"Xəzər Xəbər"in aparıcısı İŞDƏN ÇIXARILDI – “Haqsız addımla bağlı sonadək gedəcəyəm”

"Xəzər" televiziyasının əməkdaşı və "Xəzər Xəbər"in aparıcısı Nigar Mirzəyeva işindən ayrılıb. Aparıcı qanunsuz olaraq işdən çıxarıldığını iddia edir.

Bu barədə Bizim.Media-ya danışan aparıcının özü məlumat verib.

O, hansı səbəblə işdən kənarlaşdırıldığını bilmir:

“Hələ gedib əmri götürməliyəm. İşdən çıxarılmağım üçün tutarlı səbəb yoxdur. Sadəcə olaraq mənə xəbər verildi ki, Murad müəllim məni işdən çıxarıb. Ümumi 15 il iş təcrübəm var. Xəzər televiziyasında isə 6 ildir ki, çalışıram. Təbii ki, arada anlaşılmazlıqlar olub. Amma rəhbərlikdən bu anlaşılmazlığa görə işdən azad olunmağımı demirlər”.

İki aydır xəbərdən və efirdən uzaqlaşdırıldığını deyən aparıcı ona göstərilən bu münasibətin də səbəbsiz olduğunu bildirib:

“Sadəcə işdə adım gedib. Bilirsiniz ki, kifayət qədər sevilən və tanınan aparıcıyam. Məni xəbərdən kənarlaşdırmaq üçün ciddi bir səbəb olmalı idi. Bu səbəb isə ortada yoxdur. İki aydır mənə yeni layihələri gözləmək vədi verilirdi və “Səhər ”verilişində olmalıydım. Sonra “Səhər” verilişində başqa aparıcı oldu. Yenidən həmin verilişə qaytarılacağımı dedilər. Bir sözlə, onlardan cavab gözləyirdim ki, işdən çıxarıldım”.

Aparıcı ona edilən haqsız addımla bağlı sonadək gedəcəyini deyib:

“Düşünürəm ki, bu, mənə qarşı haqsız mövqedir. Sonuna kimi hüququmu müdafiə edəcəyəm. Düzdür, bu söhbətdən sonra "Xəzər" televiziyasında qalmağı belə düşünmürəm. Sadəcə olaraq, mənim kimi aparıcıya belə bir addımın atılmasını qəbul etməyəcəyəm. Mənə elə gəlir ki, bu, ədalətsizlikdir və mütləq buna qarşı tədbir görülməlidir”.

Adının açıqlanmasını istəməyən "Xəzər" televiziyası rəsmisinin sözlərinə görə isə hər şey qanun çərçivəsində baş verib və aparıcının əmək müqaviləsinə dekabrın 1-dən xitam verilib.

Alçina Amilqızı

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Spaletti cəzalandırıldı

SONRAKI XƏBƏR

Rəşad Nəbiyev: “Elm-təhsil üçün vəsaitin bir neçə dəfə artırılması müzakirə olunur”