“Əjdaha klarnet çalır, amma adamlığı yoxdur” - Video

“Əjdaha klarnet çalır, amma adamlığı yoxdur”  - Video

Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin üzvü, klarnet ifaçısı Rafael Bayramovun (Dağlı) “Qafqazinfo”ya müsahibəsi:

- Söhbətə özünüzü təqdim etməklə başlaya bilərik.

- 1986-cı ildə Bakının Yasamal rayonunda anadan olmuşam. Əslən dağlı balasıyam. 10 yaşımdan klarnet ifa edirəm. Desəm ki, öz həvəsimlə başlamışam, yalan olar. Özümün musiqiyə həvəsi olmayıb. Atamın klarnetə həvəsi olub, elə o da məni bu sənətə yönləndirib. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, daha sonra Bakı Musiqi Akademiyasında təhsil almışam. 15 ildən çoxdur ki, Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrində çalışıram.

- Bildiyimə görə, bu orkestr ölkə Prezidentinin rəsmi qəbullarında xarici dövlət başçılarının qarşısında çıxış edir.

- Bəli, bizim orkestr dövlət səviyyəlidir, uzun müddətdir fəaliyyət göstərir. Dünyada yeganə orkestrdir ki, bütün tədbirlərdə musiqiləri əzbərdən ifa edir. Çox məsuliyyətli bir işdir. Toyda hansısa mahnının bir hissəsi yadından çıxa bilər, amma orada elə şey ola bilməz, çünki dövlət tədbirindəsən. Orkestrimizin dirijoru professor, general-mayor, Xalq artisti Müslüm Axundzadədir.

- Fərqli ifa tərziniz haqda danışaq.

- Mənim ifa tərzim rəhmətlik Əşrəf Əşrəfzadə, Şəmsi İmanovdan gəlir. Bizim ifa etdiyimiz Bakı yoludur. Mənimlə yanaşı, Şəmsi Maştağalı, Emin Qobulu, İslam Şüvəlanlı kimi musiqiçilər var. Bu yolun ifaçıları azlıq təşkil edir. Bizim ifalarımızı əsasən Bakı və dağlı camaatı sevir. Dağlılar, yəni Siyəzən, Giləzi, Zarat, Dəvəçi mənə çox dəstək olub. Bakı kəndləri də sağ olsun.

Digər yolda ifa edən musiqiçi dostlarımız da var. Ona türk yolu deyirlər. Allah Zahid Sabirabdlıya rəhmət eləsin, bu yolun kralı idi. Böyük sənətkar olub. İndikilərdən Hüseyn Məhəmmədoğlu çox gözəl klarnet ifaçısıdır. Ondan başqa, Seymur Kərimov, Radim, Samir Cəbrayıllı var. Sadəcə ifa tərzlərimiz seçilir. Hər gülün öz ətri var. Onları da, bizi də sevən var.

- Deyirlər ki, məhz Bakı toylarında çıxış etmək daha çətindir. Bununla razısınız?

- Bəli, tamamilə doğrudur. İstər xanəndə, istərsə də digər musiqiçilər üçün. Çünki orada musiqini dərk edirlər. Nardaran kəndində toya getmişdim. Özlüyümdə stress keçirirdim ki, burada musiqini başa düşürlər. Olur ki, xanəndə qəzəl oxuyur. Qayıdıb deyilər ki, qəzəlin filan sözünü səhv oxudun. Demirəm ki, məsələn, get Qazaxda toy çal, asan olacaq. Sadəcə Bakı kəndlərində yerli musiqini çox gözəl bilirlər. Əgər restoran üçün musiqiçiləri müğənni ilə danışırlarsa, Bakı kəndlərində toyu əsasən elə klarnet ifaçısı ilə danışırlar. Bakı kəndlərində rəqs edənlər, yaxşı mənada, adamı yorur. Yaxşı oynayırlar da. Dağlılar anadangəlmə rəqqasdır. Girirlər toyxanaya, yarım saat, qırx dəqiqə oynayırlar. Onları görüb ifa etmək də ləzzət edir.

- Toyda başınıza gələn maraqlı hadisə olub?

- Toyların birində idik. Orada əmilərə və başqalarına danışmağa söz verilmir. Yalnız əvvəldə bir ağsaqqal çıxış edir. Bir nəfər yaxınlaşdı ki, mənə söz verin, danışmaq istəyirəm. Özü də bir az sərxoş idi. Söz verilmədiyini görüb dirəşdi. Axırda söz verildi. Gəlib mikrofonu götürüb dedi ki, mən nə deyə bilərəm ki, Allah xoşbəxt eləsin (gülür-red.)

- Klarnetin adı gələndə “Vağzalı” yada düşür. Bu havanı da hərə bir cür ifa edir...

- Çox gözəl vurğuladınız. “Vağzalı”nı klarnet ifaçıları çox ifa ediblər. Onun möhürünü Hüseyn Məmmədoğlunun atası Məşədi Məhəmməd vurub. Mənə çox zövq verir. “Vağzalı” insanı həm ağladır, həm də fikrə aparır. Toyda hər dəfə yaxşı “Vağzalı” çalmaq mümkün deyil. Hər gün yuxudan oyananda yaxşı əhvalla dura bilmirsən axı. Gərək təb gələ ki, sən onu ifa edə biləsən, tamaşaçıya çatdırasan. “Vağzalı” əsərdir.

- “Hop-stop”, “Axşamlar” kimi ifalarınız da yetərincə sevilib.

