“Babam ermənilərin zülmlərinə dözməyib intihar etdi, məzarı iki dəfə itirildi...”

“Babam ermənilərin zülmlərinə dözməyib intihar etdi, məzarı iki dəfə itirildi...”<span class="qirmizi"></span>

“Babam ermənilərin zülmlərinə dözməyib intihar etdi, məzarı iki dəfə itirildi...”

“Babam Azərbaycanın ilk ali təhsilli memarı olub. Onun layihələri əsasında Göy məscid, Təzəpir, Göyçayda məscid, Şamaxıda İmam məscidi, Bakıda bir çox tanınmış binalar və qədimi tikililər inşa edilib. Yeganə Firəngiz adlı bir qızı olub. Mən də Firəngiz xanımın övladıyam. Ailədə 3 qardaş olmuşuq. 1925-ci ilin 16 fevral tarixində babam Çəmbərkənddə yerləşən evində özünü güllələdi. O vaxt babamın 52 yaşı var idi. 52 yaş o vaxt üçün nədir ki? Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra ermənilər tərəfindən təqibə məruz qalır və belə bir şəraitdə işləməyin çətinlikləri haqda ölkə rəhbərliyinə məlumat verərək, özünə qəsd edir”

 

Bunu Moderator.az-a açıqlamasında Zivər bəy Əhmədbəyovun nəvəsi Oqtay Əfəndiyev deyib. O, daha sonra əlavə edib.

“Babam Çəmbərəkənddə yaşayırdı, elə ölümündən sonra da onu evinin yanında Dağüstü parkda dəfn etdilər. 1931-ci ildə hökümət qərar qəbul etdi və Çəmbərəkənd qəbirstanlığı dağıldı. Oradakı məzarların üstündə park salındı və S.M. Kirovun böyük bir heykəli ucaldıldı. Anam babamın məzarını başqa yerə köçürsə də, o yerdə də Fəxri Xiyabanın tikintisi üçün köhnə qəbirstanlıq alt-üst edilir. Anam bu hadisədən çox pis depressiya keçirir, çünki artıq babamın məzarı itib, torpağa qarışmışdı. Mən Çəmbərəkənddə dünyaya göz açmışam, uşağlığım da orada keçib. Babam evi anama bağışlamışdı. Evlər o qədər böyük idi ki, velosipedlə gəzirdim. Evdə tarixi əşyalar, vallar, royal və s. memarlıq nümunələri var idi. 1967-ci ildə çox təəssüf ki, həmin evi sökdülər. Özü də çox haqsız yerə. Halbuki o vaxtın sənədlərində yazılmışdı ki, bu ev muzey olacaq və qorunacaq. Sən saydığını say, gör fələk nə sayır” deyə o bildirib.

 

Zivər bəy Əhmədbəyovun nəvəsi deyir ki, babasının “Nizami” metrosunun önündə yerləşən heykəlinin üstünə əlavələr etmək istəyir.

“Bu heykəli o vaxt cənab prezidentin sərəncamı əsasında qoyublar. Heykəllə üzbəüz babamın inşa etdiyi binalar yerləşir. Heykəlin alt hissəsində boş yerlər var. Orada mən məlumat yazdırmaq istəyirəm. Babam kimdir? Nə işlə məşğul olub? Həm inglis dilində, həm də doğma dilimizdə. Bununla bağlı aidiyyatı qurumlara da müraciət ünvanlamışam, inşallah ki, müsbət cavabın veriləcəyinə əminəm” deyə o bildirib.

Mənbə: moderator.az