Kamal Abdullanın rezonans doğuran layihəsi qayıdır

Kamal Abdullanın rezonans doğuran layihəsi qayıdır

Xalq yazıçısı, akademik Kamal Abdullanın bir zamanlar rezonans doğuran layihəsi, geniş ədəbi proseslərə yol açan Yaradıcılıq fakültəsi yenidən qayıdır.

Kult.az xəbər verir ki, fakültə artıq Azərbaycan Dillər Universitetində yeni dönəm yaşayacaq.

Yaradıcılıq fakültəsi bu dəfə ADU və Azərbaycan Yaradıcılıq Fondunun birgə layihəsidir. Fakültəni bitirən məzunlara Azərbaycan Dillər Universitetinin və Azərbaycan Yaradıcılıq Fondunun ortaq diplomu veriləcək.

Layihə çərçivəsində 2022-2023 tədris ilində tələbələrə xarici dil (ingilis, rus), mifologiya tarixi, fəlsəfə, dünya ədəbiyyatı, müasir ədəbi proseslər, mətnşünaslıq və s. fənlər üzrə dərslər təşkil ediləcək. Yazı sənəti, dram-kino sənəti ilə bağlı praktiki məşğələlər, ustad dərsləri, görkəmli imza sahibləri ilə görüşlər, rəngarəng mədəniyyət tədbirləri həyata keçiriləcək.

Dərslər həftədə 3 gün olmaqla 2 akademik saat təşkil edir.

Yaradıcılıq fakültəsinə qəbul iki mərhələli olacaq. Birinci mərhələdə təqdim edilən yaradıcılıq nümunələrinin qiymətləndirilməsi, ikinci mərhələdə isə seçilən nümunələrin müəllifləri ilə müsahibə keçiriləcək.

Fakültəyə qəbulla bağlı tələb olunan ilkin sənədlər aşağıdakılardır:

Tərcümeyi-hal;

Yaradıcılıq nümunəsi (5 şeir, yaxud 10 min işarəlik nəsr nümunəsi);

Təhsil sənədinin (şəhadətnamə, attestat, diplom, tələbə bileti və s.) surəti;

3×4 ölçüdə 2 ədəd fotoşəkil.

Tələb olunan sənədlər elektron formada 2022-ci il fevralın 1-dək bu ünvana göndərilməlidir: [email protected]

Təhsil müddəti 2 il olmaqla illik təhsil haqqı 500 AZN təşkil edir.

Fakültənin yeni dekanı yazıçı Mübariz Örəndir.

Fakültənin təqdimatı 25 yanvar saat 18:00-da Yaradıcılıq Fondunda olacaq.

Qeyd edək ki, akademik Kamal Abdullanın ideyası ilə 2007-ci ildə Bakı Slavyan Universitetində yaradılan Yaradıcılıq fakültəsi 2016-cı ilə qədər fəaliyyət göstərib. Fakültənin məzunları sırasında müasir dövrün gənc istedadları, şair və yazıçılarının adı var. 2016-cı ildə BSU-nun sabiq rektoru Nurlana Əliyeva tərəfindən fakültənin fəaliyyəti dayandırılmışdı.

 

Mənbə: axar.az