Şanxay Əməkdaşlıq Təşkilatının 20-ci müşavirəsinə gələn il Hindistan ev sahibliyi edəcək

Şanxay Əməkdaşlıq Təşkilatının 20-ci müşavirəsinə gələn il Hindistan ev sahibliyi edəcək<span class="qirmizi"></span>

 

Daşkənd, 20 may, AZƏRTAC

Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələrin- Özbəkistan, Rusiya, Çin, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın mədəniyyət nazirlərinin hibrid formatda 19-cu müşavirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Özbəkistanın sədrliyi ilə keçirilən tədbiri bu ölkənin mədəniyyət naziri Azadbek Nazarbekov açaraq ŞƏT çərçivəsində mədəniyyət sahəsində əməkdaşlığın indiki vəziyyəti və perspektivləri haqqında məlumat verib.

Üzv ölkələrin mədəniyyət nazirləri ötən müddət ərzində bu sahədə imzalanan sənədlərin yerinə yetirilməsi, pandemiyanın mədəniyyət sahəsinə təsiri və bundan çıxış yollarının axtarılması, kino, teatr, kitabxana və muzeylər üzrə birgə fəaliyyət planının hazırlanması, ŞƏT ölkələrində yaşayan xalqların adət-ənənələrinin qorunub saxlanması istiqamətində geniş fikir mübadiləsi aparıblar.

Müşavirədə ŞƏT-ə üzv, müşahidəçi və dialoq üzrə tərəfdaş ölkələr arasında mədəniyyət, incəsənət sahələrində birgə tədbirlərin həyata keçirilməsi, ikitərəfli və çoxtərəfli istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi diqqət mərkəzində olub.

Tədbirdə ŞƏT-in 20-ci müşavirəsinin 2023-cü ildə Hindistanda keçirilməsi qərara alınıb.

Xatırladaq ki, Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş qismində çıxış edir.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Mənbə: azertag.az