Qazimiz gecə yarısı zəng etdi, sevincdən ağladıq... – Firəngiz Balakişiyeva

“Nəfəs” İnsanlığa Dəstək İctimai Birliyinin sədri Firəngiz Balakişiyevanın Axar.az-a müsahibəsi:

- “Nəfəs”in adı son vaxtlar müxtəlif aksiyalarda – mədəni tədbirlərin təşkilindən xeyriyyəçiliyə qədər – tez-tez çəkilir. Necə koordinasiya edirsiniz?

- Komandamızda sədrlə yanaşı 4 koordinator var - Nərmin Bağırzadə, Rəhman Əhmədoğlu, İlahə Məmmədova, Xatirə Rüstəmli. Bizim işimizdə sədr və işçi anlayışı yoxdur. Görülən işlər komandada hər kəsin ideyası və razılığı ilə ərsəyə gəlir. Paytaxtla yanaşı, bölgələrimizdə də çoxlu könüllülərimiz var. Ay ərzində bölgələrimizə gedir, müraciət edən ailələrlə görüşüb onların problemlərini dinləyirik. Lakin dostlarımızdan da yardım və dəstək alırıq. Dövlət qeydiyyatından rəsmi olaraq Vətən Müharibəsi zamanı keçdik. Bundan əvvəl pərakəndə şəkildə çalışırdıq. Müharibə zamanı şirkətimizin 23-ə yaxın əməkdaşı cəbhəyə yollandı. Həmin dönəmdə onların ailələrinə maddi və mənəvi dəstək olduq. Sonra isə işlərimizin davamı gəlməyə və həcmi böyüməyə başladı. Düşündüm bunu komanda halına salmaq lazımdır. Tək əldən səs çıxmaz. Müharibədən yeni çıxıdığımıza görə problemlər həddən artıq çoxdur. Təbbi ki, öncəliyimiz şəhid və qazi ailələrimizdir. Amma müxtəlif sahələrdən də bizə müraciətlər gəlir.

- Nə üçün məhz “Nəfəs”?

- Dilimizdə tez-tez işlənən ifadələr var – birinə nəfəs vermək, birinə nəfəs qədər yaxın olmaq... Xüsusilə pandemiya dönəmində bir nəfəsin insan üçün nə qədər önəmli olduğunu anladıq. Bəzən həyatda qalmaq üçün bir nəfəs yetərli olur. Biz nəfəs verməyə çalışırıq. Bu səbəbdən də birliyimizin adı “Nəfəs”dir.

- Yardıma ehtiyacı olan insanlar sizi necə tapsınlar?

- İnsanlar bizi sosial media hesablarımızdan tapa bilərlər. Ancaq əsasən bizi soraqlaşaraq tapırlar. Hər kəs bir-birinə ötürür. Şəhid ailələrinin, qazilərimizin ortaq sosial şəbəkə qrupları, icra hakimiyyəti orqanlarında bu işə baxan şöbələrin tövsiyəsi də insanların bizimlə əlaqə qurmalarında vasitə rolunu oynayır.

- Bu işdə ən çox maddi və mənəvi dəstək olanlar kimlərdir?

- Maddi cəhətdən hər kəsin gücü çatmaya bilər. Amma mənəvi tərəfdən yanımızda olmaq istəyən könüllülərimiz çoxdur. Ən sevindirici tərəfi isə odur ki, bunu istəyənlərin çoxu gənclər, tələbələrdir. Gənclik dönəmində bu işi dərk edən insanlar, düşünürəm, bizdən bir addım öndədir. Xalqımız çox xeyirxahdır. Millətimizin xeyirxahlığına müharibə dönəmində də şahid olduq. Hamı bir yumruq olmuşdu. Bir xeyir iş görəndə hər kəs istəyir ki, orada payı olsun. Bir şəhid anasının evini süpürüb təmizləmək... Bəzən öz çayımızı belə getdiyimiz evdə özümüz hazırlayırıq, qulluq edirik. Bunun verdiyi mənəvi rahatlıq nəyə desəz dəyər. Maddi cəhətdən isə hələ ki, öz gücümüzə davam edirik.

- Sosial şəbəkə üzərindən xeyriyyə işlərini paylaşanlar tez-tez tənqid olunur. Xüsusən məşhurlarımız bu qınağa tuş gəlirlər. Hətta Yeni il ərəfəsində müğənni Xatirə İslamın qazi ailələrinin övladlarına aldığı hədiyyələri İnstaqramda paylaşması narazılıq yaratdı. Sosial şəbəkələrdə bunu paylaşmaq reklam, yoxsa təbliğatdır?

