““Laçınım” mahnısını və Məhəbbət Kazımovun bəstələrini öz üzərinə götürmək ona baha başa gələcək”

““Laçınım” mahnısını və Məhəbbət Kazımovun bəstələrini öz üzərinə götürmək ona baha başa gələcək”

“Mən hörmət əlaməti olaraq Könül Kərimovaya çox söz demədim, amma bəzi sözləri indi demək istəyirəm. O “Laçınım” mahnısıyla bağlı çox səhv iddia yürüdür. Mən yaşına, yaşlı xanım olduğuna görə hörmət etdim, amma görürəm ki, o bu hörməti başa düşmür. Elə bildim ki, bu məsələyə son qoymuşam, amma görünür elə deyil. Bu gündən deyirəm ki, mən onunla başqa cür danışacağam! Bilmirəm o insan gündəmə gəlmək üçünmü tez-tez bu mövzuya müraciət edir, ya necə?! Bunu da aydınlaşdıracağam”.

Yenisabah.az xəbər verir ki, bunu Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. O deyib ki, bu mövzuya yenidən qayıtmasına səbəb əməkdar artist Könül Kərimovanın özü olub.

“Sonuncu dəfə Zaur bəyin verilişində dedi ki, “Laçınım” mahnısının musiqisini mən yazmışam. Bu böyük iddiadır, sübut olunmalıdır. Məsələ ilə bağlı onunla görüşəcəyik, amma efirlərdə yox! Mən efirə çıxıb onun bu yalanlarını üzünə vurmayacağam. Niyə görə? Çünki o bundan piar, reklam qazanmaq istəyir. Könül xanım yalan danışır və bunu reklamla edir. O ilk dəfə bu mövzuya toxunanda siz özünüz də şahidi oldunuz ki, insanlar nə rəylər yazdılar, necə reaksiya bildirdilər?! Mən bu faktı sübuta yetirəcəm! Bu yaşda böyük yaşlı xanımamı deyim, sənətkar yox musiqiçiyə bu cür sözlər, yalançılıq yaraşmır. Azərbaycan xalqı yaxın bir müddətdə görəcək ki, bu cür mövzularda yalan danışıb, insanların hissləri ilə oynamaq olmaz. Könül xanım mahnı bəstələyən bir insan deyil. Ola bilər ki, özünə mahnı bəstələyib, amma “Laçınım” mahnısını və Məhəbbət Kazımovun bəstələrini öz üzərinə götürmək ona baha başa gələcək. Xalqımız özü onsuz da ona cavab vermişdi. Hətta mən də saytlar vasitəsilə ona cavab verdim, gözlədim ki, bəlkə yalanlarından əl çəkər. Görünür ki, bu gündəm ona sərf edir”, - deyə sənətkarın övladı bildirib.

Rəşid Kazımov atasının müharibə illərində yayılan videosuna yazılan rəylərə də bizim vasitəmizlə cavab verib.

“O 5-10 nəfərin çıxıb Məhəbbət Kazımovu tənqid etməkləri düzgün və doğru deyil. Ola bilər, azad ölkədə yaşayırıq, hamı çıxıb kimisə tənqid edə bilər, amma həmin insanların nə yaşı, nə başı çatmaz ki, atamı tənqid etsinlər. Bütün Azərbaycan bilir ki, Məhəbbət Kazımov necə bir insan olub, vətəninə, dövlətinə, torpağına necə bağlı olub! Əhəmiyyət vermirəm bu rəylərə. Siz girin yutubda atamın ifalarının altına yazılan rəylərə baxın, görün insanlar necə sevgi ilə ona məhəbbətlərini, hörmətlərini bildirirlər. O torpağını sevən biri olub, “Laçınım” mahnısı onun dilindən düşməyib. Sözügedən video atamın ad günü videosudur, yutuba da yerləşdirilib. Yazırlar ki, “Laçınım, Laçınım” oxumaqla deyil, amma bu tənqidi edənlərin özü bilmir ki, müharibə dövründə Azərbaycanda ən çox əsgərlərin yanında olub, onlar üçün pulsuz konsertlər verən, əhval-ruhiyyələrini qaldıran müğənnilərdən birincisi elə Məhəbbət Kazımov idi. Anam deyirdi ki, atan elə olurdu ki, həftələrlə, günlərlə evə gəlmirdi. Çünki əsgərlərin yanında olurdu. Məhəbbət Kazımov tanınmış şəxsdir, ona görə də insanlar onun adından istifadə edib həm pul, həm də reklam qazanır. Bir insan gündəmə gəlmək üçün çıxıb desə ki, Məhəbbət Kazımovun mahnısını mən yazmışam, bu elə bəs edir”, - deyə Rəşid Kazımov bildirib.

Mənbə: yenisabah.az