Namiq Mayılov: “Dünyada çap məhsuluna dönüş tendensiyası duyulur”

Namiq Mayılov: “Dünyada çap məhsuluna dönüş tendensiyası duyulur”

“Dünyada çap məhsuluna dönüş tendensiyası duyulur”. “Region plus” jurnalının baş redaktoru Namiq Mayılov Report Media Məktəbinin tələbələri ilə görüşdə belə deyib.

Baş redaktor bu prosesin sosial şəbəkəyə etibarın azalması ilə bağlı olduğunu vurğulayıb:

“Sosial şəbəkəda paylaşılan məlumatla informasiya agentliyində yerləşdirilən xəbər arasında fərqi anlamalıyıq. Agentlik heç bir zaman dəqiqləşdirilməmiş xəbər paylaşmaz. Əks halda onun imicinə zərbə dəyər. Eyni qayda ilə də çap mediası fəaliyyət göstərir, jurnalda dərc olunmuş yazıdan nəyisə silə bilməzsən. “Region plus” jurnalı da istisna deyil, hər bir material dəfələrlə yoxlanılır”.

Namiq Mayılov keyfiyyətli jurnal çap etmək üçün redaksiyada böyük işlərin görüldüyü bildirib:

“Jurnalın daxili “mətbəxi” kifayət qədər qəlizdir. Müəlliflərin yolladığı yazıları ilkin olaraq redaktor nəzərdən keçirir. Özü də bütün prosesə məsul katib nəzarət edir. Onun işi olduqca ağırdır. Növbəti mərhələdə yazıları ədəbi redaktor düzəldir. Daha sonra korrektor bir daha materialları oxuyur, düzəliş edir. Jurnalın maketi yaradıldıqdan sonra korrektor bir daha yazıları oxumalıdır. Fotoların keyfiyyəti, düzülməsi kimi xırda işlər də xeyli vaxt alır. Ən maraqlı hissə jurnalın dərc olunmasına bağlıdır, çünki vaxtında çapa verilməsə, gecikmə olacaq. Rənglərin quruması da zaman tələb edir”.

Namiq Mayılov 2006-cı ildən “Region plus” jurnalının baş redaktorudur. Bundan öncə “Turan” İnformasiya Agentliyi və ATV kanalında çalışıb.

Mənbə: report.az