramatik həyatı göstərməyə çalışmışam. Rauf Azərbaycan aktyorunun ümumiləşdirilmiş obrazıdır.

Rauf Şahsuvarov

- Sizcə, Mədəniyyət Nazirliyi, Teatrlar İttifaqı filmi gördükdən sonra nəticə çıxara bilərmi?

- Bu filmdə ssenari olmayıb. Sadəcə ideya olub. Bir şeyi müqayisə etmək üçün nəzərinizə çatdırmaq istəyirəm. Gürcüstanda "Chai Khana" medianın pitçinqi də oldu, Azərbaycanın Mədəniyyət Nazirliyinin də pitçinqi oldu. Məsələn, "Chai Khana"da onlayn vasitəsi ilə 20 dəqiqə ərzində mən onlara ideyamı danışdım. Və mənim filmoqrafiyamla da tanış idilər. Bilirdilər ki, mən yoldan keçən adam deyiləm. Haradasa 40 gün müddətinə film hazır oldu. Mənim qəhrəmanımın probleminə gəldikdə isə, ümid edirəm ki, nazirlik səviyyəsində bu problem həll olunar. Biz bəzən bu məsələdə laqeyd oluruq, yan keçirik. Amma yaradıcı insanlar bundan əziyyət çəkirlər. Tarixən o qədər aktyorlarımız olub ki, onların yaradıcılıqlarından istifadə olunmayıb və nakam gediblər bu həyatdan.

Məlumat üçün bildirək ki, Rauf babası Nurməmməd bəy Şahsuvsarov Azərbaycan Xalq Cümhuriyyətinin maarif və dini etiqad naziri olub.

Nurməmməd bəy Şahsuvarov həm Azərbaycanın, həm Şimali Qafqaz ölkələrinin azadlığı uğrunda mübarizə aparıb. O, repressiya qurbanı olub, 1938-ci ildə Bakıda həbs olunub. 1940-cı ildə sürgün olunub. 1943-cü ildə Bakıya qayıdıb, 1958-ci ildə vəfat edib.

 

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlı futbolçu sənəd probleminə görə Yunanıstan klubuna keçə bilməyib

SONRAKI XƏBƏR

Amaras var, bayraq yoxdur - FOTO