- Bəli. Bir disk buraxmışdıq. Bütün mahnıları məşq etmişdik, bir az vaxtımız qalmışdı. Dedik ki, gəlin elə-belə özümüz üçün bir dənə də mahnı ifa edək. “Hop-stop”u ifa etdim. Elə ən tutarlı, sosial şəbəkələrdə ən çox izlənilən mahnı da o oldu. O mahnını heç məşq etməmişdik. O hamısından yaxşı çıxdı. Bir mahnı da ifa etmişəm - Əliağa Vahidin sözlərinə yazılmış Məmmədbağır Bağırzadənin “Axşamlar”ı. Bu yaxınlarda uşaqlar dedi ki, izləməsi iki milyonu keçib. Toyların birində ifa etmişdim, heç kim sifariş etməmişdi. Görürəm ki, o mahnı bir çoxlarının telefonunda, maşınında səslənir. O mahnını məşq etməmişdim. Yəni təbdən asılıdır.

- Nə vaxtdan tanınmağa, toylara daha çox dəvət almağa başladınız?

- 2011-ci ildən öz adıma toy çalıram. Toy yiyəsi sırf məni istəyir, gedirəm. O vaxt kanalların birində müsabiqə var idi – “Virtuoz”. Orada ifa etməyə çıxmışdım. Bakı yolunu ifa etdim. Ondan sonra məni toylara çağırmağa başladılar. Bu musiqi aləmində baş çıxarmaq çox çətin məsələdir. Bizdə tamam başqa ab-havadır. Tək klarnet çalmaq deyil. Sənin maşından düşməyin də ayrı bir cayıllıqdır. Salam verməyin, camaatla ünsiyyətdə olmağın. Baxırsan, əjdaha klarnet çalır, amma adamlığı yoxdur. Var elə klarnet ifaçıları ki, canavar kimi klarnet çalır, amma özünü aparmağı yoxdur. Toyxanada oturmaq özü məktəbdir. Toyxana ha-ha, hi-hini sevən bir yer deyil. Burada sanballı olmalı, özünü saxlamalısan.

- Klarnet ifaçıları arasında da bir-birinin yolunu kəsənlər var?

- Bəli, amma nə kiminsə yolumu kəsdiyini görmüşəm, nə də yol kəsmişəm. Mərdiməzar klarnet ifaçısı da var, "Kamaz" sürücüsü də. Əgər toy yiyəsinin ürəyi Rafael Dağlını istəyirsə, harada olsa gəlib tapacaq məni. Siz məni tapdığınız kimi. Mənim təbiətimdə yoxdur ki, durub hansısa efirə çıxım, pul verim ki, məni verilişə çək. Hamı yaxşı bilir ki, bu gün beş klarnet çalan varsa, onlardan biri Rafael Dağlıdır. Bunu harada istəyirsiz, kimə istəyirsiz üzünə də deyərik. Heç çıxılası normal veriliş yoxdur. Mən fonoqram ifaçısı deyiləm axı. İndiyədək fonoqramla klarnet çalmamışam. Kanalların birində işləyənin toyu idi. Orada bir aparıcı məni gördü, sonra televiziyaya dəvət etdilər. Getdim, dedilər ki, min manat verərsən də. Durub çıxıb getdim. Dedim ki, toyun əlindən cırılıram, sənə niyə pul verim, efirə baxan var ki. Bu, iş deyil axı.

- Tanınmış klarnet ifaçılarından biri də bayaq adını çəkdiyiniz Hüseyn Məhəmmədoğludur. Ona münasibətiniz necədir?

- Bu gün televiziyada kim klarnet ifa edirsə, sevinirəm. Bu dəqiqə Azərbaycan klarnetinin brendi Hüseyn Məhəmmədoğludur. Brendir də bu kişi. Bunu danmaq olmaz. Klarnet ifaçılarından beş oğlanın xətrini istəyirəmsə, onlardan biri Hüseyndir. Onun sənətini, özünü bəyənməsəydim, oğlumun toyundan başda oturmazdı. Oğlumun toyunu Hüseyn çalıb. Hüseyn efirdə çalanda sevinirəm ki, klarneti təbliğ edir. Əlindəki klarnetdir, mikrofon deyil. Hansı kanala çevirirsən müğənni fonoqram oxuyur. Bu kişinin oğlu klarneti sevdirir. O da olmasa, klarnet yaddan çıxar. Hüseyn televiziyada çalmasaydı, klarnet yaddan çıxıb gedərdi. Bunu mən Hüseyn olan yerdə də deyirəm, olmayan yerdə də.

- Tələbələriniz varmı?

- Var, amma arenaya çıxanı yoxdur. İkisi əsgərlikdədir. İki-üç tələbə də var. Bu sənət elədir ki, iki, ya üç ilə klarneti öyrənə bilməzsən. Musiqi elədir ki, istedad olmalıdır. Bizim nəslimizdə, soy-kökümüzdə heç vaxt musiqiçi olmayıb. İstər ana, istərsə də ata tərəfdən.

- Oğlunuzun klarnet ifaçısı olmasını istərdinizmi?

- Heç vaxt istəmərəm. Bu, o demək deyil ki, pis sənətdir. Özüm onun yanında heç vaxt klarnet ifa etmirəm. Ona demişəm ki, klarnetə əl vurma. Həyatı boyu qoymaram klarnet çalan olsun. Görsəm ki, klarnet çalır, tutub alaram əlindən. Ümumiyyətlə, istəmərəm musiqiçi olsun. Söhbət tək klarnetdən getmir. Bu, mənim qəti qərarımdır. Başqa sahəni seçsin. Polis, prokuror olsun. Allahın qismətidir. Deməklə olmaz.

Hüseyn Məmmədsalahov

Foto-Video: Pərvin Zeynal, Müzəffər İsmayılov

Mənbə: qafqazinfo.az