"Lalə Hüseynova kabinetimdə kobud formada məni hədələmişdi" - Firəngiz Əlizadə

"Lalə Hüseynova kabinetimdə kobud formada məni hədələmişdi" - Firəngiz Əlizadə<span class="qirmizi"></span>

Bu günlərdə mətbuat səhfilərində Azərbaycan Bəstəkarlar İttifaqında baş verən maraqlı hadisələr barədə yazılar dərc edilib. Orda deyilir ki, sözügedən ittifaqın sədri Firəngiz Əlizadə 75 illiyi münasibətilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsindən narazı qalıb. Məqalədə həmçinin onun vaxtilə Azərbaycan Bəstəkarlar İttifaqının katibi Lalə Hüseynovanın Azərbaycan Milli Konservatoriyasına prorektor təyinatına əsəbləşib işdən çıxarması, bu gün Bəstəkarlar İttifaqının faktiki olaraq Firəngiz Əlizadə deyil, onun həyat yolsdaşı tərəfindən idarə olunduğu qeyd edilib. İddiaya görə, Bəstəkarlar İttifaqında bütün otaqlara kamera quraşdıran C.Zeynalovun onların izləməsi işçilərin narazılığına səbəb olub. Bundan şikayətlənənləri isə sədr işdən çıxarıb. C.Zeynalovun zülmündən bezənlər işdən bir-bir çıxmaq məcburiyyətində qalsalar da buna qarşı çıxanlar da olub. Misal üçün, F.Əlizadənin köməkşisi analıq məzuniyyətinə çıxdığına görə, işdən çıxarılandan sonra məhkəməyə müraciət edərək işinə bərpa olunub.

Redaktor.az-ın müxbiri bütün bunlara açıqlama verməsi üçün Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, “Şöhrət” ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Firəngiz Əlizadə ilə əlaqə saxlayıb.

Sözün düzü, əlaqə saxlamağa peşman olub...

Ona görə də, həmin söhbəti olduğu kimi təqdim edirik:

- Firəngiz xanım, bu günlərdə bəzi mətbuat səhifələrində Azərbaycan Bəstəkarlar İttifaqı barədə tənqidi yazılar oxuduq. Məqalələrdən buirində iddia olunur ki, Azərbaycan bəstəkarlar İttifaqını faktiki olaraq həyat yoldaşınız Cahangir Zeynalov idarə edir. Bu barədə nə deyə bilərsiz?

- Bu çox uydurma bir şeydir. Bu təşkilatda həmişəki kimi mən idarə edirəm. Pandemiya dövründə burada bəzi xoşagəlməz hadisələr baş verib. 30 il burda çalışan insanlar pandemiya dövründə “əliəyriliyə” yol veriblər. İttifaqı belə insanlardan təmizləmək lazım oldu və mənim illərdən bəri etibar etdiyim adam bundan sui istifadə etdi.. Həm də mənim yoldaşım nə edir ki? Cahangir ( həyat yoldaşı - red.) həmin nöqsanları üzə çıxarmaq üçün bura vəkil dəvət etdi. Bildirim ki, Cahangir burda çalışır. Başqa bir şey yoxdur. Bunu kim yazırsa xain insandır. Ona görə ki, mənim yoldaşım dünya şöhrətli kinorejissor və Birinci Qarabağ müharibəsi qazisidir. Bunu nəzərə alarsınız. Kim ki, kənardan bu məsələləri yazır onlara ar olsun. Həmin şəxslər Azərbaycan musiqisinə və təməli Üzeyir Hacıbəyov tərəfindən qoyulmuş Bəstəkarlar İttifaqına xainlik edirlər...

Bu arada hörmətli Firəngiz xanım əməkdaşımızın bu barədə sual verməsinə çox əsəbləşdi və ona hansı mövzularda işləməyə göstəriş verməyə çalışdı:

- Heç yaxşı işlər görmürsünüz, siz götürün gözəl tədbirlər, festivallar keçirməyimizdən yazın...

- Yerri gəlmişkən, hər il 7 gün keçirilən Beynəlxalq “İpək yolu” festivalı bu il 3 gün keçiriləcək. Bunun səbəbi nədir?

- “ İpək yolu” festivalı hər il keçirilir, bu il də 7, 8, 9 iyul tarixlərində keçirilməsi nəzərdə tutulub. Pandemiyadan sonra festivalın keçirilməsi üçün qərar çox gec verildi. Xaricdən qonaqlar dəvət etmək, lazımi sənədləşmə məsələləri çox çətin işdir. Biz bu işə hər il dekabrdan başlayırıq. Amma bu ilz may ayının ortasında məlumat aldıq ki, festival olacaq. Buna görə də festivalın müddəti qısaldıldı.

- Firəngiz xanım, Cahangir Zeynalovun bütün dəhlizlərə və kabinetlərə kamera yerləşdirməsi iddia olunur. Bu məlumat doğrudurmu və sizin xəbəriniz varmı?

- Bəli, Bəstəkarlar İttifaqında hər yerdə kameralar var. Bizə Mədəniyyət Nazirliyindən göstəriş gəlibdi ki, bütün müəssisələrdə nəzarət kameraları yerləşdirilsin. Bu bizim qərarımız deyil.

