Kinoşünas: “Bakıdan Göygölədək” filmini rəngli kimi təqdim edə bilməməyimiz məni narahat edir

Bakı, 28 yanvar, AZƏRTAC

Sovetlər birliyində müxtəlif formada təbliğatlar aparılır, insanların “beyni yuyulurdu”. 1925-ci ildə allahsızlar cəmiyyəti yaradılmışdı. Camaat cibində bu cəmiyyətin vəsiqəsini gəzdirirdi. Vətəndaşlara deyilirdi ki, milisioner rüşvət almır. “Bir cənub şəhərində” bədii filmi 1969-cu il yanvarın 27-də premyeradan sonra o dövrün bütün stereotiplərini qırdı. Filmə münasibət bildirən “Bakinski raboçi” qəzetinin o vaxtkı məqaləsində “Evin pəncərələri açıldı və otağa təmiz hava daxil oldu” sərlövhəli məqalə dərc olundu. Bu film sovet adamının düşüncəsində 180 dərəcəlik dönüş yaratdı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri tanınmış kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə “Bir cənub şəhərində” bədii filmin premyerasından 53 il sonra yenidən eyni gündə Nizami Kino Mərkəzində nümayişi zamanı deyib.

“Azərbaycanda ilk rəngli film deyəndə insanlar yanlış olaraq “O olmasın bu olsun” (1956) filmini yada salır. Ancaq rəngli formatda ilk sənədli film “Bakıdan Göygölədək” filmidir ki, bu da 1947-ci ilə təsadüf edir. Bu, Azərbaycanın ilk rəngli filmidir. Lent o qədər işləndi ki, axırda xarab oldu. Məcbur olub onun ağ-qara sürəti çıxartdılar. İndi Azərbaycanın ilk rəngli filmi deyəndə ağ-qara filmi nümayiş edilir. İstərdim “Bakıdan Göygölədək” filmi rənglənsin, çünki bir kinoşünas olaraq bu filmi rəngli kimi təqdim edə bilməməyimiz məni çox narahat edir”,- deyə tanınmış kinoşünas bildirib.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Həndboldan qovulmuş idmançılar baş katibin cəzalandırılmasını istəyir

SONRAKI XƏBƏR

Mərkəzi Bank faiz dərəcəsini növbəti dəfə artırdı - RƏSMİ