Bərdədə XVIII əsrə aid hamam dağılmaq üzrədir - VİDEO

Bərdədə XVIII əsrə aid hamam dağılmaq üzrədir - VİDEO<span class="qirmizi"></span>

Bərdə rayonunda XVIII əsrə məxsus olan tarix-memarlıq abidəsi olan hamam dağılmaq üzrədir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Bərdənin Şirvanlı kəndində yerləşən hamamın daşları qopub, divarlarında çatlar əmələ gəlib.

Abidə XVIII-XIX əsrlərdə Seyid Heydər tərəfindən inşa olunub, 20-ci əsrin 70-ci illərinə kimi fəaliyyət göstərib. Ancaq sonrakı illərdə öz taleyi ilə baş-başa buraxılıb.

Tarixi abidənin illər əvvəl ərazisi zəbt edilib, içərisi çirkab sular ilə dolub. Lakin yeni çəkilən Bərdə-Ağdam yolu bütün diqqətləri yenidən hamamın üzərinə çəkib. Çünki hamamın ətrafına sonradan çəkilmiş qeyri- standart hasarlar sökülüb.

Yerli sakinlər kəndin simvoluna çevrilən qədim hamamın bərpasını və yenidən fəaliyyət göstərməsini istəyirlər.

İki böyük zaldan və kiçik hücrələrdən ibarət Şirvanlı hamamına nəinki kənd əhalisi, eyni zamanda, ətraf yerlərdən də gəliblər. Hamamdan həftənin tək günləri kişilər, cüt günləri isə qadınlar istifadə edib. Binaya ön və arxa hissədən iki girişin qoyulması da bununla əlaqədardır.

Hamamın gələcək taleyinə işıq salmaq üçün Mədəniyyət Nazirliyi yanında Mədəni İrsi Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Fariz Hüseynli bildirib ki, Bərdə rayonunda yerləşən tarixi hamam yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır.

Qeyd edək ki, XVIII-XIX əsrlərə aid Şirvanlı hamamı Hacıqulular nəslinə məxsusdur. Vaxtilə hamamın ətrafında karvansara və dükanlar olub. Sözügedən nəslin davamçılarından biri də xalq artisti, professor, tarzən Ramiz Quliyevdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Milli.Az

Mənbə: news.milli.az