Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

 

Bakı, 19 yanvar, Məmməd Məmmədli, AZƏRTAC

Yanvarın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Mərasimdən əvvəl Əməkdar incəsənət xadimi, professor, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, Zümrüd Dadaşzadə proqramda təqdim olunan əsərlərlə bağlı fikirlərini AZƏRTAC-la bölüşüb.

O deyib: “Uzun illərdir ki, Qanlı yanvar gecəsində Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidləri anırıq. Amma bu il biz başqa duyğularla bura toplaşmışıq, çünki 30 ildən artıq keçdiyimiz yola indi qələbə ilə baxırıq. Faciəmizi tərənnüm edən kədər, ağrı dolu musiqini də qələbə işığında dinləyirik.

Bu gün təqdim edilən proqram düşünülmüş formada tərtib olunub. Azər Rzayev “Bakı-90” simfoniyasını o zaman hadisələrin baş verdiyi günlərdə bəstələdi və biz bu musiqini az bir vaxtdan sonra eşitdik. Bu, sənədli kino janrına bənzəyən fundamental bir əsərdir. Bir musiqiçi kimi o, bu əsərdə 20 Yanvar gününün səs mənzərəsini, insanların keçirdiyi hissləri böyük simfoniya janrında məharətlə əks etdirə bildi. Sonradan Azər Dadaşov, Aqşin Əlizadə və digər Azərbaycan bəstəkarlıq məktəbinin digər nümayəndələri 20 Yanvar qurbanlarının xatirəsini öz əsərlərilə yad etdilər”.

Proqramda təqdim olunan əsərlərdə ali hisslərin əks olunduğunu deyən Zümrüd Dadaşzadə bildirib ki, musiqinin tərcüməyə ehtiyacı olmadığı üçün hər kəs orada öz hislərilə, tarixilə bir paralellik yaradır, uyğunluq görür: “Çünki Qara Qarayevin musiqisi elə bir musiqidir ki, orada faciə də var, təntənə də. “İldırımlı yollarla” əsərini eşidəndə biz onu həm də bu günümüzlə əlaqələndiririk, çünki orada ümumiləşmiş elə obrazlar var ki, Qara Yanvar tarixilə səsləşir. Eləcə də Aqşin Əlizadənin “Babək” baletini nümunə çəkmək olar. Bu balet ötən əsrin 80-ci illərində qəhrəmanlıq tariximizi əks etdirən bir balet sayılırdı. Çox istərdim bu balet teatr səhnəsində də göstərilsin. Bu, tək mənim deyil, bütün musiqişünasların arzusudur. Çünki vətənpərvərlik ruhunda bəstələnən belə əsərlərə ehtiyac var. “Babək” baleti Üzeyir Hacıbəylinin “Koroğlu” operasının ənənələrini balet janrında davamıdır desək, yanılmarıq. Belə bir baletin Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulması böyük bir hadisə olardı”.

Mərasimdə Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış edib.

Anım tədbiri Azər Rzayevin “Bakı-90” simfoniyası ilə başlayıb. Tədbirdə Aqşin Əlizadənin “Babək” baletindən fraqmentlər, Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Adajio” və “Zamanın bayraqdarı” əsəri səsləndirilib.

Mənbə: azertag.az