“Hərbçiləri təhqir edirsə, mütləq cəzasını almalıdır”

“MAXE kimdir ki, o, dövlətin kəbinli arvadıdır, aybaay maaş alır, məni qoruyan mənim əsgərimdir”.

“Qafqazinfo” “musavat.com”a istinadən xəbər verir ki, prodüser, hazırda həm də televiziya aparıcısı olan Tolikin (Tarix Əliyev) bu cür ifadələr işlədərək hərbçilərimizi təhqir etməsindən bir müddət keçsə də cəmiyyətdə bununla bağlı müzakirələr, tənqidlər səngimir. Səbəb isə hələ də özünü aparıcı kimi sırıdığı prodüserin cəzalandırılmaması, efirdən cəmiyyətə ağıl öyrədib, kimlərisə aşağılamasına, təhqir etməsinə, canlı efirlərdə söyüşləri ilə hər kəsi şoka salmaqda davam etməsinə şərait, imkan yaradılmasıdır.

Üstəlik, Tolikin hərbçiləri, qaziləri təhqir etməsi ilk dəfə deyil. Ötən ilin yanvarında, 44 günlük Vətən müharibəsinin yeni bitdiyi ərəfələrdə Tolik danışmaq, eşitmək qabiliyyətini itirmiş qaziyə qarşı etdiyi aşağılayıcı davranışı ilə gündəmə gəlmişdi. Belə ki, o, İnstagramda bağlantı quraraq hərbçimizdən canlı yayımda kömək istəməsini tələb etmişdi:

“Sənə danışmağa nə qədər vaxt verim? Eee o (red: Allahı nəzərdə tutur) deyir ki, səndən hərəkət, məndən bərəkət. O demir ki, yatım, durum dilim açılacaq. Sən özün bunu istəməlisən.

Bu nədir bilirsən? Kül təpənə. Ayın birinə kimi danışsan bu yeni model İphone telefonunu sənə verəcəm. Nə edirsən et, danış. Özünü vur divara, as, amma danış".

Ötən il bu qalmaqal ortaya çıxanda cəmiyyət öz hiddətini, qəzəbini ortaya qoydu, sərt reaksiyalar verdi. Lakin sonda yenə də prodüserə qahmar çıxanlar oldu. O, yenə də heç nə olmamış kimi efirdə verilişinə davam etdi, arada yenə də vulqar, bayağı cümlələrindən istifadə edib, kimlərəsə “sataşdı”, kimlərisə “cəzalandırdı”.

Bu arada qeyd edək ki, Tolikin nəinki jurnalist, ümumiyyətlə, heç bir sahə üzrə ali təhsili yoxdur. Avtobioqrafiyasında bu barədə qeyd olunub: “1986-cı ildə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 141 nömrəli məktəbin 1-ci sinfinə daxil olub, daha sonra orta təhsilini 146 nömrəli məktəbdə davam etdirib”. Vəssalam. Daha sonra onun karyerasında hansısa müğənnilərin konsertlərini təşkil etdiyi, onların piarlarını apardığı göstərilir. İllər sonra isə necə olursa Tolik bu yaradıcılığından birbaşa efirlərə, o cümlədən hazırda mövcud olmayan Lider TV-yə, Xəzər TV-yə, MTV-yə ayaq açır.

Bu gün artıq cəmiyyət qətiyyətli şəkildə onun əsgərini təhqir edən, özü isə heç vaxt əsgərlik şərəfini yaşamayan Tolikin cəzalandırılmasını tələb edir. Vəziyyəti bir qədər yumşaltmaq üçün prodüser bir neçə gündür ki, öz İnstagram səhifəsinin hekayə bölümündə hansısa qazilərə yardım etməsi ilə bağlı paylaşımlar edir. Bəzi sənətçilər də bunu əsas gətirib, öz dəstəklərini nümayiş etdirirlər. Onların arasında Ayan Babakişiyeva, Aqil M.Quliyev və digərləri var.

Bu günlərdə Türkiyədə baş verən bir məsələni xatırlatmaq istərdik. Məşhur müğənni Bülent Ersoy Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət edən zaman uniformalı bir əsgər yağışdan qorunmaq üçün onu başına çətir tutmuşdu. Hadisə Türkiyə cəmiyyətində böyük qalmaqal yaratmışdı və bu, türkiyəli əsgərin aşağılanması kimi qəbul edilmişdi. Nəticədə Anıtkabir Komandiri və Komanda Komandiri vəzifəsindən azad edilmiş, araşdırmalar başladılmışdı.

Təcrübədə görürük ki, ümumi danışan, ad çəkmədən kasıb təbəqəni təhqir edən, hansısa qanunsuzluqlar edən adamları müvafiq qaydada cəzalandırır, üzr istədirlər.

Həmçinin oxuyun: Tolikin MAXE-ləri təhqir etməsi ilə bağlı - Rəsmi Açıqlama

Bəs hərbçiləri, qazi və şəhidləri, eləcə də yeri gələndə şəxsiyyətləri (illər öncə mərhum prezident Əbülfəz Elçibəy haqqında təhqiredici ifadələri ortaya çıxmışdı) təhqir edən Tolikə niyə “gözün üstə qaşın var” deyilmir və efirdə aparıcılıq etməkdə davam edir?

