Əməkdar artist: “Prezidentlə görüş yerindən baxanda dağılmış evimiz görünürdü...”

Əməkdar artist: “Prezidentlə görüş yerindən baxanda dağılmış evimiz görünürdü...”

"Dünən həyatımın, keçmişimin, bəlkə də gələcəyimin ən xoşbəxt gününü yaşadım”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti, Əməkdar artist Almaz Orucova Prezident İlham Əliyevin Zəngilan zəhmətkeşləri və ziyalıları ilə görüşündən danışarkən deyib.

Xanəndə 30 ildən sonra ilk dəfə Zəngilana getdiyini və həsrətin, vüsalın şirinliyini daddığını vurğulayıb:

"Zəngilanın işğaldan azad olunan günü idi, böyük bir qrupla rayona səfər etmişdik. Bu baş ucalığını bizə yaşadan dövlət başıçımıza, onun rəhbərliyi altında əsgərlərimizə var olun, deyirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların ruhları şaddır, tökdükləri qan vətən, torpaq uğrundadır. 30 ildən sonra bu torpağa ayaq basmaq, doğma Zəngilan rayonunda və rayon rəhbərləri, ziyalıları ilə birlikdə səfərdə olmaq çox qururludur”.

 

Almaz Orucova deyir ki, dövlət tədbirinin keçirildiyi yerdən baxanda evlərini uzaqdan gürüb:

"Özümü güclə saxladım, içimdəki hıçqırıq sevinc hisslərinə qarışdı. Xöşbəxtəm ki, zəfərin dadını, ətrini duydum. Dağüstü park Zəngilanın ən möhtəşəm yeridir, görüş orada keçirildi. Uzaqdan baxanda bizim evimiz görünürdü. Sonra evimizə də getdim, sınıq daşları, qurumuş ağacları gördüm, həyətimizi ot basıb, ayaq basmağa yer yox idi, yağış da yağırdı. Dağıdılan evimizin daşlarına toxundum. O daşlarda keçmişimlə bağlı xoş xatirələrim var, bir anlıq o günləri yenidən yaşadım. Bu əziz xatirələrimi mənə yaşadanlara təşəkkür edirəm, çox istəyirəm, o günlərimə yenidən qayıdım. Gələcəyimdən daha çox keçmişimə qayıtmaq istəyirəm”.

Xanəndə görüşdən sonra I Vitse-prezident Meriban xanım Əliyeva ilə görüşləri olduğunu diqqətə çatdırıb:

"Elnur Əhmədovla birlikdə bizi yanına çağırdı, ürək sözlərini dedi. Azərbaycan muğamları və musiqisindən danışdıq”.

Bahar Rüstəmli

Mənbə: qaynarinfo.az