- Əminəm ki, məşhurların əksəriyyəti bunu xoş niyyətlə edir. Əgər xeyir üçün etməsəydi, ümumiyyətlə heç nə etməzdi. Həmin pulu özünə, yaxınlarına, istirahətinə də xərcləyə bilərdi. Xeyriyyə işini paylaşmaq həm də imkanı olanları xeyriyyə işlərinə təşviq etməkdir, nümunə olmaqdır. Məsələyə xoş niyyətlə, yaxşı tərəfdən baxmaq lazımdır. Tənqid etmək çox asandır. Hələ ki, bizə bu cür tənqidlər gəlməyib. Ümid edirik, gələcəkdə də olmaz. Təbbi ki, reklam xatirinə görülən işə yaxşı baxmıram. Xüsusən uşaqlar, yeniyetmələrlə bağlı məsələlərdə diqqətli olmaq lazımdır. Onların yaşları ilə bağlı həssas dönəmdə olduqlarını bilməliyik. Bizim komandamız icazəsiz sosial şəbəkədə heç bir foto və video paylaşmır. Düşünürəm, xalqın gözü tərəzidir. İnsanlar çox yaxşı görür kim nəyi nə cür edir. Gözəl işlər yoluxucudur. Bəzən sosial şəbəkələr bu məsələdə müsbət rol oynayır. Amma olunan hər şey göstərilməz. Biz etdiklərimizi görüntü olaraq deyil, daha çox rəqəm olaraq, hesabat kimi paylaşırıq. Ötən il 289 şəhid və qazi ailəsinin evində olmuşuq. Lakin sosial şəbəkə hesabımızda bu qədər paylaşım yoxdur. Məqsədimiz sadəcə örnək olmaqdır.

- Sizin ailə haqqında da müsbət təsəvvürlər var. Həyat yoldaşınız Vətən müharibəsi zamanı yaralı əsgərlərimizi cəbhədən hospitallara könüllü olaraq daşıyıb. Bu barədə danışardınız.

- Həyat yoldaşım da müharibəyə getmək istəyirdi. Lakin yaşı ilə əlaqədar ona növbə gec çata bilərdi. Şirkətin nəzdində 5 təcili yardım maşını var idi. Müdafiə Nazirliyinin hospitalına müraciət etdi. Özünün könüllü sürücü kimi, əməkdaşlarımızın isə tibb bacısı, həkim kimi getməyə hazır olduqlarını bildirdi. 5 avtomobilə 25-dən çox könüllü çıxdı. Müharibənin ilk dönəmindən həyat yoldaşımı Gəncə hospitalına ezam etdilər. Qısa vaxtda isə işğaldan azad olunmuş torpaqlarımıza ezam olundu. Çox acılı-ağırılı iş idi. Bu işin içində çox qəhrəmanlıq hekayələri var. Sevindirici haldır ki, həmin təcili yardım maşınlarında daşıdıqları əsgərlərdən 1 nəfər belə şəhid düşən olmadı. Hətta yeni dostluqlar yarandı. Həmin əsgərlərdən 15-dən çoxu evimizdə, iş yerimizdə qonaq olub. İndi də əlaqələrimiz davam edir.

- Bu işin fiziki olmaqla yanaşı, psixoloji ağırlığı da var. Bir xanım olaraq sizə çətin deyil ki?

- Ailə üzvlərim deyirlər ki, bu işin altından qalxa bilmərik. Bəli, psixoloji cəhətdən qalxa bilməzlər. Fiziki cəhətdən çətin deyil. Bir gün ərzində 4-5 şəhid anasının evində olsanız, növbəti 4-5 gün ərzində ruh halınızı təsəvvür edə bilərsiniz. Bəzən onları ovudacaq söz tapmırıq. Bəzən bu davamlı olduqda, artıq enerjinin bitdiyini hiss edirsən. Lakin kədərli məqamlarla yanaşı, sevindirici anlar da olur. Müharibədən sonra dili tamamilə tutulan qazimiz var idi. Rayondan gətirib Bakıda onun üçün kirayə ev tutduq. Müalicəsini etdik. Həmin qazimiz gecə yarısı telefonuma zəng edib məni yuxudan oyatdı. “Bacı, dilim açıldı” deyib qışqırdı. İkimiz də telefon başında sevincdən ağladıq. Bu cür hallar bizim enerjimizi geri qaytarır.

- Gələcək üçün nə planlarınız var? İşğaldan azad olunmuş ərazilərimizə dəstəklə bağlı layihələriniz olacaqmı?

