“Brilliant Dadaşovanın bir yaşına bax, bir də rəqsinə...“ - “İnsan özünə qiymət verməlidir”

“Brilliant Dadaşovanın bir yaşına bax, bir də rəqsinə...“  - “İnsan özünə qiymət verməlidir”

Azərbaycanda bəzi insanların ağsaqqal, ağbirçək statusuna erkən yaşlarda can atdığı müşahidə olunur. Ölkədə 43-45 yaşlarında nənə, 45-47 yaşlarında baba tituluna yiyələnən xeyli adam tapmaq olar. Hətta 23-25 yaşlarında olan gənclərin dilində tez-tez “Qocaldıq getdik, dayı deyən də olmadı” məzmunlu şikayətlərə rast gəlmək mümkündür.

Buna səbəb nədir? Azrəbaycanda insanlar niyə erkən yaşlarında ağbirçək- ağsaqqal statusuna yiyələnmək istəyirlər? Əvvəl övladları, sonra nəvələri üçün yaşayan azərbaycanlılar öz həyatlarını yaşamağa niyə imkan tapmırlar?

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, valideynləri tərəfindən “sən uşaq deyilsən, artıq böyümüsən, 14 yaş kiçik yaş deyil, tayların o vaxtlar ölkəni idarə edirdi” kimi ifadələri mahiyyətsiz formada uşaqların şüuraltısına yeridir.

“Bir müddət sonra “23-25 yaşım var,dayı deyən yoxdu, hələ bir işin qulpundan yapışmamışam” kimi ifadələr özünü büruzə verir. Erkən yaşda ailə quran fərdlər hər şeyin ən tezini istəyirlər, tez nəvə sahibi olmağı, tez ev almağı, düşünmədən, məntiq yürütmədən bu fikirə alışırlar.

Erkən yaşda ailə həyatı quranların statistik göstəricilərinə nəzər salsaq və doğru zamanda ailə həyatı quran şəxslərlə müqayisə etsək, hansının daha çox xoşbəxt və uğurlu ailələr olduğu önə çıxır. Yarımçıq ailələr, tək böyüyən oğullar, qızlar... Nəhayət, ana düşünür ki, bu qədər əziyyət çəkmişəm, bəhrəsini də tez görməliyəm. Bu tip insanlarla söhbət etdiyiniz zaman görərsiniz ki, elə uşaq sözlərdən, cümlələrdən istifadə edirlər ki. Hiss olunur ki, öz həyatlarını yaşamayıblar.

Həyatda daşıdıqları ağır yük hələ də çiyinlərində olduğundan özlərini nənə-baba statusunda görürlər. Buna əsas səbəb özlərinin, övladlarının erkən ailə qurmasıdır.

Yaşımız arta bilər, amma bu o demək deyil ki, artıq həyat bitir. Xarici ölkədə yaşlı şəxslər küçənin ortasında rəqs edəndə, ponları heç kim qınamır. Brilliant Dadaşovanın rəqslərini görərkən, yaşına baxmayaraq, onu alqışlayıram. Ruhən özünü cavan saxlayan insanlar həyatlarını da cavan yaşayırlar. Yəni insan öncə özünə, peşəsinə qiymət verməlidir”.

Ayzel

Mənbə: yenisabah.az