"Buna yol verə bilməzdim" - Afaq Bəşirqızı

"Buna yol verə bilməzdim" - Afaq Bəşirqızı

Bu gün yaşlı və orta nəslə mənsub çox az adam tapılar ki, bir vaxtlar Azərbaycan Televiziyası tərəfindən istehsal edilən, mövzu, süjet, rejissura, aktyor oyunu baxımından maraqlı və baxımlı olan teletamaşaları xatırlamasın. Azərbaycan televiziyalarında teletamaşalar çəkilmir, bu sahə sanki unudulub, birdəfəlik arxiv küncünə atılıb. Hazırda Azərbaycan televiziyalarının teletamaşalara maraq göstərməməsinin kökündə hansı səbəblər dayanır?

MilliAz xəbər verir ki, mövzu ilə bağlı xalq artisti Afaq Bəşirqızı moterator.az-a danışıb:

"Gördüyünüz kimi bayram və tətil günlərində hansı telekanalın bazasında köhnə teletamaşalar və gözəl aktyorların ifası varsa onlar bundan istifadə edirlər. İstər filmlərdə, istərsə də teletamaşalarda biz bu halların şahidi oluruq. Amma kimi dindirsən deyəcək ki, "maliyyə yoxdur". Çünki onlar bu sözü deməyə öyrəşib. Bildirirlər ki, bunu etmək üçün maliyyə lazımdır, o da ki, çətin məsələdir. Düzü mən müraciət etməmişəm, bu mənə qarşı baş verməyib və o fikirdə də deyiləm. Qulağıma bəzi sözlər çatır, çatanlar da bunlardır.

Əvvəllər telekanalda teletamaşaların nümayiş olunması çox gözəl adət idi. Tamaşaçılar həmin tamaşaları, orada rol alan aktyorları sevirdilər. Mənim AzTv-də ayrı-ayrı tamaşalarda iştirakım var. Space kanalında isə "Afaq gülür, güldürür" adlı televiziya tamaşam böyük şöhrət qazanmışdı. İstər maddi, istərsə də reytinq və məşhurluq barədə telekanala böyük xeyir verirdi. Tamaşanın kasetləri əl-əl gəzir, yaxşı da satılırdı. Kaseti biz çıxarmırdıq, amma hər şeydən xəbərimiz var idi. Yeni rəhbərlik gələndə və deyəndə ki, "İmkan varsa Afaq xanım sponsor tapsın"- mən çox təəccübləndim. Baxmayaraq ki, həmin layihədə sponsorlar boğaza qədər idi. Əksinə biz istəyirdik ki, tamaşa zamanı reklamlar az getsin ki, biz tamaşanı tam izləyə bilək. Ondan sonra mən bu layihəni dayandırdım.

Alverlə sənət heç vaxt uyğun gəlmir, mən buna yol verə bilməzdim. İndi bizim gözəl ssenaristlərimiz, rejissorlarımız var. Belə layihə etmək üçün ilk növbədə istək lazımdır. Hər kəs öz sahəsini, sənətini sevsə gözəl layihələr ərsəyə gələr. Sənətini sevmək xalqını və vətənini sevmək deməkdir. Mənə belə gəlir ki, bütün bu bəhanələrə son qoymaq, silsiləli şəkildə tamaşalar, teletamaşalar da hazırlamaq olar. Gözəl seriallarımız və gözəl aktyorlarımız var. Amma gülüş və satira sahəsində mənə belə gəlir ki, düşünmək lazımdır.

Əsasən də hər şey mərkəzi televiziyadan başlamalıdır. Əvvəllər səbirsizlkikə Yeni ili, Novruz bayramını gözləyirdilər ki, belə layihələr etsinlər. İndi qarşıdan Novruz bayramı gəlir. Görək də...".

 

Mənbə: news.milli.az