Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” ilə açıb

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı oktyabrın 15-də pandemiyanın doğurduğu ilyarımdan çox fasilədən sonra yeni mövsümünü “Qarabağnamə” tamaşası ilə açıb.

SİA xəbər verir ki, tamaşanın nümayişindən əvvəl mədəniyyət naziri Anar Kərimov yeni mövsümün başlanması münasibətilə teatrın kollektivini və tamaşaçıları təbrik edib. Teatrın cəmiyyətin inkişafında müstəsna əhəmiyyət kəsb etdiyini söyləyən nazir deyib: “Teatr çox güclü sənətdir, təsirli bir alətdir. Bu sənət yaşayan bir irs olaraq cəmiyyətimiz üçün çox önəmli incəsənət növüdür. Azərbaycan teatrının çox zəngin tarixi və ənənələri var. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da bu proseslərdə bir avanqard rolunu oynayır”.

Dövlətin teatrlara göstərdiyi diqqət və qayğıdan danışan nazir bildirib ki, bu istiqamətdə bir sıra əməli addımlar atılmış, teatrların maddi-texniki bazası gücləndirilmiş, dövlət proqramları qəbul olunmuşdu.

Nazir qeyd edib ki, Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında səhnələşdirilən tamaşa Qarabağda tarixi Zəfərdən sonra bir başqa ovqatla baxılacaq. “Bu tamaşa Azərbaycan xalqının tarixi və bu günü ilə bağlıdır. Artıq torpaqlarımız azad olundu, Qarabağımız qayıtdı, şanlı Ordumuz zəfər çaldı. Biz çox istərdik ki, Azərbaycanda formalaşan qələbə ruhu, qürur bizim teatrların ərsəyə gətirdiyi tamaşalarda öz əksini tapsın”, - deyə nazir vurğulayıb.

Daha sonra səhnə əsəri nümayiş olunub.

Səhnə əsəri XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. Xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

Tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Ramiz Məlik, Əli Nurzadə, əməkdar artistlər Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Cəbrayılov, Rəşad Bəxtiyarov, Elnar Qarayev aktyorlar İlyas Əhmədov, Elnur Qədirov, Ramin Şıxəliyev, Ləman İmanova, Rada Nəsibova, Cavidan Novruz, Firuzə Balayeva və Fəridə Şahbazova ifa edib.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə kəşfiyyatı İranın xüsusi xidmətlərini belə cəzalandırdı

SONRAKI XƏBƏR

Hamilə arvadını dənizdə boğan şəxs danışdı - TƏFƏRRÜAT