“İstəyirsən xalq artisti ol, bu heç nəyi dəyişmir, özünü təsdiq etməlisən...”

"2 ilə yaxın fasilədən sonra ilk tamaşamı oynadım. Bu rejissor Nicat Kazımovun quruluş verdiyi "Leyli və Məcnun" tamaşası idi. Həqiqətən də ayaqlarım titrəyirdi, bir həyəcan gəlmişdi ki, mənə. Tamaşaçıları görəndə sanki ayaqlarım tutuldu. Aktyorlardan soruşdum ki, niyə görə mən həyəcan keçirirəm? Təkcə mən deyildim həyəcan keçirən, hətta bir aktyorumuz var idi ki, əlləri əsirdi. Mən ona baxıb öz-özümə dedim ki, Allah etməsin, onu insult da vura bilər. Bu aktyorlar üçün böyük bir məsuliyyətdir. Aktyor hər rolu oynadıqda özünü yenidən kəşf edir, təsdiq edir. Allah bizim əlimizdən sevdiyimiz sənəti almasın"

Milli.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktrisası Naibə Allahverdiyeva deyib. O daha sonra əlavə edib.

"Ümumiyyətlə bu sənətin, xüsusilə incəsənətin zirvəsi yoxdur. İstəyirsən xalq artisti ol, bu heç nəyi dəyişmir. Ən yüksək titulu daşısan belə sən ikiqat məsuliyyətli olmalısan. Hər dəfə özünü təsdiq etməlisən. Mənim üçün sənətin zirvəsi yoxdur. Hansısa aktyor deyirsə mən zirvədəyəm demək ki, o bitib" deyə xalq artisti bildirib.

Naibə Allahverdiyeva filmlərdə çəkilməməsindən də gileylənib.

"Kinoda bəxti gətirməyən aktrisalardanam. Düzdü mən kinoda sınaq çəkilişlərinə getməmişəm. Hansı filmlərdə çəkilmişəm də hamısı uğurlu olub. Moskvada filmə çəkiləndə mənə deyirdilər ki, səndə əsl kino siması var, gözlərin danışır sanki. Ekrana sənin danışan gözlərin kifayət edir. Bizdə aktyorluq sənəti asılı sənətdir. Rejissordan, ssenaristən asılı olur aktyor çox vaxt. Filmlərdə çəkilmədiyimə görə çox təəssüflənirəm. Bir aktrisa kimi kinoda istədiyim obrazları oynaya bilmədim. Çox gözəl rollar oynaya bilərdim. Taleyim, bəxtim elə gətirdi ki, məni çəkmədilər. Bir aktrisa kimi məndən lazımınca istifadə etmədilər. Bunu tək mən yox, mənə mesaj yazan insanlar da deyir. Bizdə ümumiyyətlə əvvəllər də belə olub. Elə sənətkarlarımız olub ki, onlardan heç kim istifadə etməyib. İtirən yenə də mədəniyyətimiz olub. Bir də baxırsan elə bir adamı gətirib filmə çəkirlər ki, tamaşaçı deyir ki, bunun nəyini çəkirsən? Axı o oynaya bilmir. Bu günki seriallarda da bu davam edir" deyə aktrisa bildirib.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyanı “Dünya gözəli”ndə türk qızı təmsil edəcək

SONRAKI XƏBƏR

Qar yağdı, 61 nəfər barda köməksiz vəziyyətdə qaldı - 3 gün keçib - VİDEO