“Cavad adını mənə Şükriyyə nənəm verib, o dünyasını dəyişəndə 13 yaşım vardı...”

“Müstəqillik əldə ediləndən sonra o vaxt məni məktəbdə dövlət himnimizin sözlərinin müəllifi Əhməd Cavadın nəticəsi kimi kollektivə təqdim etdilər. Yaşım az idi, amma çox böyük qürur duydum. Həyatım boyu məktəbdə, universitetdə Əhməd Cavadın adı hər zaman üzərimdə olub. Mən bu adı şərəflə daşımışam və daşıyıram da”.

 

Bunu Moderator.az-a açıqlamasında istiqlal şairi Əhməd Cavadın nəticəsi Cavad Axundzadə deyib. O daha sonra əlavə edib:

“Əhməd Cavadın 5 övladı olub, Niyazi, Aydın, Tokay, Yılmaz və Almaz. Qızı Almaz 16 yaşında dünyasını dəyişib. Babam Aydın Axundzadə Əhməd Cavadın oğludur. Anam Şükriyyə xanımın gəlini olub. Hətta atamla yeni ailə həyatı quranda Şükriyyə xanım onlarla yaşayıb. Mən dünyaya gələndə Cavad adını mənə Şükriyyə xanım verdi. Bu adı fəxr və qürur hissi ilə yaşadıram. Biz bir müddət Şükriyyə nənəmlə birgə yaşadıq, o daha sonra yenidən Şəmkirə köçdü. Mən hər yay tətilini onun yanında keçirirdim. Mənə müxtəlif şeirlər, hekayələr danışırdı. Bəzən elə olurdu ki, Əhməd Cavadın şeirlərini deyirdi. O dünyasını dəyişəndə mənim 13 yaşım var idi, amma bununla belə onu bugünkü kimi xatırlayıram. Şükriyyə xanım çox çətin həyat keçirsə də, güclü qadın idi. Bizim nəslimizdə hamı, ələxsus da bütün qadınlar ondan ibrət, örnək götürürlər”, - deyə Cavad Axundzadə bildirib.

Cavad Axundzadə qələbə xəbərindən ilhamlanaraq ailəsi adından ölkə başçısına təşəkkür də edib:

“Bu zəfər bizim Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında, müzəffər ordumuzun şücayəti nəticəsində əldə edildi. Bu zəfər mən inanıram və bilirəm ki, ulu babam Əhməd Cavadın ruhunu da şad etdi. Əhməd Cavadın nəsli adından möhtərəm cənab prezidentimiz İlham Əliyevə təşəkkür məktubu yazdım. Təbii ki, Əhməd Cavad istiqlal şairi olub, bu günləri görsəydi onun ruhu daha da şad olardı, sevinərdi”, - deyə Cavad Axundzadə bildirib.

Cavad Axundzadə hal-hazırkı işindən də danışıb:

”Artıq 12-ci ildir ki, Gənclər və İdman Nazirliyində çalışıram. Eyni zamanda Azərbaycan Triatlon Federasiyasının baş katibiyəm. 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən Azərbaycan idmanının fəaliyyətindəki xidmətə görə fəxri diplomla təltif olunmuşdum. Cənab prezident tərəfindən təltif olunduğuma görə çox böyük qürur hissi yaşayıram. Hansısa dövlət, yaxud idman tədbirində olarkən himnimiz səslənir. Mən bu zaman özümdən asılı olmadan kövrəlirəm. Bəzən isə kiminsə diqqəti bu zaman məndə olur. Təbii ki, hər birimiz bayrağımızı, himnimizi sevirik, amma mənim buna münasibətim tam başqa olur. Çünki himnimizin sözlərini yazan Əhməd Cavad mənim babamdır”, - deyə müsahibimiz bildirib.

Moderator.az

Ednews.net

ƏVVƏLKİ XƏBƏR

"Banu"nun Günelindən XƏBƏR VAR - FOTO

SONRAKI XƏBƏR

BMT-dən Azərbaycanla Ermənistana TƏKLİF