Qulu Məhərrəmli: “Hansısa mənəviyyatsızın biri hərbiçilərə rişxənd, təhqir edirsə, mütləq cəzasını almalıdır”

Mövzu ilə bağlı əməkdar jurnalist, tele-tənqidçi, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb:

“Kimliyindən, sosial statusundan asılı olmayaraq hansısa bir fərdin kimisə təhqir etməsi yolverilməzdir. Hazırda məlum vəziyyətə görə hərbçilərə münasibət daha həssasdır və bu sahədə danışan hər kəs sözünün çəkisini bilməli, danışığının məsuliyyətini dərk etməlidir. Ona görə də hansısa mənəviyyatsızın biri hərbçilərə rişxənd, təhqir edirsə, mütləq cəzasını almalıdır!

Çox təəssüf ki, son illərdə bizim cəmiyyətimizdə müəyyən himayə altında olan adamlar bu millətin ən dəyərli övladlarına hücum edir, onları təhqir edir, gözdən salmağa çalışır və bunu sifarişlə yerinə yetirirlər. Ona görə də istər Tolik, istərsə də qeyri-tolik olsun, bu cür adamların ipi çəkilməlidir. Onlara himayədarlıq edənlər də görünür ki, elə o mənəviyyatın sahibidirlər. Onlar bilməlidirlər ki, cəmiyyətdə hansı gərginlik yaradırlar. Ona görə də hesab edirəm ki, bunların dərsi verilməlidir ki, başqaları ondan ibrət götürsünlər. Cəmiyyətdə xüsusi yeri statusu, mövqeyi olan hərbçilərə hamımız ehtiramla yanaşmalıyıq".

Millət vəkili Razi Nurullayev də qeyd etdi ki, səbəbindən asılı olmayaraq hərbçilərin hədəfə alınması yolverilməzdir:

“Ola bilər ki, hansısa hərbçini hansısa sözünə görə danlamaq, öz etirazını bildirmək olar, amma ümumilikdə Azərbaycanın hərbi sistemini, hərbi terminlərini təhqir etmək olmaz. Hesab edirəm ki, bu məsələdə cinayət elementləri də var. Yəni bütün MAXE sistemini təhqir etmək yolverilməzdir və bu, məsuliyyət yaradır.

Razi Nurullayev: “Bu məsələdə cinayət məsuliyyəti var”

Ümumiyyətlə, bəzən olur bu cür Tolik tipli adamlar İnstagram və digər sosial şəbəkələrdən istifadə edərək, bu və ya digər şəxsləri, həmçinin hərbçiləri hədəf alır, hansısa hədəf güdürlər. Yəni şəxsi məqsədlərdən irəli gələrək kiməsə yarınmaq, kiminsə gözünə girmək cəhdi olur. Hesab edirəm ki, cəmiyyətin, ictimaiyyətin özü bu cür insanları cəzalandırır. Bu baxımdan bir daha qeyd edirəm ki, səbəbindən asılı olmayaraq hərbçiləri təhqir etmək, siyasətçiləri hədəfə almaq, onları söyüşə məruz qoymaq tamamilə yolverilməzdir".

Rey Kərimoğlu: “Özünün normal ailəsi, əxlaqi keyfiyyətləri olmayan, cəmiyyətdə əxlaqsız kimi ad çıxaran adamları efirə çıxardıb, Azərbaycan xalqına əxlaq dərsi keçirlər”

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu: “Qazi, şəhid bu dövlətin atributudur, necə bayraq və sairə kimi. Dövlətin atributları qanunla necə qorunursa, onun qazisi, şəhidi də qorunmalıdır. Biri çıxır Polad Həşimova, digəri Hikmət Mirzəyevə, kimisi 90-cı illərin şəhidi Şirin Mirzəyeva dil uzadır və s. Bunlar yolverilməzdir. Qanun olmalıdır ki, şəhid olmuş şəxsi və ya qazini təhqir, tənqid etmək olmaz. Kim deyirsə ki, bu antidemokratikdir, onlar səhv edirlər. Yəni bu məsələ qanuni şəkildə tənzimlənməlidir. Axı onlar kimdir?! Təkcə şəhid və qazilərimizi deyil, ziyalılarımızı da təhqir edirlər. Təkcə Tolik deyil ki. Onsuz da bilirik ki, o, bədbəxtdir, xəstədir. Amma baxın görün Tolikə qədər nə qədər insan qazilərimizi, şəhidlərimizi, hərbiçi veteranlarımızı təhqir edib.

Uzun illər idi ki, mediamızın taleyi bazar adamına tapşırılmışdı. Nəticədə əxlaqsızlar, tərbiyəsizlər efirə ayaq açdı. Özünün normal ailəsi, əxlaqi keyfiyyətləri olmayan, cəmiyyətdə əxlaqsız kimi ad çıxaran adamları efirə çıxardıb, Azərbaycan xalqına əxlaq dərsi keçirlər. Bu, çox böyük bir siyasətin tərkib hissəsidir. Bütün bunların hamısı ona xidmət edir ki, Azərbaycan dövləti zəifləsin, torpaqlarını geri ala bilməsin".

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan güləşçilərinin qatılacaqları ilk yarışlar bəlli olub

SONRAKI XƏBƏR

Bolqarıstanın Hərbi Akademiyasının rəisi Azərbaycana gəlib