- Bizim üçün önəmli sahələrdən biri təhsildir. 2021-ci ildə sentyabr ayı ərzində 16 tələbənin təhsil haqqını ödədik. Bu tələbələrdən bəziləri Türkiyədə təhsil alan şəhid və qazi övladları idi. Bir hissəsi isə Azərbaycanda aztəminatlı ailələrin, həmçinin şəhid və qazilərin övladları idi. Gələcək təhsillə gələcək. Gələcəyin silahı təhsildir. Fiziki əngəllilərimizlə də işlərimiz davam edəcək. Ağacəkmə və sahibsiz küçə heyvanları ilə bağlı layihəmiz olacaq. Ötən il “1 ağac, 1 nəfəs” devizi ilə 700 ağac əkdik. Həmin ağacların baxımı ilə xüsusi adamlarımız məşğul olur. Yaxın illərdə 10 min ağac əkməyi düşünürük. Çox istərdik ki, işğaldan azad olunmuş ərazilərimizə biz də dəstək verək. Arzu edirəm, biz də bu işin bir parçası olaq. Bunun da zamanı gələcək. Həmin ərazilərdə oldum. Görüntülər dəhşətdir. Dövlətimiz nə zaman uyğun biləcəksə, QHT-lər də, vətəndaşlarımız da ermənilərin viran qoyduğu cənnət guşələrimizə fiziki, maddi dəstəyi göstərəcəklər.

- Yeri gəlmişkən, təhsil sahəsi ilə bağlı islahatlar sizi qane edirmi?

- Təhsil nazirimiz Emin Əmrullayevin böyük işlər görəcəyinə inanıram. Dünya təhsil sahəsində baş verən inqilabi proseslərdən də xəbərdardır. Zamanla bizdə də bu cür yeniliklərin olacağını düşünürəm. Təhsil haqları ilə bağlı bizə müraciətlər çox olur. Dünyanın məşhur universitetlərinin hamısında xüsusi fond var. O fondu universitetin məzunları, imkanlı şəxslər maliyyələşdirir, ianələr edir. Bizim universitetlərdə də belə fondlar olsa, bir çox problem həllini tapar. İnanıram ki, Emin Əmrullayev zamanı gələndə bu layihəni də həyata keçirəcək. Tələbə krediti layihəsi yaxşıdır. Bu da təhsil alanlar üçün yeni imkanlar açır.

- Xeyriyyəçi gənclərimizə nə məsləhət görərdiniz?

- Xeyriyyəçi sözünü sevmirəm. Hər kəsin içində xeyriyyəçilik var. Hamı bunu imkanı müqabilində edir. Gecə yuxusuna haram qatıb körpəsinə süd verən ana da xeyriyyəçidir. Bu səbəbdən xeyriyyəçiliyi sinifləndirmirəm. Gündəlik qayğılardan başqa kənarda bir az vaxtınız qalırsa, yaxşı işin bir parçası olmaq çətin deyil. Sosial mediada keçirdiyin vaxtdan gündə 1 saat oğurlayıb, insanların yanında olmaq olar. Bunun üçün hansısa qurum yaradıb qeydiyyatdan keçmək lazım deyil. Hər kəsin ətrafında yardıma ehtiyacı olan insanlar var. Onlara əl tutmaq elə sizi xeyriyyəçi edər.

- Xeyriyyəçi Hacı Zeynəlabdin Tağıyevin büstünün qoyulduğu axşam təsbehini qopartdılar. Maraqlısı odur, bunu edən də gənclər idi. Bu məsələyə münasibətinizi öyrənmək istərdik.

- Bu məsələyə bir az fərqli aspektdən baxıram. Neqativi görmək çox rahatdır. Bu gün neqativə, pisə çox köklənmişik. Təsbehi sındıran gəncləri alqışlamıram, tənqid edirəm. Amma pis niyyətlə etdiklərini düşünmürəm. İstəməyərək də bunu edə bilərlər. Bəzən işin daxilinə varanda düşündüyümüz kimi olmadığını görürük. Hacı Zeynəlabdin Tağıyev Azərbaycanda Xeyirin simvoludur. Belə insanlar cəmiyyətimizdə həmişə olub, var və olacaq. Lakin xeyriyyə deyəndə ağlımıza ilk Tağıyev gəlir. Xalqımız üçün böyük işlər görüb. Təhsil sahəsində gördüyü işləri inqilabi adlandıra bilərik. Xalqımız var olduqca H.Z.Tağıyev hər zaman xatırlanacaq.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda kibertəhlükəsizliklə bağlı təkliflər hazırlanıb

SONRAKI XƏBƏR

2024-cü ilədək bütün ölkənin internetlə təmini planlaşdırılır - Nazir müavini