İlk dəfə Şuşada olan əməkdar artist - "Ürəyim dözmədi..."

İlk dəfə Şuşada olan əməkdar artist - "Ürəyim dözmədi..."<span class="qirmizi"></span>

 

Şuşaya səfər edən Əməkdar artist Sənubər İsgəndərli mədəniyyət beşiyi ilə bağlı təəssüratını Teleqraf.com-a bölüşüb.

-Sənubər xanım, Şuşaya ilk səfəriniz idi?

-Bəli, həyatımda ilk dəfəydi ki, Şuşaya gedirdim. Çox təmkinlə oturub gözləyirdim ki, nə zaman növbə mənə çatacaq. Allaha min şükür ki, bu baş verdi. Çox xoşbəxtəm ki, Allah mənə qələbəmizi görməyi, Şuşaya ayaq basmağı qismət elədi. Hələ bir arzum da qalıb - Xankəndinə ayağımı qoymaq istəyirəm.

- Şuşaya sizi hansı qurum aparmışdı və oralarda haralara baş çəkdiniz?

- Şuşaya Mədəniyyət Nazirliyinin xətti ilə getmişdik. Səhər çıxıb, axşam qayıtdıq. Bir günlük səfər idi. Orada Şuşa Dövlət Teatrının 30 ildən sonra ilk tamaşası nümayiş olunacaqdı. Biz də bu sevincli anı onlarla birgə paylaşdıq.

Bu həm teatrın təntənəsi, həm də teatrın qələbəsi idi. Şuşada Tut bağında oturub Mirzə Fətəli Axundovun o gözəl əsərinə baxmaq, aktyorların çox şövqlə oynadığını görmək, inanın çox gözəl idi. Onlara baxarkən düşünürdüm ki, görəsən mən necə oynayardım. Və birdən ağlıma gəldi ki, bəlkə də mən oynaya bilməzdim. Çox kövrək olardım.

Şuşanı bacardığımız qədər gəzdik. Yuxu kimi idi...Gecə yola çıxmışdıq, yemək də yeməmişdim. Nə aclığımı, nə yuxusuzluğumu bildim. Qayıdanda düşünürdüm ki, yorğunluqdan avtobusda mürgüləyərəm. Eləyə bilmədim. Evə gəldim, burda da yata bilmədim. Dedim Allahım bu hikmətdir? İki gün insan necə yuxusuz qala bilər? Təəssüratlar o qədər rəngarəngdir ki...

Bilirsiniz də mən Bakıda Sovetski məhəlləsində doğulmuşam, yəni bakılı qızıyam. Azdan-çoxdan dünyanın bir neçə ölkəsində də olmuşam. Bəzən olub ki, hansısa ölkədən ya şəhərdən xoşum gəlib, təəssüratı barədə danışmışam. Amma burda başqaydı. Həyəcandan bunu necə ifadə edim, bilmirəm. Bunun adını da qoya bilmirəm.

- Hərdən insan düşünür ki, görəsən, biz bu 30 ili Şuşasız necə yaşaya bilmişik...

-Tamamilə haqlısınız. Elə bil ki, neçə ildir ki, balanı görmürsən və birdən-birə övladına qovuşursan. Bilmirsən qucaqlayasan, ağlayasan ya güləsən. O balana daha kövrək yanaşırsan, o balan sənə daha əziz olur. Düzdür, Azərbaycan hamımızın vətənidir. Onun hər kəndi, hər kəsəyi bizimdir. Amma Şuşa sanki bizim kövrək balamız idi. Bir az yaralı yerimiz idi...

-Yəqin Rasim Balayevin Şuşaya gedəndə torpağı öpüb - qucaqladığı videonu görmüsünüz...

-Əlbəttə, görmüşəm. Bizim Firəngiz Mütəllimova şuşalı qızıdır, bilirsiniz. Onun videolarına baxa bilmədim. Şuşa azad olunanda birinci Firəngizə zəng elədim. Nə Firəngiz, nə mən danışa bilirdim... Dedim Firəngiz sənin keçirdiyin hisləri təbii ki, mən yaşaya bilmərəm. Sənin yerində olmağı təsəvvür edə bilmirəm.

İndi sizinlə də sözləri axtara-axtara danışıram...Hələ də o eyforiyadayam.

-İndi Şuşa ilə bağlı ürəyinizdən nə keçir?

-Şuşa nə yaxşı ki, sən bizimsən. Nə yaxşı ki, sən bizdə var idin və biz səni qaytardıq. Bir azərbaycanlı kimi çox xoşbəxtəm.

-Şuşadan nə gətirdiniz?

-İnanırsınız, mən o peşmançılığı yolda qayıdanda hiss etdim. Orada çox gözəl güllər var idi, onları topladım, amma fikirləşəndə ki, bizimlə uzun yol gedəcək, susuz qalacaq, ürəyim dözmədi, elə orada qoyub gəldim. Amma gərək götürərdim, qurudub saxlayardım. O anda o həyəcanla hər şeyi yerli- yerində fikirləşmək olmur.

-Nə yaxşı ki, şəkil çəkdirə bilmisiniz...

-Nə yaxşı ki, kimsə onları çəkib. Xüsusi şəkil çəkdirim deyə şəkil çəkdirməmişəm. Kimsə çəkəndə onlara qoşulurdum. Adam necə uşaqlaşır orada...

Mənbə: teleqraf.com