Toylarında çəkilən foto ilə məşhurlaşan astaralı cütlük - REPORTAJ

Astaranın ucqar dağ kəndində çəkilmiş bir foto bir neçə gündür ki, sosial şəbəkələrin gündəmindədir. Fotoda yağan qar səbəbindən gəlinin ər evinə piyada getdiyi əks olunub. AZƏRTAC-ın müxbiri həmin fotonun izi ilə Astaranın Hamoşam və Motlayataq kəndlərinə gedib, toy şəkilləri ilə məhşurlaşan gənc ailənin qonağı olub.

Hər kəsin böyük marağına səbəb olan foto Astaranın ucqar dağ kəndlərindən olan Hamoşamda lentə alınıb. Məşhur fotonun tarixçəsinə gəldikdə, yanvarın 16-da Hamoşama yağan qarın qalınlığı 40-50 santimetrə çatmışdı. Həmin gün toy karvanı qız evinin qarşısına - Hamoşama gələ bilmədiyinə görə gəlinlə bəy Motalyatağa gedən yoladək piyada getməli olub. Bu zaman qohumlardan biri bu mənzərəni çəkərək internetdə paylaşıb və beləliklə, cütlüyün fotosu yayalaraq məşhurlaşıb.

Əvvəlcə yolumuzu gəlinin yaşadığı kənddən saldıq. Gəlinin valideynləri bildirdilər ki, qız toyu bir gün qabaq keçirilib. Yaxın qohumları həmin gün havanın kəskin soyuq və qarlı olmasına görə, oğlan evinin toyu təxirə salacağını düşünüblər. Amma yanvarın 16-na təyin olunan toyun vaxtı dəyişdirilməyib.

Gəlinin əmisi Sərdar Xankişiyev deyir ki, qar bərəkət rəmzidir. Həmin gün gəlinlə bəyin qarlı-sızaqlı yolu piyada getməsi bu ailənin ruzi-bərəkətinin bol olacağına işarədir.

Sonra toyları ilə məşhurlaşan ailənin qonağı olmaq üçün gəlinin köçdüyü Motalyatağa yollandıq. Dağlarla əhatə olunan bu kəndə qar yağdıqdan sonra avtomobillə getmək çox çətin və risklidir. Kənd sakinləri rayon mərkəzinə yay fəslində 30-40 dəqiqə getdikləri yolu qarlı, şaxtalı kəskin havalarda 2 saata getməli olurlar. Avtomobilimizin buzlu yollardan hərəkət etməsi təhlükəli və mümkünsüz olduğundan, yolumuzu Hamoşam bələdiyyəsinin köməyi ilə digər maşınla davam etdirdik. Hündür enişli-yoxuşlu buzlu yollardan çətinliklə də olsa hərəkət edib, həmin ünvana çatdıq. Bizi qapıda bəyin atası Mirdadaş Bəyəliyev gülərüzlə qarşılayıb evə dəvət etdi. O, internetdə oğlunun maraqla qarşılanan toy fotosundan iki gün sonra xəbər tutub: “Toy elimizin gözəl adətidir. Biz toy edəndə kəndə möhkəm qar yağdı. Yollar buz bağladı. Buna baxmayaraq, gəlinimizi gətirdik. Düzdür, avtomobil hərəkət edə bilmədiyi üçün yolun bir hissəsini piyada gəldik. Şükür ki, problem yaşanmadı. Allah bütün subaylara toy qismət eləsin. Mənim balalarım da xoşbəxt olunlar”.

Bəyəliyevlər ailəsinin böyük övladı olan İrasət Bəyəliyev 12 ildir Müzəffər Ordumuzun sıralarında gizir kimi xidmət edir. 44 gün davam edən Vətən müharibəsində igidliklə vuruşan İrasətin toyunda hərbçi dostları da iştirak edib. Deyir ki, toya hərbçi dostlarını da dəvət etmişdi. Ona görə də yanvarın 16-sı qar yağsa da, toyu təxirə salmayıb. “Qarın yağması qismətdir, ruzi-bərəkətdir. Qız toyunda hava yaxşı keçsə də, oğlan toyunda qar yağdı. Maşın karvanları ilə Hamoşamda hərəkət edə bilmədik. Məcbur qalıb evə piyada gəldik. Allah bütün subaylara qismət eləsin. Özüm hərbçiyəm. Bu gün də şərəflə xidmətimi davam etdirirəm”, - deyə o əlavə edib.

İrasət Bəyəliyev evin böyük övladı olduğundan bu toy onların ailəsində ilk idi. Anası deyir ki, yanvarın 16-da kəndə dayanmadan qar yağırdı. Çətinliklə də olsa toyu qəzasız, xətasız keçirə, gəlini evə gətirə biliblər: “Bu il səkkizinci dəfə idi kəndimizə qar yağırdı. Düzdür, hava proqnozundan xəbərsiz idik. Amma ucqar kənddə yaşayırıq. Qış fəslində belə hallar çox olur. Şükürlə olsun, salamatlıqla gəlinimizi gətirdik. Ayağı düşərli, ruzi-bərəkətli olsun. Qoşa qarısınlar. Allah hər evə toy qismət eləsin”.

Qeyd edək ki, Motlayataq kəndi Astaranın mərkəzindən 45 kilometr uzaqda yerləşir. Asxanakəran inzibati ərazi dairəsi üzrə nümayəndəliyə daxil olan Motlayataq dəniz səviyyəsindən 1200 metr hündürlükdə yerləşir. 201 ev təsərrüfatı olan kənddə 1310 nəfər yaşayır.

Onu da bildirək ki, Vətən müharibəsində iştirak edən İsarət Ali Baş Komandanımızın Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Yenicə toyu olan İrasət bəylə yanaşı, Moytlayataq kəndindən 20-dən çox gənc Silahlı Qüvvələrimizin sıralarında Vətənə şərəflə xidmət edir.

 

 

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

"Azərişıq" Kommunikasiya Strategiyası hazırlayıb

SONRAKI XƏBƏR

Hindistan beynəlxalq reyslərə tətbiq edilən qadağanın müddətini uzadıb