Roza Zərgərli: "O fotolar ötən il çəkilib" - YENİLƏNİB

"Mən bu il ümumiyyətlə səhhətimdəki problemlərlə əlaqədar 20 Yanvarda Şəhidlər xiyabanını ziyarətə gedə bilmədim. O fotolar ötən il çəkilib".
Bu sözləri Yeniavaz.com-a Roza Zərgərli deyib. O bildirib ki, həmin vaxt fotodakı şəxslər qazi olduqlarını bildirərək ondan şəkil çəkdirmək üçün xahiş ediblər.
R. Zərgərli həmçinin bildirib ki, onun dilindən mətbuatda ötən gün Şəhidlər xiyabanında olması ilə bağlı yayılan açıqlamalar yalandır:
"Mən heç kimə bu barədə açıqlama verməmişəm. Məsələ ilə bağlı hüquqi addımlar atacağam".

***

Özünü FHN polkovniki kimi təqdim edərək Türkiyədə Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktayla görüşən Rasim Əhmədlinin Bakıda görüntüləri yayılıb.

Yeniavaz.com milli.az-a istinadla xəbər verir ki, saxta polkovnik ötən gün Ümumxalq Hüzn Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edənlər arasında olub. Onun xiyabanda müğənni Roza Zərgərli ilə görüntüsü diqqətdən qaçmayıb.

Müğənninin köməkçisi bildirib ki, bu barədə dəqiq bir şey deyə bilməsə də, onun Rasim Əhmədli olduğunu ehtimal edir:

"Dəqiq kimliyini bilmirəm, amma deyəsən bəli, o şəxs Rasim Əhmədlidir. O, bizim qazilərimizdəndir. Səhv etmirəmsə, İkinci Qarabağ müharibəsinin qazilərindəndir. Adı da səhv etmirəmsə, Rasimdir, dəqiq yadımda deyil".  

Roza Zərgərli isə həmin şəxsi tanımadığını bildirib:

"Şəhidlər Xiyabanında nə qədər adam mənlə şəkil çəkdirdi. Onlar deyəsən qazidirlər. Gəldilər yanımızda durdular, şəkil çəkdirdilər. Mən tanımıram o insanı. Dedilər Qarabağ müharibəsi veteranıyam, məncə hamısı veteranlardır".

Qeyd edək ki, özünü FHN polkovniki kimi və II Qarabağ müharibəsinin iştirakçısı kimi təqdim edərək Türkiyədə bir neçə məmuru aldatdığı deyilən Rasim Əhmədli ötən ilin noyabrından beynəlxalq axtarışa verilib.

Özünü ötən il Türkiyədə baş vermiş yanğınların söndürülməsində böyük şücaət göstərmiş şəxs kimi qələmə verən Rasimin qardaş ölkədə daha bir məmuru aldatdığı da üzə çıxıb. Belə ki, əvvəllər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 221 (Xuliqanlıq) 29.120 (qəsdən adam öldürməyə cəhd) maddələri ilə məhkum olunmuş Rasim Əhmədli, ötən ilin avqust ayında Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaşla görüşüb və özünü yenə FHN-in polkovniki kimi təqdim edərək, ona hədiyyə də verib. Axtarışda olan Rasim, bələdiyyənin kanalına müsahibəsində yanğınların söndürülməsi zamanı dronları idarə etdiyini bildirərək yalan danışıb.

Xatırladaq ki, təxminən iki həftə əvvəl saxta polkovnikin Türkiyə mediasında yayılan sözügedən kadrlarla bağlı DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev maraqlı şərhi ilə diqqət çəkib: "Ona kim salam veribsə, aldadıb. Kim inanıbsa, zərər çəkib. Dələduzlara xas olan bütün ritual qaydalara da ciddi əməl edib" - deyə qurum rəsmisi bildirmişdi. 

Əlavə edək ki, FHN də həmin şəxsin nazirlikdə işləmədiyini açıqlamışdı.

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

Qırğızıstan yenə Qazaxıstana nota verib

SONRAKI XƏBƏR

Ayxan Abbasov: "Sumqayıt"ın böyük layihəsi nə olan şeydir?"MÜSAHİBƏ