Şəhid baş leytenant haqda film hazırlanıb - VİDEO

Şəhid baş leytenant haqda film hazırlanıb - VİDEO

2020-ci ilin sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan baş leytenant Həsənağa Abdullazadə haqqında xatirə filmi hazırlanıb. Ordu.az xəbər verir ki, filmdə şəhid zabitin təhsil aldığı orta məktəbin müəllimləri, sinif yoldaşları, dostları, birgə xidmət keçdiyi şəxslər, döyüş yoldaşları və doğmalarının Həsənağa Abdullazadə haqqında xatirələri yer alıb.

Ekran nümunəsi “Vətən Media” Yaradıcılıq Qrupu tərəfindən ərsəyə gətirilib. Filmdə 44 günlük Vətən Müharibəsi dövründə Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Mərkəzi tərəfindən lentə alınan döyüş səhnələrindən, həmçinin sosial şəbəkələrdə yayılan və müəllifi məlum olmayan görüntülərdən istifadə olunub.

Xatırladaq ki, baş leytenant Abdullazadə Həsənağa Şakir oğlu 1993-cü ildə Lənkəran şəhərində anadan olub. 1999-cu ildə Rövşən Bədəlov adına adına 9 saylı Lənkəran şəhər tam orta məktəbinin birinci sinifinə gedib. 2007-ci ildə həmin təhsil ocağının məzunu olduqdan sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Üç ildən sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə (AAHM) qəbul olub. 2014-cü ildə ali hərbi təhslini başa vurub “leytenant” hərbi rütbəsi ilə Azərbaycan Ordusunda zabit kimi xidmət etməyə başlayıb. Vətən müharibəsi başlayanda, Həsənağa gənc olmasına rəğmən, döyüş aparan taborun qərargah rəisi vəzifəsini daşıyırdı.

Bu böyük Qələbəni bizə yaşadan bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Tanrıdan şəfa və can sağlığı arzulayırıq.

 

Mənbə: ordu.az