"Yoxluğu mənim üçün çox ağırdı" - Arif Quliyevin oğlu atasından danışdı

"Yoxluğu mənim üçün çox ağırdı" -  Arif Quliyevin oğlu atasından danışdı<span class="qirmizi"></span>

"Atamın ailəsinə, insanlara sevgisi məni valeh edirdi. Onun ən çox sadəliyi mənim xoşuma gəlirdi".

AzVision.az xəbər verir ki, bunu mərhum aktyorumuz Arif Quliyevin oğlu Rövşən Quliyev atasının anım günündən danışarkən deyib. Xalq artistinin övladı atasını böyük sevgi ilə anıb: "Mən fəxr edirəm ki, Xalqın sevimlisi, Böyük Sənətkar Arif Quliyevin övladıyam. Onun yoxluğu mənim üçün bir övlad kimi çox ağırdır. O tək bizim aramızdan, evimizdən ayrılmadı. Həm də eldən ayrılıb haqq dünyasına qovuşdu. Hər kəsin son mənzili qara torpaqdır, amma ata kimi, ailə başçısı kimi ətrafımızdan tez getməyi bizi çox üzdü. Ata, səni hər gün, hər an xoş xatirələrlə xatırlayırıq. Allah sənə rəhmət eləsin.

Onun insanlara qarşı sevgisi, ailəsinə, vətəninə olan məhəbbəti böyük bir xatirə olaraq yaddaşımıza hər zaman həkk olunacaq. O, ailədə hər birimizə qarşı çox tələbkar, məsuliyyətli idi. Ən çox sadəliyi mənim xoşuma gəlirdi. Böyüklə böyük, kiçiklə kiçik kimi rəftarı məni valeh edirdi.

Sonuncu dəfə onunla danışmaq şansı olsaydı, ona deyiləsi sözlərim çox olardı. Amma indi bunu demək istəmirəm, çünki bilirəm ki artıq bu imkan yoxdur. Onunla haqq dünyasında görüşəndə yəqin ki, ürəyimi açıb deyəcəyəm".

Qeyd edək ki, bu gün Xalq artisti Arif Quliyevin doğum günüdür. O, 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olub. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilib. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olub. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib. 1979-cu ildə İncəsənət İnstitutunu bitirib.

Müxtəlif səpgili və müxtəlif xarakterli obrazlar yaradıb. Teatr səhnəsində ifa etdiyi Şərbətəli (S.Dağlı, C.Cahangirov, "Təzə gəlin"), Salyanski (F.Əmirov, M.Əlizadə, "Gözün aydın"), Əli (M.Şamxalov, Z.Bağırov, "Qaynana"), Dursun (S.Rüstəmov, S.Rüstəmov, "Durna"), Mürsəl (S.Ələsgərov, S.Qədirzadə, "Gurultulu məhəbbət"), İbişov (Ş.Qurbanov, S.Ələsgərov, "Özümüz bilərik"), Dursunov (S.Rəhman, E.Sabitoğlu, "Hicran"), Tofiq (Ş.Axundova, N.Gəncəli, "Ev bizim, sirr bizim"), Hambal (Ü.Hacıbəyov, "Məşədi İbad"), Mirzəqulu (Hidayət, "Durnalar qayıdanda"), Səbzəli (M.Haqverdiyev, "Məhəbbət, şeytan və ağ ölüm") kimi obrazlar komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir.

1993-cü ildə Musiqili Komediya Teatrından Milli Dram Teatrına dəvət olunub. Elə həmin il Xalq artisti fəxri adına layiq görülüb. 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə "Qızıl Dərviş", 2012-ci ildə "Zirvə" mükafatına, 2014-cü ildə sənətkar medalına layiq görülüb. Prezident təqaüdçüsü olub.

Xalq artisti 7 may 2021-ci il tarixində koronavirus səbəbindən vəfat edib. Sənətkar Qurd qapısı qəbiristanlığında dəfn edilib.





Şahanə Rəhimli
 

Mənbə: azvision.az