Ramil Qasımovun iştirakı ilə “Arşın mal alan” operettası təqdim olunacaq

Ramil Qasımovun iştirakı ilə “Arşın mal alan” operettası təqdim olunacaq

Dünyanın bir çox şəhərlərində tamaşaya qoyularaq böyük uğur qazanmış və dünyada ən məşhur səhnə əsərlərindən biri olan dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında nümayiş olunacaq.

Rollarda Azərbaycan Respublikasının Əməkdar artisti Ramil Qasımov (Əsgər), Xalq artisti Gülyaz Məmmədova (Telli), Əməkdar artistlər Cahangir Qurbanov (Soltan bəy), Gülüstan Əliyeva (Cahan xala), Tural Ağasiyev (Süleyman), Səbinə Vahabzadə (Asya), Sadiq Məlikov (Vəli) və ilk dəfə Gülçöhrə obrazında Fatimə Cəfərzadə iştirak edirlər.

Operettanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Baş rol ifaçısı Ramil Qasımov tamaşa ilə bağlı danışarkən qeyd edib ki, solisti olduğum teatrımız Üzeyir Hacıbəyli irsini daim diqqətdə saxlayır və təbliğ edilməsi sahəsində böyük işlər görür. Dahi bəstəkarımızın ölməz sənət əsəri "Arşın mal alan" operettası teatrımızın repertuarının bəzəyi olması bunun bariz nümunəsidir. Şöhrətinə, möhtəşəmliyinə, maraqlı məzmununa və ən əsası sağlam gülüş bəxş etməsinə görə seçilən "Arşın mal alan" operettası daim böyük uğur qazanmışdır və tamaşaçılar tərəfindən bəyənilmişdir. İnanıram ki, sənət yoldaşlarımla birgə uğurlu və qüsursuz çıxışlarımızla yenidən sevimli tamaşaçılarımıza böyük zövq yaşadacayıq.

Mənbə: news.milli.az