- 2019-cu ildə Prezidentin müvafiq sərəncamı ilə digər yaradıcı təşkilatlar kimi sizin rəhbərlik etdiyiniz ittifaqa da 650 000 manatlıq dotasiya- yəni maliyyə yardımı verildi. Başqa təşkilatlar həmin ayrılan pulların hesabatını verdilər. Amma Bəstəkarlar İttifaqı heç bir hesabat təqdim etmədi. Deyilənə görə, həmin pulun yarısından çoxu büdcəyə qaytarılıb. Və bunun qanunsuz olduğu iddia olunur. Bu barədə nə deyə bilərsiz? Bu xəbərlər nə dərəcədə doğrudur?

- İlin axırında verdiyimiz hesabata görə, büdcədən ayrılan puldan artıq qalıbsa geri qaytarılır. Biz də həmin 650 min manatdan qalan pulu geri qaytardıq, bəli. Yeni ildə də bizə bir miqdar pul ayırdılar. Biz hər ilin sonunda mütləq hesabat veririk.

- Firəngiz xanım, Azərbaycan Bəstəkarlar İttifaqında sizdən xəbərsiz işçilərin işə götürüldüyü və bunlara neçə ildən bəri maaşın verildiyi deyilir. Bu xəbərlər doğrudurmu?

- Belə bir şey oldu. Bayaq da dedim, Pandemiya vaxtı müntəzəm olaraq işə gələ bilməməyimdən istifadə etmişdilər. Biz də vaxtında onu yaxaladıq. İndi hər şey nəzarət altındadlır..

- Deyilənə görə, yoldaşınız Cahangir Zeynalov İttifaqın idarə heyətinin üzvü Lalə Hüseynovanı tədbirlərdən dəfələrlə qovub? Bu xəbərə də münasibət bildirməyinizi xahiş edirəm. Onun buna səlahiyyəti varmı? Bildiyimizə görə, Laləzxanım uzun illər Bəstəkarlar İttifaqının icraçı katibi olub.

- Ona görə ki, Lalə Hüseynova kabinetimdə kobud formada məni hədələmişdi. İşə gəlmirdi, Beynəlxalq İpək Yolu Musiqi Festivalına hazırlaşırdıq, ortada yox idi. Sən demə o, yüksək vəzifəyə gedirmiş, bizim də xəbərimiz yoxdur. Yənui artıq burda işləmək istəmirdi. Kabinetimə gəldi, başladı kobud danışmağa. Mən də dedim ki, çox bilirsən gəl otur yerimdə, niyə belə çox qışqırırsan? O da dedi ki, vaxt gələr oturarıq. Bu mənim çox xətrimə dəydi. Necə yəni, mən dünya şöhrətli bəstəkaram və mənim katibəm mənimlə belə danışmalıdır? Bu səlahiyyət deyildi, konsertə gəlib birinci sırada ayağını - ayağının üstünə qoyub oturanda bizə pis təsir etdi. Yəni göstərmək istəyir ki, artıq gəlib bizim yerimizi tutub. Yaxud demək istəyirdi ki, biz buranın da “xozeyniyik”. Ona görə dedi ki, Cahangir ona dedi ki, özünü yığışdır, ged otur yerində. Dava zad olmadı. Bəli, sənin bacın (Prezidentin köməkçisi Fərəh Əliyevanı nəzərdə tutur- red.) çox gözəl kariyera qurub, bizim onunla işimiz yoxdur. Amma katibə olduğun Bəstəkarlar İttifaqında özünü belə apara bilməzsən. Aparıb katibəni Milli Konservatoriyada prorektor təyin ediblər, olsun. Bizim heç kimin vbəzifəsində gözümüz yoxdur, şükür Allaha öz vəzifəmiz bəs edir. Bizim vəzifəmiz musiqi yazmaqdır, kresloda oturmaq deyil. Açın "Baku" jurnalını, görün haqqımda nə yazıblar? Yazıblar ki, "Firəngiz Əlizadə Azərbaycan Bəstəkarlar İttifaqınının sədri olmazdan əvvəl dünyada məşhur idi. O kreslo ona lazım deyildi, Azərbaycana lazım idi ki, həmin kresloda o, otursun". Mənim əsərlərim bütün dünyada ifa olunur, Nizamiyə həsr olunmuş əsərim Londondan Nyu-York-a qədər ifa olunur bununla gündəmə gəlmirəm, amma digər mövzularla bağlı gündəm oluram?..

Bu sözlərdən sonra F.Əlizadə dəstəyi asdı. Daha sonra görünür ürəyi soyumadığı üçün yenidən zəng vurub aşağıdakıları söylədi:

“Qəbələ” festivalı bu il keçirilməyəcək, bununla bağlı zəng edib səbəbini Fərhad Bədəlbəyli ilə əlaqə saxlayıb öyrənin. Mənə verdiyiniz sualları ona da verə bilərsinizmi? Siz bu sualı ona verə bilərsiniz, ya yox, yoxsa ondan qorxursunuz? Qorxmayın, qorxmayın. Firəngiz Əlizadədən qorxmursunuz, ona görə ki, o rüşvət götürmür. Onun arxasında bəzi insanlar yoxdur..."

Sonda çox hörmətli dünya şöhrətli bəstəkarımız Firəngiz xanımın nəzərinə çatdırırıq ki, mətbuatda Bəstəkarlar İttifaqı barəsində səsləndirilən iddialarlar bağlı araşdırma aparmaq kütləvi informasiya vasitəsi olaraq bizim haqqımızdır. Buna Azərbaycan Respublikasının müvafiq qanunverciliyinə uyğun olaraq hüququmuz da çayır. Ona görə də, sizə hörmətimiz sonsuz olsa da, bizə “Bu mövzunu işləməsəniz daha da yaxşı olar” deyə bilməzsiniz.

Nərmin Vüqarqızı

 

Mənbə: redaktor.az