Qənirə Paşayeva Xalq artisti ilə görüşüb

Qənirə Paşayeva Xalq artisti ilə görüşüb<span class="qirmizi"></span>

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın teatr və kino aktrisası, respublikanın Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü Ella Yaqubova ilə görüşüb.

Komitə sədri Ella Yaqubovanın Mingəçevir Dövlət Dram Teatrının aparıcı aktrisası olaraq şöhrət qazandığını, öz sənət taleyini Mingəçevir teatrı ilə sıx bağlayaraq, işıqlar şəhərində teatrın təşəkkülündə, incəsənətin inkişafında xidmətləri ilə seçildiyini vurğulayıb: “Siz bir xanım olaraq, tanınmış aktyor olaraq, paytaxtda yaxud doğulub, boya-başa çatdığınız Gəncədə deyil, Mingəçevirdə uzun illər çalışmaqla, məhz sizə, sizin kimi ömrünü sənətə bağlamış insanlara ehtiyac olan yerdə olmağı üstün tutmusuz. Əlbəttə, Bakıda, Gəncədə daha populyar ola bilərdiniz, daha tez məşhurlaşa bilərdiniz, lakin siz teatra eviniz kimi, ocaq kimi baxmısız və necə deyərlər, özünüzü Mingəçevir teatrından kənarda görməmisiniz. Bu dəyanətinizə görə Sizə təşəkkürlər!

 

Bir neçə ay öncə sizin 75 yaşınız tamam olub. Siz Mingəçevir Dövlət Dram Teatrı qurulan il – 1968-ci ildə təyinatla h’min teatra göndərilmisiz və orada 300-dən artıq obraz ifa etmisiz.

 

Almaz (“Almaz”), Sara (“Solğun çiçəklər”), Gültəkin (“Aydın”), Tanya (“Yaşar”, Cəfər Cabbarlı), Sona (“Hacı Qara”, Mirzə Fətəli Axundov), Həcər xanım (“Eşq və intiqam”, Süleyman Sani Axundov), Fəxrundə (“Bayramın birinci günü”), Sara bəyim (“Vətən dərdi”, Nazim Hikmət), Ana (“Ana”, Hüseyn Cavid) və b. əsərlərdə baş rolların və birinci dərəcəli obrazların ifaçısı olmusuz.

 

Siz 40 ildən artıq Mingəçevir Dövlət Dram Teatrında və hazırda Teatrın nəzdindəki “ÜMİD – Gənc Aktyorlar Studiyası”nda müəllim kimi fəaliyyət göstərərək sənətə, gənc nəslə xidmətinizlə seçilmisiz.

 

1988-ci ildə Sizə “Əmək veteranı” medalı, 2009-cu ildə “Əməkdar artist” fəxri adı, 2013-cü ildə “Tərəqqi” medalı, 2018-ci ildə “Xalq artisti” fəxri adına layiq görülmüsüz. 2018, 2019, 2020 və 2021-ci ildə Prezident Mükafatına layiq görülmüsüz. Sizi bütün uğurlarınız münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, sənətdə, gənc nəslə sənətin sirlərinin öyrədilməsi sahəsində yeni uğurları diləyirik”.

 

Xalq artisti səmimi görüş, fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.

 

Mənbə: moderator.az