Zəfər gününə həsr olunan tamaşalar festivalı keçiriləcək

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbənin birinci ildönümünə həsr olunan "Qalib olan Azərbaycan" adlı tamaşalar festivalı keçiriləcək.

Bu barədə Report-un sorğusuna cavab olaraq Azərbaycan Teatr Xadimləri İttifaqından məlumat verilib.

Noyabrın 2-dən 5-dək davam edəcək tədbirin təşkilatçısı Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqıdır.

Bildirilib ki, tarixi zəfərə həsr olunan festivalın keçirilməsində əsas məqsəd Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığı, qalib Azarbaycanın tarixində əbədi qalacaq zəfərə doğru gedən çətin və şərəfli yolu əks etdirən dramaturji nümunələrin sayını artırmaq, milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdan ibarətdir.

Münsiflər heyəti tərəfindən seçilən tamaşalar noyabrın 2-dən 5-dək oynanılacaq, sonda qaliblər mükafatlandırılacaq.

Festivalın açılış mərasimi noyabrın 2-də saat 15:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının "Abbas Mirzə Şərifzadə səhnəsi"ndə "İnanıram" tamaşası ilə baş tutacaq. Tamaşanın müəllifi Ülviyyə Heydərova, rejissoru Emil Əsgərovdur.

Noyabrın 3-də saat 15.00-da Teatr Xadimləri İttifaqının böyük səhnəsində Bakı Uşaq və Gənc Teatrının "Cənnəta bilet" tamaşası nümayiş olunacaq. Tamaşanın müəllif və rejissoru İlhamə Əhmədovadır.

Noyabrın 4-də saat 15:00-da Teatr Xadimləri İttifaqının böyük səhnəsində Müstəqil layihə "Xoşbəxtliyin dəyəri" tamaşası nümayiş olunacaq. Tamaşanın müəllifi Sahib Məmmədov, rejissoru Raulya Türkkandır.

Festivalın sonuncu günündə noyabrın 5-də saat 15:00-da Teatr Xadimləri İttifaqının böyük səhnəsində Qusar Dövlət Ləzgi Dram Teatrının "Çingiz dastanı" tamaşası nümayiş olunacaq. Tamaşanın müəllifi əməkdar incəsənət xadimi Abdulla Qurbani, rejissoru əməkdar mədəniyyət işçisi Faiq Qardaşovdur.

Festivalın bağlanışı və mükafatlandırma mərasimi noyabrın 5-də saat 16:00-da Teatr Xadimləri İttifaqında keçiriləcək.

Press.az

ƏVVƏLKİ XƏBƏR

“Türkiyədə Heydər Əliyevin də məzarı olsaydı, ziyarət edərdim” – Polad Həşimovun anası

SONRAKI XƏBƏR

Şəhid olacağını kağıza yazıb gizlədən 23 yaşlı igidimiz - VİDEO