Paytaxt məktəblərində şanlı Qələbəyə həsr olunan sərgilər keçirilir

Paytaxt məktəblərində şanlı Qələbəyə həsr olunan sərgilər keçirilir

Bakı, 21 oktyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən Vətən müharibəsində qazanılmış şanlı Qələbəyə həsr olunan sərgilər keçirilir.

Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, Zəfər Günü ərəfəsində mütəmadi olaraq təşkil olunan sərgilərin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, uşaq və gənclərin bədii-estetik zövqünü formalaşdırmaq, xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdir.

Sərgilərdə istedadlı şagirdlərin təsviri incəsənət, dekorativ tətbiqi sənət, floristika, fauna, elmi texniki və dizayn sahələrindən ibarət əl işləri və rəsmləri nümayiş olunur.

Həmçinin xarıbülbülün müxtəlif formalarda təsviri, Qarabağdakı tarixi abidələrin, qalaların, döyüşlərdə istifadə edilən silahların maketləri sərgilərdə təqdim olunur.

Qarabağ və işğaldan azad olunmuş digər bölgələrin tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları və tanınmış şəxsiyyətlərindən bəhs edən videoçarxlar da nümayiş olunur.

Mənbə: azertag.az